Aprel döyüşlərinin başladığı gündən 10 il keçir. 10 il əvvəl səhər gözlərini açar-açmaz erməni qəsbkarları qəflətən ön mövqelərimiz üzərinə hücuma keçdilər. Bir an içində silahlar dilə gəldi, atəş səsləri ətrafdakı sakitliyi qılınc kimi doğrayıb parçaladı.
Xam xəyallarla yaşayan düşmən qısa müddət ərzində çirkin məqsədinə nail olacağını, istəyinə çatacağını düşünürdü. Amma Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri onların istəklərini gözlərində qoydu. Həmişə mövqeyində ayıq-sayıq dayanan hərbçilərimiz qısa müddət ərzində düşmən hücumlarını dəf etdilər. Ordumuzun cəsur hərbçilərindən ağır zərbələr alan işğalçılar ciddi itkilər verərək geri çəkilməyə məcbur oldular.
Özünü "güclü", "məğlubedilməz" zənn edən düşmən ağır itkiyə məruz qaldı. Erməni işğalçıları ilə bərabər, bütün dünya aprelin ilk günlərində Azərbaycan Ordusunun gücünü, qüdrətini və qəhrəmanlığını gördü. Yalnız görmədi, həm də heyran qaldı. Buna görə də inamla deyə bilərik ki, uğurla başa çatan 2016-cı ilin Aprel döyüşləri qəhrəmanlıq tariximizə böyük hərflərlə yazıldı. Azərbaycan Ordusunun zabit və əsgərləri Aprel döyüşlərində xalqımıza qələbə sevincini yaşatdılar. Böyük Zəfərə gedən yolun təməli qoyuldu. 4 gün davam edən döyüşlər cəmiyyətdə ordumuza böyük unam yaratdı. Bu gün də qürurunu yaşadığımız həmin günlər güclənən Silahlı Qüvvələrimizin tarixinə qızıl hərflərlə həkk olundu. Bütün siyasi şərhçilər və hərbi mütəxəssislər bu uğurlu əməliyyatı yüksək qiymətləndirdilər. Döyüşlər zamanı istifadə edilən taktikaya böyük önəm verdilər. Dörd gün davam edən döyüşlər ordumuzun gücünün, qüdrətinin hansı səviyyədə olduğunu göstərən nümunə oldu. Silahlı Qüvvələrimizin cəsur zabit və əsgərləri döyüşlər zamanı böyük hünər və rəşadət nümayiş etdirərək erməni işğalçılarını mövqelərindən qovdular. Ermənilərin "məğlubedilməz"liyi ayaqlar altına atıldı. Hamı kimin güclü, kimin zəif olduğunu aydın gördü. Bu döyüşlər nəticəsində böyük starateji əhəmiyyətə malik olan Lələtəpə, həmçinin Talış kəndi istiqamətindəki yüksəkliklər azad edildi. Əlverişli mövqelərin qazanılması ordumuza geniş əraziyə nəzarət etmək imkanı qazandırdı.
Xalqımıza böyük sevinc bəxş etmiş Aprel döyüşləri sanki 10 il əvvəl yox, bu yaxınlarda baş verib. Qürur duyuruq ki, bu döyüşlərin iştirakçısı və bir çox ürəkaçan, qələbə qoxulu hadisələrin şahidi olmuşuq. Aprel döyüşləri zamanı erməni işğalçılarına qarşı cəsarətlə vuruşan zabit və əsgərlərlə, əməliyyatlar zamanı yaralanan şəxsi heyətə tibbi xidmət göstərən həkimlərlə, tibb bacıları ilə olan görüş və söhbətlərimiz heç vaxt unudulmayacaq. Həmişə qürur hissi ilə xatırlanacaq.
Döyüşlərin ağırlığını öz üzərinə götürmüş hərbi hissəyə səhər-səhər çatdıq. Geniş həyətdə böyük canlanma hiss olunurdu. Avtomobillər, zirehli texnikalar dağlara, dərələrə səs sala-sala ön xəttə şütüyürdü. Ətrafı bürüyən atəş səsləri səngimək bilmirdi. 23 ildən bəri beynəlxalq səviyyədə aparılan sülh danışıqları səmərə vermədiyinə görə müharibə başlamışdı. Əllər silaha uzanmış, tətiklər sıxılmışdı. İllərcə susan silahlar dilə gəlmişdi. Tərəfdarlarına arxalanan düşmən yeni ərazilərimizi işğal etməyə can atırdı. Buna görə də aramsız olaraq mövqelərimizə hücum çəkir, üstünlüyü ələ almağa çalışırdı. Ordumuzun cəsur zabit və əsgərləri isə onların qarşısını qətiyyətlə alırdılar.
