Ölkəmizdə su təchizatı ilə bağlı irili-xırdalı çox sayda layihələr həyata keçirilir. Əgər dövlət vaxtında bu istiqamətdə lazımi addımlar atmasaydı, bu gün Azərbaycanda su təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanardı.
Buna baxmayaraq, məsələ yenə gündəmdədir. Məqsəd əhalini, kənd təsərrüfatını, sənayeni dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, mövsüm gələndə suları yığmaqdır ki, sonra ilboyunca onlardan səmərəli istifadə olunsun. Bunların hamısı şimal bölgəsinə də birbaşa aiddir. Qusar rayonunda həmin istiqamətdə ciddi işlər görülür və onlardan biri rayonun ərazisində yerləşən Bənövşə gölü su anbarının yenidən qurulması və bərpası layihəsidir.
Hazırda Bənövşə gölü su anbarının yenidən qurulması və bərpası ilə əlaqədar görülən işlər bir qədər də sürətlənib. Rayon əhalisinin su təchizatının yaxşılaşmasına xidmət edən bu yenidənqurma işlərinə ötən ilin sonlarında başlanıb. Qeyd edək ki, Qusar şəhərində "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi" 2016-cı ildə başa çatdı. Amma istifadəsiz qalaraq qurumuş Bənövşə gölü su anbarının bərpası qalırdı. Bu məqsədlə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, dövlət büdcəsindən ilkin olaraq 1 milyon manat vəsait ayrıldı. Layihə üzrə podratçı təşkilatın müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq tender proseduru həyata keçirildi. Müvafiq tender prosesindən sonra seçilmiş podratçı təşkilat tərəfindən su anbarının bərpası işlərinə başlanıldı.
Bu günlər rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov görüləcək işlərlə tanış olmaq üçün podratçı təşkilatın nümayəndələri ilə görüşüb. Görüşdə vurğulanıb ki, Bənövşə gölü su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində ümumilikdə 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur.
Layihənin birinci mərhələsi çərçivəsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi nəzərdə tutulur. Artıq müəyyən təmizləmə işləri görülüb. Növbəti mərhələlərdə içməli su təminatında ciddi problemlər yaşayan Köhnə Xudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin bu anbara qoşulması planlaşdırılıb. Yağış və qar sularının buraya toplanması nəticəsində rayon ərazisində su qıtlığına son qoyulacaq.
Xatırladaq ki, bu il yanvarın 12-də Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunan müşavirə keçirmişdir. Həmin müşavirədə dövlətimizin başçısı deyib: "İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir". Görülən işlər əyani şəkildə göstərir ki, Qusar da bu prosesdən kənarda qalmayıb.
Akif ƏLİYEV,
"Azərbaycan"