02 Aprel 2026 08:05
160
CƏMİYYƏT
A- A+
NƏHAYƏT!

NƏHAYƏT!


Xalqımızın mənəviyyatına ləkə gətirən şou-proqramlara son qoyuldu


Nəhayət!!!

Nəhayət, Azərbaycan xalqının mənəviyyatına, milli-mənəvi, xüsusən ailə dəyərlərinə, bütövlükdə xalqımızın mentalitetinə böyük ləkə vuran özəl kanallardakı biabırçı verilişlərə son qoyuldu!

Söhbət aparıcıları, verilişlərin məzmun və mahiyyəti, ifadə tərzi və üslubu, ekspertləri və qonaqları, ən nəhayət, qəhrəmanları bir-birindən fərqlənməyən şou-proqramlardan gedir.

"Şou-proqram" ifadəsi də şərtidir.

Bu verilişlər mövcud olduqları uzun illər ərzində özlərinə elə bir "yeni", indiyədək mavi ekranlarımızda olmayan "sima" formalaşdırmışdılar ki, əsl adları hələ dəqiq tapılmayıb.

Xalq arasında isə yığcam adları məlumdur:

"Elgizin verilişi" - ("Elgizlə izlə") ARB-də.

"Xoşqədəmin verilişi" - ("Səni axtarıram") ARB-də.

"Zaurun verilişi" - ("Bizimləsən") ATV-də və "Həmin Zaur" - ARB-də (Söhbət iki Zaurdan - Zaur Baxşəliyev və Zaur Kamaldan gedir).

"Tolikin verilişi" - ("Tarixin bir günü") SPACE-də.

"Zaur Nəbioğlunun verilişi" - ("Rəngarəng") ATV-də.

 ("Amil Xəlilin verilişi" - ("Gəl, danışaq") SPACE-də və "Azərtaşın verilişi" - ("Təsir dairəsi") Xəzər TV-də nədənsə unudulub).

Əslində, bu verilişlər "köhnə termin"lə desək, çayxana söhbətlərinin, kənd arvadlarının doqqazda pıçıltı ilə danışdıqlarının mavi ekranlara gətirilməsi, dedi-qodu və dalca danışılanlara "vətəndaşlıq hüququ" verilərək "milyonların malı"na çevrilməsi idi.

Başqa sözlə, ictimai şəkildə danışılması ayıb sayılanların utanmadan müzakirəyə çıxarılmasıydı. 

Proqramlar arasında gizli bir rəqabət də vardı:

Kim daha böyük biabırçılıqla "sensasiya" yaradacaq.

Şou-proqramlar əsasən iki istiqamətdə idi:

Birincilər "oxuyançı"ların təbliği və nümayişi;

İkincilər ailə institutunun məhvinə yönəldilən əhvalatlar və vaqeələr sayılırdı.

"Oxuyançı"lara Əməkdar və Xalq artistlərindən tutmuş "sənətə yeni qədəm qoyanlar" da daxil idi!

Bu verilişlərin "baş qəhrəmanları" xalqın terminindən istifadə etsək, "manıslar" sayılırdı.

Həmin "manıs qəhrəmanlar" mavi ekranlarda Azərbaycan xalqının: 

* ağsaqqallarını;

* ağbirçəklərini;

* ziyalılarını;

* alimlərini;

* müdrik insanlarını əvəz etmişdilər.

Təkcə sənətlə deyil, həyatla bağlı "müdrik fikirlər" söyləyirdilər.

Əslində, "manıs"lar başımıza "ağılqoyan"lara çevrilmişdilər.

Belə "qonaq"lar öz məqsədlərini gizlətmirlər də:

* Təzələr toy tutmağa;

* Köhnələr isə toy məzənnələrini qaldırmağa çalışırdılar.

Bir çoxunun sosial şəbəkələrdə etirafına görə, şou-proqramlara "elə-belə" çıxmırdılar, müəyyən, "veriliş sahibi"nin "blat"ına uyğun məbləğ ödəyirdilər.

Maraqlıdır ki, bəlli şəxslərin belə etiraflarına adıçəkilən telekanalların rəhbərləri heç zaman heç bir reaksiya vermir, təkzib və ya təsdiq etmirdilər!

"Sənət"ini nümayiş etdirmək üçün ekranlara çıxanlar isə nadir hallarda - mübahisəli məqamlar yarananda canlı oxuyurdular.

