02 Aprel 2026 08:40
124
SİYASƏT
A- A+
Kəlbəcər bizimdir!

Kəlbəcər bizimdir!


Xilaskar Lider İlham Əliyevin bu müjdəsi kəlbəcərlilərin 27 illik yurd həsrətinə son qoydu


Həmin gün, əslində, məktəbə getməyə hazırlaşırdıq. Dan yeri ağarmamış gələn o xəbər hələ də qulaqlarımdadır: "Ermənilər Kəlbəcərə girib... El köçür!" O an zaman dayandı. Biz də digər ailələr kimi, sadəcə, quruca canımızı götürüb 60 minlik o nəhəng, çarəsiz köç karvanına qoşulduq. 

Bir yanda düşmən qorxusu, girov düşmək dəhşəti, digər yanda yurd, ev itkisi... İnsanların göyə bülənd olan ah-naləsi sanki təbiəti də titrədirdi. Murov da elə bil qəzəblənmişdi həmin gün: qarı, çovğunu ilə yolumuzu kəsirdi. Kəlbəcərlilər ayaqyalın, başıaçıq Murovun aşırımlarında nə zillətlər çəkdilər... Hamı ağlaşırdı, hər kəs nagüman idi. Bizi qarşıda nə gözlədiyini bilmirdik. Çarəsizlik və qorxu o dumanlı dağların hər qarışına hopmuşdu.


Beynəlxalq hüququn iflası 


1993-cü il aprelin 2-də Murovdan üzü Gəncəyə düzülən köç karvanı, sadəcə, bir bölgənin boşaldılması deyil, Azərbaycanın dövlətçilik tarixindəki ən ağır strateji sarsıntılardan biri idi. Kəlbəcərin işğalı ilə Ermənistan münaqişəni Dağlıq Qarabağın inzibati sərhədlərindən çıxararaq, öz ərazisi ilə birbaşa quru əlaqəsi yaradan genişmiqyaslı işğal zonasına çevirdi. Həmin gün Murovun aşırımlarında zülm çəkən,  şaxtada, boranda donaraq can verən körpələr, yaşlılar həm də beynəlxalq hüququn iflasının qurbanları idilər. 1993-cü ilin apreli Azərbaycanın hərbi cəhətdən təkləndiyi, siyasi cəhətdən isə xaosun girdabına sürükləndiyi bir dövrün sənədli sübutuna çevrildi.

Məhz Kəlbəcərin işğalından dərhal sonra 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul etdi. Bu sənəd erməni qüvvələrinin Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin acı həqiqət ondan ibarət idi ki, kağız üzərindəki bu "tələb" nə Ermənistanı dayandırdı, nə də beynəlxalq birliyi hərəkətə gətirdi. Beynəlxalq hüququn bu qədər aşkar şəkildə iflasa uğraması, əslində, dünya nizamında "haqlının yox, güclünün hüququ" prinsipinin göstəricisi idi. Kəlbəcər 27 il boyunca həm Ermənistanın işğalı altında, həm də beynəlxalq riyakarlığın və icra olunmayan qətnamələrin kölgəsində qaldı. Bu dövr ərzində ATƏT-in Minsk qrupu kimi vasitəçilik institutları münaqişənin olduğu kimi qalması üçün çalışdılar. 

Sonda BMT-nin onilliklər ərzində icra olunmayan qətnamələrini Azərbaycan güc yolu ilə özü həll etdi. ATƏT-in yarıtmaz Minsk qrupu da tarixin arxivinə göndərildi. 


Yaddaş köçü


Vətən həsrəti ilə keçən 27 il... Nəyimiz vardısa orada, o dumanlı dağların qoynunda qoyub gəlmişdik. Bu gün məcburi köçkün uşaqların əksəriyyətinin uşaqlıq fotoları yoxdur - düşmən onların keçmişini yandırmışdı. Amma kəlbəcərli xatirələrimizə gücü çatmamışdı. Çiçəkli yaylaqlar, büllur bulaqlar, yaşıl donlu meşələr, Dəlidağın vüqarı, Tərtər çayının zümzüməsi hər gecə yuxularımıza qonaq gəlirdi. Bizə təsəlli verən Bəhmənin, Sücaətin, Məmməd Aslanın, Ənvər Rzanın sözləri, aşıqların "Sarıtel"i, "Ruhani"si, "Dilqəmi"si idi.

Kələcərli məcburi köçkünlər də maddi çətinliklərə, çadırlara, vaqonlara, soyuq yataqxanalara sinə gərdilər, aclıqla, yoxluqla sınandılar. Biz uşaqların isə bəzən məktəbə gedə bilmədiyimiz, dəftər-qələm tapmadığımız zamanları oldu, amma ümidimizi heç zaman itirmədik. Ürəyimizdəki Vətən sevgisi ilə gələcəyimizi yazdıq...