Bölüklərə çatanda ön xətdən gələn bir neçə hərbi maşının bizə yaxınlaşdığını gördük. Avtomobillər dövrə vurub binanın arxa tərəfində dayandı. Buradakı zabitlərdən öyrəndik ki, gələnlər döyüşdən qayıdan zabit və əsgərlərdir. Vaxt itirmədən onlarla görüşüb söhbət etdik. Üz-gözündən qəhrəmanlıq yağan zabit Pərviz Pirməmmədov dedi ki, ermənilər atəşkəs rejimini pozaraq qəflətən mövqelərimiz üzərinə hücuma keçdilər: "Dərhal döyüşə, qəsbkarların qarşısını almağa atıldıq. Güclü həmləmiz qarşısında dayanmağa gücü çatmayan ermənilər ağır itki verib geri çəkildilər. Şəxsi heyətin qəhrəmanlığı sayəsində işğalçıların bir neçə mövqeyini darmadağın etdik". Həmsöhbətimiz döyüşlərdə fərqlənən əsgərlərdən Pirverdi Abbasov, İsmət Fətiyev, Şirin Məmmədov, Mehman Bayramov, Xəyal Allahverdiyev, Fəqan Səmədov, Emil Hüseynli və başqalarının adlarını çəkdi. Dedi ki, düşmən üzərində qələbənin qazanılması naminə hamı cəsarətlə vuruşdu: "Həm ermənilərə, həm də onların havadarlarına gücümüzü göstərdik. Göstərdik ki, Azərbaycan Ordusunun zabit və əsgərləri çox qəhrəmandılar. Onlar uzun illərdən bəri işğalda qalmış torpaqlarını azad etməyə qadir və hazırdırlar".
Aprel döyüşlərində fəal iştirak edən zabitlərdən Eldəniz Sadıqovla, Mirsaab Şirinovla, Qafqaz Əsgərovla, Səid Rəşidzadə, Nihad Bayramov, Cahangir Eyvazov və başqaları ilə də görüşüb söhbət etdik. Onlar döyüşlərdə göstərdikləri igidlikdən, düşməni necə məğlub etdiklərindən danışdılar.
10 il bundan əvvəl baş vermiş Aprel döyüşləri qəhrəmanlıq tariximizin şərəfli bir səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2016-cı ildə cəbhə bölgəsinə səfəri zamanı zabit və əsgərlərlə görüşmüş və onların qarşısında çıxış etmişdir. Ali Baş Komandan bu gün hamımızın qürur və iftixarla yad etdiyimiz Aprel döyüşlərindən söz açaraq demişdir: "Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın zabit və əsgərləri bu təxribata layiqli cavab vermişdir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. ...Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. ...Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi".
Aprel döyüşlərində böyük igidlik və cəsarət göstərmiş zabit və əsgərlərin qəhrəmanlıqları dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixli müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş, 7 hərbi qulluqçu "Azərbaycan Bayrağı" ordeni, 1 hərbi qulluqçu 2-ci dərəcəli və 4 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 hərbi qulluqçu "Vətən uğrunda" medalı, 43 hərbi qulluqçusu "İgidliyə görə" medalı, 45 hərbi qulluqçu "Hərbi xidmətlərə görə" medalı, 2 hərbi qulluqçu "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılmışlar.
Bu gün hamımızın iftixarla xatırladığımız Aprel döyüşləri növbəti qələbələrimizə yol açdı. 2018-ci ilin mayında Naxçıvan istiqamətində başa çatan Günnüt əməliyyatı nəticəsində 11 min hektar ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi. 2020-ci ilin iyulunda isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, erməni işğalçılarına sarsıdıcı zərbələr endirildi. Düşmən bu zərbələr qarşısında dayana bilməyib geri çəkildi.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi isə işğal altında olan torpaqlarımızın azad olunması ilə başa çatdı. Aprel döyüşlərində yarımçıq qalmış əməliyyatlar İkinci Qarabağ müharibəsində uğurla davam etdirildi. Ermənilər üzərində tarixi Zəfər qazanıldı, ədalət bərpa edildi. Azərbaycan Ordusu 2016-cı ilin aprelində başlamış igidlik, qəhrəmanlıq ənənələrini uğurla davam etdirərək ərazilərimizi erməni işğalından azad etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Böyük əminliklə deyə bilərik ki, Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı, təməli idi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"