Çox vaxt studiyada ansambllar boş-bekar oturaraq yalandan ifa görüntüsü yaratsalar da, "qəhrəman" əlinə mikrofon götürərək ağzını açıb-yumsa da, əslində, fonoqramma səsləndirilirdi.

Daha çox "manıs" qadınlar özlərinə əl qatırdılar.

Geyim adında "aşağıda və yuxarıda" bir şey olmasa da, əsas diqqət həkim bıçağı və digər vasitələrlə düzəldilmiş "bədən quruluşu"nun nümayişinə yönəlirdi.

Operatorlar (yəqin ki, "xüsusi tapşırıq" əsasında) arxadan "böyük planda" çəkilişlərə ayrıca yer verirdilər.

Halbuki bütün hallarda ifaçının tamaşaçıya arxa çevirməsi ayıb və qeyri-peşəkarlıq sayılır.

Amma burada məqsəd təkcə olmayan səsin deyil, olan bədənin nümayişi idi!

Sual-cavabla, yeni "istedad"ın keçdiyi "həyat yolu" ilə bağlı xatırlanan hadisələr maraqlı olmaya bilərdi.

Şoumenin (yəni verilişi aparanın) əsas ustalığı, "elmi dil"də desək, "peşəkarlığı" münaqişə və qarşıdurma yaratmaq sayılırdı.

Çox halda bunu qəsdən, qonaqlarla əvvəlcədən razılaşma əsasında edirdilər.

"Manıs"lardan biri digərinə söz atardı...

Cavabı dərhal gələrdi...

Nəticədə ekrana layiq olmayan vəziyyət, yəni istədikləri "şou" yaranardı...

Bu halda şoumen özünü hədsiz dərəcədə "xoşbəxt" sayardı!

Deməli, qalmaqal alındı!

Deməli, qalmaqal yarandı!

Artıq sosial şəbəkədə, xəbər saytlarında müzakirə olunacaq "ifadələr", videoepizodlar var idi!

Deməli, bu veriliş ətrafında müzakirələr uzanacaqdı...

Deməli, bu veriliş "partladacaqdı", baxışlar rekord qıracaqdı!

Bu tipli verilişlərdə şoumenlərin "peşəkarlığı" və "məharəti" qalmaqalın yaranması, onun "tündlüyü" və "uzunömürlülüyü" ilə ölçülürdü.

Görün, Azərbaycanın adıçəkilən telekanalları nə günə qalmışdı ki, onun peşəkarlığını "qalmaqalçılar" müəyyən edirdi.

***

İkinci qisim şou-proqramlar ailə dəyərlərinin, milli adət-ənənələrin məhvinə hədəflənmişdi.

Ən pisi isə o idi ki, bu tip verilişlər "daha gəlirli" hesab olunurdu.

Odur ki, yaradılandan sonra onlara ayrılan efir vaxtı mütəmadi şəkildə artırılırdı...

Əvvəlcə bir saat, sonra iki, üç, hətta dörd-beş saat.

Biri itənləri axtarırdı, o biri dulları evləndirirdi, digərləri ailə xəyanətlərini axtarıb aşkarlamaqla məşğul olurdu və s.

Adları fərqli olsa da, verilişlərin struktur quruluşu və mahiyyətləri eyni idi.

Şoumen (köhnə dildə aparıcı) ixtisasca jurnalist (nadir hallarda) olsa da, hətta Əməkdar jurnalist adını alsa da, verilişdə artistlik edirdi...

Amma fərqli bir artistlik!

Bu artistliyin əsasında "Şeyx Nəsrullahlıq" dayanardı!

Bəzən özləri kədərli türk şərqiləri fonunda "haray" çəkər, hadisələrin şiddətindən "sarsılar", bəzən "müdrikləşər", el "ağsaqqalına" və ya "ağbirçəyinə" çevrilərdilər.

* Guya bunlar milli dəyərlərimizin qoruyucusudurlar...

* Guya bunlar "pis"ləri ifşa edənlərdir...

* Guya bunlar "itən"ləri tapıb ailələrinə qovuşduranlardır...

* Guya bunlar yeni, "xoşbəxt ailə" yaradanlardır...

* Guya bunlar Azərbaycan xalqının mentalitetinə uyğun gəlməyən halları ifşa edənlərdir!

Amma bütün qəhrəmanları mənfi tiplər və uğursuz fərdlər olurdu:

* Pis atalar;

* Nankor övladlar;

* Bir-birinə düşmən qardaş və bacılar;

* Qəddar qayınana və qayınatalar;

* Xain dostlar və s. verilişlərə gətirilərək qarşıdurma yaradılardı!

