XX əsr Azərbaycan sənətşünaslıq məktəbinin formalaşması və inkişafında sənətşünaslıq doktoru Kərim Kərimovun əvəzsiz xidmətləri olub. O özünün elmi araşdırma və tədqiqatları, pedaqoji və ictimai fəaliyyəti ilə incəsənət tariximizdə silinməz izlər qoyub.
AMEA-nın müxbir üzvü, professor Kərim Cabbar oğlu Kərimov qədim Naxçıvan şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmət keçmiş, indiki Bakı Dövlət Universitetində ali təhsil almışdı. Ömrünü AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna bağlayan Kərim Kərimov müxtəlif illərdə kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini və direktor vəzifələrində işləmişdir.
"XIX-XX əsrin əvvəllərində Azərbaycanda realist təsviri incəsənətin təşəkkülü və inkişafı" mövzusunda namizədlik (1959), "XVI əsr Təbriz miniatür məktəbi" mövzusunda isə doktorluq (1971) dissertasiyalarını müdafiə edən Kərim Kərimov Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, həmin elm ocağının professoru olmuşdur. Alim sənətşünaslıq elmi üzrə müdafiə edən onlarca dissertantın elmi rəhbəri, nəşr olunmuş kitabların isə elmi redaktoru idi.
Professor Kərim Kərimov 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsində işləmişdir. Sənətşünas alim beynəlxalq elmi simpozium və konfranslarda iştirak etmişdir. Sənətşünaslıq doktoru, professor Kərim Kərimov uzunmüddətli səmərəli elmi, pedaqoji və ictimai fəaliyyətinə görə fəxri fərmanlar, orden və medallarla təltif olunmuşdur.
Tanınmış sənətşünas alimin "Bəhruz Kəngərli" (1962), "Sultan Məhəmməd və onun məktəbi" (rus dilində, Moskva, 1970), "Azərbaycan incəsənəti" (müştərək, 1977, 1992), "Azərbaycan miniatürləri" (1980), "Nizami Gəncəvi "Xəmsə" miniatürləri" (1983), "Miniatür rəngkarlığı" (1983, rus dilində), "Divar rəngkarlığı" (1983, rus dilində), "Azərbaycan Xalq rəssamı Lətif Kərimov" (1983), "Sadiq bəy Əfşar" (1987), "Nizami "Xəmsə"sinə miniatürlər" (1991, rus dilində)", "Sultan Məhəmməd və onun məktəbi" (1993) adlı monoqrafiya və kitabları nəşr olunmuşdur. Habelə alimin təsviri sənətin ayrı-ayrı sahələrinə dair çoxsaylı elmi və publisistik məqalələri müxtəlif elmi toplu, jurnal və qəzetlərdə dərc edilmişdir. O, həmçinin rəssamlarımızın yaradıcılığına həsr edilmiş kataloq mətnlərinin müəllifi olmuşdur. Sənətşünas alimin elmi fəaliyyət və mövzu dairəsi geniş idi. O, həm miniatür rəngkarlığı, həm divar boyakarlığı, həm XIX və XX əsrlərdə rəngkarlıq sənətimizin inkişaf xüsusiyyətləri, həm də ayrı-ayrı tanınmış rəssamlarımızın yaradıcılığına dair məqalələrin müəllifidir.
Görkəmli alim Kərim Kərimovun apardığı elmi araşdırma və tədqiqatların əsas istiqaməti Azərbaycan miniatür sənətinin tarixi, kökləri, onun inkişaf xüsusiyyətləri, Təbriz miniatür məktəbinin əsas elmi xüsusiyyətləri və bu miniatür məktəbinin digər miniatür məktəblərindən fərqli və oxşar cəhətlərini araşdırmaq, tədqiq və elmi təhlillərlə sübut etmək olmuşdur. Kərim Kərimovun xalçaçı rəssam və sənətşünas alim Lətif Kərimov haqqında qeyd etdiyi "Lətif Kərimov Azərbaycan xalçasının "pasport"unu yaratmışdır" fikirlərini miniatür sahəsində eynilə alimin özünə şamil etmək olar. Onun tədqiqatlarına qədər təbrizli rəssam və xəttatların dünyanın müxtəlif muzey və əlyazma insititutlarında saxlanılan məşhur əlyazmalarının miniatürlərini başqa-başqa miniatür məktəblərinə və həmin məktəbin nümayəndələrinə aid edirdilər. Lakin alimin fundamental elmi əhəmiyyətli tədqiqatı nəticəsində Təbriz miniatür məktəbi və bu məktəbin tanınmış rəssam və xəttatlarının varlığı və kimliyi qəbul edilmişdir.
Sənətşünas alim Kərim Kərimovun Moskvada rus dilində nəşr olunmuş "Sultan Məhəmməd və onun məktəbi" (1970) adlı monoqrafiyası incəsənət aləmində xüsusi maraqla qarşılanmış, kitabın şöhrəti uzaq coğrafiyaya yayılmışdı. Kitab haqqında jurnal və qəzetlərdə sənətşünas alimlərimiz tərəfindən resenziyalar yazılmışdı. Sənətşünaslıq doktoru Nəsir Rzayev "Elm və həyat" jurnalında (1971, ¹1) "Miniatür sənətimiz haqqında əsər" başlıqlı məqaləsində yazırdı: "Əsər miniatür irsimizə həsr edilmiş və yüksək elmi səviyyədə yazılmış ilk kitab kimi çox qiymətlidir". "Kərim Kərimovun araşdırmalarının sevincli-kədərli günlərinə, işıqlı tapıntılarına, bəzən də uğursuz anlarına bələd olduğum üçün cəsarətlə deyirəm ki, "Sultan Məhəmməd və onun məktəbi" bir-iki ilin ötəri məhsulu deyil. Bəlkə də sənətşünas alimin bütünlükdə yaradıcılıq həyatının ən əsas mərhələsidir... Doğma xalqının mənəvi sərvətilə həmvətənlərini yaxından tanış edən, sevən və sevdirən sənətşünas alimin əməyi böyük hörmətə layiqdir" deyə sənətşünaslıq namizədi Paşa Hacıyev qeyd edirdi ("Qobustan" jurnalı, 1970, №4).
Ömrünü Azərbaycan sənətşünaslıq məktəbinin formalaşması və inkişafına həsr edən, sənətşünaslıq elmi istiqamətində fundamental elmi əhəmiyyətə malik tədqiqat, monoqrafiya və kitabların müəllifi olan, habelə elmi kadrların yetişməsində əvəzsiz xidmətlər göstərmiş professor Kərim Kərimovun bu il 105 illik yubileyidir. Yarım əsrdən çoxdur ki, tanınmış sənətşünas alimin işıqlı əməlləri və xatirəsi Azərbaycan təsviri sənət tarixində yaşayır.
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas