XXI əsr türk dünyasının tarixində yeni mərhələ kimi yadda qalır. Bu gün türk xalqlarını yalnız ortaq dil, soy və zəngin mədəni irs birləşdirmir, eyni zamanda böyük coğrafiyanı vahid məqsəd ətrafında bir araya gətirir.
Məhz bu yeni mərhələdə Azərbaycan türk dünyasının aparıcı birləşdirici qüvvələrindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində ölkəmiz türk dövlətləri arasında etibarlı tərəfdaşa, Bakı isə ortaq qərarların qəbul edildiyi, mühüm təşəbbüslərin irəli sürüldüyü və gələcəyə istiqamət verən nüfuzlu siyasi, elmi və mədəni mərkəzə çevrilib.
Prezident İlham Əliyevin "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır" fikri təsadüfi deyil. Bu fikir müasir Azərbaycanın türk dünyasına münasibətinin siyasi manifesti olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun məntiqi davamıdır. Türk xalqlarının tarixi yaxınlığını, ortaq mənəvi köklərini və gələcək əməkdaşlığını daim yüksək qiymətləndirən Ulu Öndər türk dünyasının birliyini Azərbaycanın milli maraqlarının mühüm istiqamətlərindən biri hesab edirdi. Ümummilli Lider Heydər Əliyevin "Türk dünyasının birliyi bizim üçün həmişə çox böyük əhəmiyyət kəsb edib və gələcəkdə də belə olacaq" fikri bu gün siyasi reallığa çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) əməkdaşlığın dərinləşdirilməsində, ortaq layihələrin həyata keçirilməsində, humanitar və mədəni əlaqələrin genişləndirilməsində, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsində aparıcı rol oynayır. Elə buna görə də Bakı yalnız Azərbaycanın paytaxtı deyil, bütövlükdə türk dünyasının mühüm siyasi, elmi və mədəni mərkəzidir.
Təsadüfi deyil ki, məhz ölkəmizdə keçirilən "Türk Dünyası Həftəsi" növbəti beynəlxalq tədbirdən daha böyük məna daşıyır. Bu mötəbər toplantı tarixlə müasirlik arasında qurulan mənəvi və siyasi körpünün parlaq təcəssümüdür. O, bir daha göstərir ki, bir əsr əvvəl böyük türk ziyalılarının arzuladığı birlik ideyası bu gün real siyasi, iqtisadi, elmi və humanitar əməkdaşlıq müstəvisində öz təcəssümünü tapır.
Tarix göstərir ki, böyük ideyalar heç vaxt bir gündə yaranmır. Onlar əsrlərin sınağından keçir, müxtəlif nəsillərin mübarizəsi ilə zənginləşir və zaman yetişəndə gerçəkliyə çevrilir. Türk dünyasının birliyi də məhz belə ideyalardandır. Orxon-Yenisey abidələrində əks olunan dövlətçilik düşüncəsi, Bilgə Xaqanın "Ey türk milləti, özünə dön!" çağırışı, Yusif Balasaqunlunun dövlət idarəçiliyi haqqında müdrik fikirləri, Mahmud Kaşğarinin türk dillərinin zənginliyini dünyaya tanıdan irsi, Nizami Gəncəvinin humanizm fəlsəfəsi, Məhəmməd Füzulinin mənəvi kamillik çağırışları, İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" ideyası və Mustafa Kamal Atatürkün türk dünyasının gələcəyi ilə bağlı uzaqgörən baxışları eyni mənəvi yolun bir-birini tamamlayan halqalarıdır. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan milli ziyalıları da bu ideyanın inkişafına öz mühüm töhfələrni verdilər. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və digər görkəmli fikir adamları türk xalqlarının ortaq milli-mədəni dəyərlərinin qorunmasını gələcəyin əsas şərtlərindən biri hesab edirdilər. Onların irəli sürdükləri ideyalar sonralar bütöv bir coğrafiyanın siyasi, mədəni və mənəvi inkişaf istiqamətlərinə təsir göstərdi.