Beləcə, kəlbəcərli keçmiş məcburi köçkünlər düz 27 il, 1993-cü ilin aprelindən 2020-ci ilin noyabrına qədər bu əzablarla yaşamağa çalışdılar...

Amma gün yetişdi, 2020-ci il sentyabrın 27-si kəlbəcərlilərin diriliş, noyabrın 25-i isə Kəlbəcərin qurtuluş gününə çevrildi.

2020-ci il noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək "Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi…

…Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!" müjdəsi ilə Kəlbəcərin 27 illik həsrətini qəlblərimizdən əbədilik sildi.

Kəlbəcərin azad edilməsi müasir Azərbaycan hərb tarixinin ən böyük strateji uğurlarından biridir. 44 günlük Vətən müharibəsində qazanılan hərbi üstünlük Ermənistanı bu "keçilməz qala"nı kapitulyasiya şərtləri ilə qaytarmağa məcbur etdi. 25 noyabr tarixi Azərbaycanın hərbi gücünün siyasi iradəyə çevrildiyi daha bir qürurlu gün oldu.

Dağlar bizi çağırdı, ana yurd səslədi. Öncə ruhumuz pərvazlandı o sıldırım qayalara, sonra isə qayıdış karvanları üz tutdu bu möhtəşəm təbiət muzeyinə. Bir qərinə əvvəl Murovun qarlı yolları ilə "quruca canını götürüb" çıxan o insanlar, bu gün Kəlbəcərin hər daşına, hər çiçəyinə sahib çıxmaq üçün geri dönürlər. "Salam, doğma torpaq! Biz gəldik və bu dəfə əbədi gəldik", - deyirlər. 

2021-ci ilin avqustunda Kəlbəcərə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "...Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq..."

O gün Ali Baş Komandan İlham Əliyev, qalib sərkərdə olaraq zirvədən, Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr edərkən və qürurla yolunun Kəlbəcərə olduğunu söyləyib bütün kəlbəcərliləri təbrik edərkən, sevincdən, fərəhdən sanki göylərdə qanad açdıq: "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik... ...Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm...

...Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!"


Dağların zirvəsində həyat 


Kəlbəcəri azadlığına qovuşduran və 2021-ci ilin avqustunda bu ulu diyara ilk səfərini edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, bu bölgəni cənnətə çevirəcəyik. Qalib lider İlham Əliyevin bu xoş xəbərindən ötən qısa zaman ərzində Kəlbəcərdə böyük quruculuq və bərpa işləri həyata keçirilib, yeni sosial-iqtisadi obyektlərin təməlləri atılıb, açılışlar edilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında bu ərazidə böyük infrastruktur layihələri gerçəkləşdirilir, yollar, tunellər çəkilir, su-elektrik stansiyaları qurulur, kompleks işlər görülür.

Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunan 11,6 kilometrlik tunelin özü bu ərazidə həyata keçirilən misilsiz işləri gözlər önünə sərən möhtəşəm nümunələrdən yalnız biridir. 2023-cü il mayın 27-də - Müstəqillik Günü ərəfəsində yolunu yenidən Kəlbəcərdən salan Prezident 

İlham Əliyev Kəlbəcər rayonunda ilk kəndlərin -Yanşaq və Zalların, eləcə də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

İşğaldan azad edilən bütün ərazilərimizdə oduğu kimi, Kəlbəcərdə də gerçəkləşdirilən sürətli və kompleks işlər bu torpağa yenidən həyatı qaytarır. 

Ötən ilin avqustunda Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlətimizin başçısı bu rayona səfər edərək sakinlərlə görüşdü.

Həmin zaman Prezident İlham Əliyevin söylədiyi "Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz" sözləri təkcə doğma yurduna qayıdan insanların sevincini bölüşmək hisslərinin deyil, həm də tarixi ədalətin zəfərinin təzahürü idi.

Artıq Kəlbəcər şəhərində 135 ailə məskunlaşıb. Bu dağlar diyarına hələ neçə-neçə qələbə müjdəli köç karvanları yola salınacaq. 

Deyirlər Kəlbəcərin havası insanı yenidən doğulmuş kimi edir. Amma indi bu ulu yurd özü də yenidən "doğulur". Dağılmış evlərin yerində ucalan yeni binalar, çəkilən yollar, yenidən qaynayan bulaqlar, pöhrələyən meşələr bu torpağın dirçəliş rəmzidir.  Kəlbəcər daha xatirələrimizdə yaşayan cənnətməkan yox, hər günü toyla-bayramla, quruculuqla yoğrulan işıqlı gələcəyimizdir. Bu əzəmətli yurdun dağlarının, çəmənlərinin  ətri indi daha təmiz, daha şirindir - çünki bu, azadlığın, qələbənin və qayıdışın ətridir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!