 Adları müxtəlif olan verilişlərin (şou- proqramların) iştirakçıları xaraktercə eyni olurdu.

Şoumen-aparıcı dirijorluq edərdi.

Qonaqlar (deyilənlərə görə, onların bir qisminə iştiraka görə müəyyən məbləğ də verilirdi) verilişin "sahib"inin işarəsi ilə alqışlar səsləndirər, fon yaradardılar.

"Günün qəhrəmanı" seçilmiş şəxslər əvvəlcədən özlərini necə aparmaları barədə təlimatlandırılar, hansı məqamda necə ağlayacaqları izah edilər, "cızıqdan kənara çıxanda" isə veriliş sahibinin qəzəbinə tuş gəlirdilər.

Ekspertlərin (onlar da həmin verilişlərdə "elə-belə" iştirak etməzdilər) vəzifələri gedişatdan asılı olaraq bu və ya digər tərəfi müdafiə etməklə "meydanı qızışdırmaq" idi.

İlk vaxtlarda hətta Milli Məclisin deputatlarından ekspert qismində iştirak edənlər də vardı, sonra mətbəxdə nələr baş verdiyini bilən millət vəkilləri bu funksiyadan imtina etdilər.

Daha sonra hüquqşünaslara üstünlük verilərək hər şou-proqram özünə bir "müdafiəçi" tapdı.

Lakin qanunun şouya müdaxiləsi mənəvi iflasın qarşısını almadı, əksinə, insanlarda müəyyən çaşqınlığa səbəb oldu.

Mənəviyyat qanunla tənzimlənmir, qanun mənəvi deqradasiya cinayətin qırmızı xəttini keçəndə müdaxilə edə bilir.

Odur ki, belə verilişlərdəki iştirakçı hüquqşünaslar daha çox qızışdırıcı mövqe sərgiləyirdilər.

Başqa sözlə, verilişdaxili sabitlik və sakitlik yarananda, qalmaqal soyuyanda yenidən ocağa neft tökürdülər.

"Əsərin qəhrəmanı"na çevrilən və üzərlərində şou qurulan "baş iştirakçılar" da müxtəlif olurdular:

* Aldadılaraq verilişə çıxarılanlar;

* Efirdə görünmək həvəsində olanlar;

* Kimdənsə qisas almaq üçün öz istəyi ilə şou iştirakçısına çevrilənlər;

* Yaxud verilişin həyatlarında nəyisə dəyişəcəyini güman edən avamlar, sadəlövhlər və s.

Nəticədə bir "udan" və bir "uduzan" olurdu:

Udanlar sadaladığımız şou-proqramların icazəverənləri, yəni rəhbərləri, şoumen-aparıcıları sayılırdı.

Uduzan isə xalqımızın milli-mənəvi dəyərləri, televiziyaya çıxaraq danışmaqla nəinsə dəyişəcəyinə və düzələcəyinə səmimi-qəlbdən inananlar, başqa sözlə, aldananlar olurdu.

***

Bağlanmış şou-proqramlarla əlaqədar cavabını gözləyən müəyyən suallar da mövcuddur.

Yazımızda onların bir qisminə toxunduq.

İndi isə diqqəti üç mühüm məsələyə çəkmək istəyirik:

Bunlardan birincisi aparıcılarla (şoumenlərlə), həm də onların şəxsiyyətləri və "oriyentasiya"ları ilə bağlıdır.

Nədənsə sosial şəbəkələrdə bu barədə gedən söz-söhbətlərə heç kəs (kanal rəhbərlərini nəzərdə tuturuq) reaksiya vermirdi.

Mədəniyyətdən və mənəviyyatdan danışılan verilişlərdə "aparıcı-ittihamçı"nın şəxsi keyfiyyətlərinin vacib məsələ olduğu sanki unudulmuşdu.

Aparıcıların davranışına, işlətdikləri ifadələrə də nədənsə göz yumulurdu.

Verilişi aparan özünü efirin ağası hesab edirdi:

* Özünü hökmlü, ötkəm göstərir, iştirakçılarla qaba, hətta bəzən ədəbsiz davranırdı;

* Hərdən təhqiramiz, aşağılayıcı suallar da verirdi;

* Qonaqların azacıq etirazlarını belə süngü ilə qarşılayırdı;

* Müzakirələri sakit axarda aparmağa yox, daim qarşıdurma, qalmaqal, ziddiyyət yaratmaqla proqramı "maraqlı" etməyə can atırdı;

* Hətta verilişdə iştirak edən doğmaları belə bir-birilə vuruşduraraq konflikt yaratmağa çalışırdı;

* İctimai müzakirəyə çıxarılması məqbul sayılmayan, ədəbsiz mövzuları ekrana gətirməklə tərbiyəsizliyi və əxlaqsızlığı adiləşdirməyə nail olurdu.

Belə proqramlara sahiblik edənlərin heç biri ixtisasca jurnalist deyildi.

Əgər təsadüfən içərisində bir-ikisi olsa belə, onların aparıcılıqlarında bu, qətiyyən görünmürdü.

Nə jurnalist ləyaqəti sezilirdi, nə də Azərbaycan Æurnalistlərinin Peşə Davranışı Qaydalarına əməl edilirdi.

***

Müəmmalı məqamlardan biri adıçəkilən verilişlərin reklamdan korluq çəkməmələri idi.

Bilmək olmurdu ki, reklamlar verilişə verilir, yoxsa onun "sahibi"nə.

Maraqlı burasıdır ki, həmin aparıcılar verilişdən gedəndə həmin reklamları da özləri ilə aparırlar...

Sonralar həmin reklamlar həmin aparıcının açdığı digər "reytinqli" verilişlərdə yerləşdirilirdi.

Hətta üzərlərinə şoumenin adı ilə "filankəsin reklamı" yarlığı yapışdırılırdı.

Xeyir ola.

Əvvəla, filankəs kimdir ki, özünəməxsus "reklam bazarı"na malik olsun?!

İkincisi, o "reklam bazarı"nın sahibi niyə öz reklamlarını məhz "filankəs"ə, məsələn, Elgizə, Tolikə, Xoşqədəmə, zaurlara verir, həm də məhz mənəviyyatsız verilişlərdə yerləşdirilmək üçün.

Məqsədi nədir?

Əgər reklam vasitəsilə biznes gəlirlərini artırmaq istəyirsə, bu, anlaşılandır.

Yox, əgər öz reklamını məhz həmin aparıcının verilişində və həmin məzmunlu proqramlarda yerləşdirməkdə qətiyyətlidirsə və onların olmadığı təqdirdə öz gəlirindən əl çəkməyə razıdırsa, bu, anlaşılan deyil.

Üçüncü müəmmalı məqam "reytinq" müəyyənləşdirən qurumla bağlıdır.

Müstəqil jurnalistlər dəfələrlə reytinqölçənlərlə maraqlanıblar:

* Reytinqi hansı qurum və ya təşkilat nə ilə müəyyənləşdirir?

* Bu gözəgörünməz "aparat"la ölçülən reytinqin obyektivliyinə kim zəmanət verir?

* Reytinq qurumu özümüzündür, yoxsa xarici təşkilatdır?

* Niyə reytinqölçənlərin adları və onların kimlikləri daim gizlədilir, sirr kimi saxlanılır?

* Onlar Azərbaycanda yerləşərək fəaliyyət göstərirlər, yoxsa ölkə kənarında oturaraq işlərini görürlər?

* Necə olub ki, məhz bu mənəviyyatsız verilişlər daim yüksək reytinq toplayıb?

* Belə şoulara yüksək reytinq verərək onları yaşatmaqda niyyət və məqsəd nə olub?

İndiyədək başda Audiovizual Şura olmaqla kimsə bu suallara dəqiq və konkret cavab verməyib.

Bəlkə də vermək istəməyiblər.

Baxmayaraq ki, müəmmalar çoxdur.

Kobud görünsə belə bir müqayisə aparmaq istəyirik:

Taxıl, qarğıdalı, günəbaxan, çuğundur sahələrinin hər hektarında bəlli məhsuldarlıq, habelə rentabellik səviyyəsi var.

Məhsuldarlıq nə qədər yüksək, həmin məhsula bazarda tələbat nə qədər çox olarsa, götürülən xalis gəlir də bir o qədər yüksək olur.

Bunlarla bərabər, hər məhsulun insanlara gərəkliyi baxımından onun bir "mənəvi" tərəfi də var.

Heç bir məhsul taxılın - çörəyin yerini verə bilməz!

Məqsəd yüksək gəlir olsa belə kimsə çətənə kolu becərməyi ağlına belə gətirməz!