Bu mənada 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay xüsusi tarixi əhəmiyyət daşıyır. Həmin qurultay yalnız elm adamlarının toplantısı deyildi, bu həm də türk xalqlarının ortaq elmi düşüncəsinin, ortaq əlifba ideyasının, dil və mədəniyyət sahəsində əməkdaşlığın əsasının qoyulduğu möhtəşəm tarixi hadisə idi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə alim burada türk dünyasının gələcəyini müzakirə edir, elmi əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirirdi. Aradan keçən 100 ilə yaxın müddət göstərdi ki, həmin qurultayda səslənən ideyalar nəinki öz aktuallığını itirməyib, əksinə, bu gün daha geniş miqyasda həyata keçirilir.
Aradan keçən bir əsr tarix üçün böyük zaman kəsiyidir. Lakin ideyaların ömrü zamanla ölçülmür. Əgər 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinin intellektual manifesti idisə, 2026-cı ildə təşkil olunan "Türk Dünyası Həftəsi" həmin ideyanın yeni tarixi mərhələdə siyasi, iqtisadi, humanitar və strateji müstəvidə təntənəsidir. Bir əsr əvvəl alimlərin, dilçilərin və ziyalıların ortaq gələcəklə bağlı müzakirə etdikləri məsələlər bu gün müstəqil türk dövlətlərinin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məhz buna görə də "Türk Dünyası Həftəsi"nin Bakıda keçirilməsi dərin rəmzi məna daşıyır. Paytaxtımız 100 il əvvəl türk dünyasının elm və fikir adamlarını bir araya gətirdiyi kimi, bu gün də dövlət başçılarını, siyasətçiləri, alimləri, yazıçıları, mədəniyyət xadimlərini və gəncləri ortaq məqsədlər naminə birləşdirir. Tarix, nəsillər, dünya dəyişib, lakin Bakının türk dünyasını bir araya gətirən missiyası dəyişməyib. Əksinə, o, yeni məzmun qazanaraq daha da möhkəmlənib.
Son illər Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin yeni məzmun qazanması, iqtisadi əlaqələrin genişlənməsi, Orta dəhliz boyunca nəqliyyat və logistika layihələrinin sürətlənməsi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq təhsil və elm proqramlarının həyata keçirilməsi göstərir ki, türk dünyasının birliyi artıq yalnız mənəvi dəyərlərə söykənən ideya deyil, praktik nəticələr verən strateji əməkdaşlıq modelidir.
Qarabağ Zəfərindən sonra regionda yaranmış yeni geosiyasi reallıq da bu əməkdaşlıq üçün geniş imkanlar açdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütövlükdə türk dünyasının siyasi nüfuzunu artırdı. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgənin beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinə inteqrasiyası, irəli sürülən yeni təşəbbüslər isə türk dövlətləri arasında əlaqələri daha da möhkəmləndirdi.
Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət türk dünyasının gələcəyinə hesablanıb. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərində səsləndirdiyi fikirlər ortaq məsuliyyət, qarşılıqlı etimad və həmrəylik prinsiplərinə əsaslanan inkişaf modelinin aydın ifadəsidir. Bu siyasət türk dünyasının beynəlxalq münasibətlər sistemində nüfuzunun daha da artmasına xidmət edir.
"Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən elmi konfranslar, forumlar, səfərlər, mədəni tədbirlər də sübut edir ki, ortaq tarix həm də gələcəyin inkişaf proqramıdır. Elm, təhsil, rəqəmsal texnologiyalar, innovasiya, mədəniyyət və humanitar əməkdaşlıq sahələrində irəli sürülən təşəbbüslər gələcək nəsillərin daha sıx inteqrasiyasına möhkəm zəmin yaradır.
Tarix bəzən xalqlara ikinci fürsət vermir. Türk dünyası isə bu fürsəti dəyərləndirməyi bacardı. Bir əsr əvvəl Bakıda elm və maarif naminə səslənən birlik çağırışları bu gün müstəqil türk dövlətlərinin ortaq siyasi iradəsində öz təcəssümünü tapır. Dünən böyük mütəfəkkirlərin xəyal etdiyi mənəvi birlik bu gün real əməkdaşlıq platformasına çevrilib.
Elşən QƏNİYEV,
"Azərbaycan"