Buna əl qoysa, cinayət törətmiş olacaq.

Çünki onun insanlara, cəmiyyətə vurduğu zərbələr, ağrı-acılar hesabagəlməzdir!

Əgər inansaq ki, haqqında söhbət gedən şou-proqramlar yüksək "reytinq" qazanır, onun xalqın milli adət-ənənələrinə, mənəvi dəyərlərimizə vurduğu zərəri nəzərə almadan belə verilişləri daha çox "əkib-becərməyin", hər telekanalda başqa adlarla, eyni məzmunda olanları açmağın, ilbəil efir vaxtlarını artırmağın məqsəd və mənası nə olub?

Bu, çətənə kolunun becərilməsinə bənzəmirmi?

Nə yaxşı ki, gec də olsa, yanlış yanaşmanı anlayaraq bu səhvi düzəltmək üçün qətiyyətli addımlar atıldı!

***

Yeri gəlmişkən, daha bir problemə toxunmaq istəyirik.

Həm sovet dövründə, həm də müstəqillik illərində telekanallarda bir çox maraqlı, gərəkli və maarifləndirici veriliş mövcud idi.

Bir neçəsini xatırlatmaq istərdik:

* SSRİ Xalq artisti Mehdi Məmmədovun estetika mövzusundakı söhbətləri;

* Professor Mürsəl Nəcəfovun sənət söhbətləri;

* Akademik Nizami Cəfərovun Azərbaycan dili ilə bağlı verilişləri;

Habelə tariximiz, teatrımız, muğam və simfonik musiqi ilə bağlı maarifləndirici, gəncləri öyrədən və bilgiləndirən digər verilişlər.

Hər birinin də öz auditoriyası vardı.

Niyə bağlandılar?

Niyə yoxa çıxdılar?

Məgər insan yalnız informasiya almalı, gülməli və əylənməlidir?

Öyrənməli deyil?

Teatrın nə olduğunu bilməyənlər teatra gedərlərmi?

Simfonik musiqinin nə olduğunu yalnız musiqiçilər bilməli və dinləməlidirlər?

Azərbaycan bəstəkarlarının dünyaya səs salan simfonik əsərləri, muğam üstə bəstələnmiş simfoniyaları, balet əsərləri niyə unudulub, bir kənara atılıb?!

Nə səbəbə böyük maarifləndirici təsiri olan verilişlər öz yerini bayağı şoulara verdi?

Kimdir günahkar?

Axı bunlar təkcə gərəkli bilgilər vermirdi, həm də müasir gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərirdi.

Niyə bərpa olunmasın?

Axı televiziya təkcə əyləndirməli, informasiya verməli deyil, həm də maarifləndirməlidir.

***

* Sən demə, özəl telekanalları da milli əxlaqa dəvət etmək olarmış!

* Sən demə, bir ovuc zövqsüz və mənəviyyatsız insanlara ünvanlanan verilişləri bağlamaq olarmış!

* Sən demə, böyük əksəriyyətin istəyini gerçəkləşdirmək mümkün olarmış!

* Sən demə, oddayanmaz, sudabatmaz şoumenlərə (aparıcılara) güc gəlmək olarmış!

* Sən demə, verilişlərə yarıçılpaq gələnləri abırlı geyinməyə vadar etmək mümkün imiş!

Bəs nəyi gözləyirmişik!

Nəhayət ki, qəti iradə ortaya qoyuldu!

Milli-mənəvi dəyərlərimizi telehərraca çıxaranlar, onları məsxərəyə qoyaraq pul qazananlar susduruldu!

Bəli, xalqa məxsus olanlar xalq üçün, gələcək nəsillər üçün qorunub saxlanılmalıdır!

Xüsusən də əsrlərin sınağından keçərək bu günümüzədək gəlib çatan dəyərlər!

Onlara çirkli əllər, yalan dillər, saxta əməllər ziyan verməməlidir.

***

"İlan vuran ala çatıdan qorxar" demişlər.

Görəsən, bu mənəviyyat dəllalları bir yol tapıb özəl telekanalları yenə də zəbt edə biləcəklərmi?!

Məsələn, verilişin adını dəyişdirərək...

Axı onların susdurulması ilk dəfə deyil.

Bunu bizə zaman göstərəcək.

İndi ictimaiyyətə yalnız bu qətiyyətli mövqeni təqdir etmək və alqışlamaq qalır.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!