12 Mart 2026 08:00
187
SİYASƏT
A- A+
CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU


Dünya maraqlar dünyasıdır!

Dünya maraqlarla idarə olunur!

Odur ki, hər bir dövlət öz maraqlarını yeritməyi və müdafiə etməyi bacarmalıdır!

Bunu edə bilməsə, onda özgə maraqlara xidmət edəcəkdir.

Öz maraqlarını təmin etməkdən ötrü güclü və uzaqgörən olmalısan!

Güclülər maraqlarını yeritməyi və digərlərinin də  onlara xidmət göstərmələrini təmin etməyi bacarırlar.

Dövləti maraqlarını müdafiə və təmin etməyin bir yolu da müdrik və uzaqgörən siyasət yürütmək, fəal diplomatiya aparmaqla yaranmış situasiyadan faydalanmaqdır. 

Bunun  üçün bəzən illər, hətta on illər gərək ola bilər.

Lakin düşünülmüş, ardıcıl, konstruktiv siyasət yürüdə bilməsən, heç zaman öz istəyinə çatmazsan!

***

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə artıq onunla bağlı münasibətlər  çoxdan formalaşmışdı.

Ötən 70 ildə 15 müttəfiq respublikadan biri olaraq öz maraqlarına yox, mərkəzə xidmət göstərmiş, Moskvanın sözü ilə durub-oturmuşdu.

Burada da səmərəli yol öz maraqlarını mərkəzin maraqlarına uyğunlaşdırmaq,  ümumittifaq büdcəsindən daha çox faydalanaraq xalqına müəyyən xeyir  gətirmək idi.

Vəssalam!

Xarici siyasətdən, dövlətlərarası münasibətlərdən danışmaq isə mənasız və əhəmiyyətsiz idi.

Bütün bunlarla müttəfiq respublikalar deyil, birbaşa SSRİ rəhbərliyi, Kreml özü məşğul olurdu.

Müstəqil dövlət qurulduqdan sonra isə milli maraqlara əsaslanan daxili və xarici siyasət yeritmək nə A.Mütəllibovun, nə də AXC-Müsavat cütlüyü  iqtidarının xörəyi  idi.

A.Mütəllibov Azərbaycanı müstəqil dövlət kimi təsəvvür belə etmir, SSRİ-nin bərpası ilə bağlı  referendum keçirirdi.

AXC-Müsavat cütlüyünün  isə  nəinki xarici siyasət, hətta ölkədaxili siyasət barədə adi təsəvvürləri belə yox idi, yalnız populist bəyanatlarla ölkələrarası münasibətləri korlamağı bacarırdılar.

Ortabab fizika müəllimini  xarici işlər naziri təyin etməklə, əslində, bütün "bilik, səriştə və bacarıq"larını ortaya qoymuş oldular.

Yalnız xalqın arzu və tələbi ilə  ölkə rəhbərliyinə qayıdan  Ulu Öndər Heydər Əliyev Azərbaycanın maraqlarına xidmət edən, onun dünya birliyinə sürətli inteqrasiyasını təmin edən səmərəli, uzaqgörən və effektiv siyasi kurs  müəyyənləşdirdi, digər dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqları təmin edən xarici siyasət yeritməyə başladı.

***

Tanrı Azərbaycana hər şey verib:  zəngin karbohidrogen ehtiyatları, digər yeraltı və yerüstü sərvətlər, əlverişli iqlim şəraiti, münbit torpaqlar, üstəlik, strateji coğrafi mövqe!

İki qitənin - Avropa ilə Asiyanın  qovuşmasında yerləşməsi  Azərbaycanın geosiyasi dəyərini daha da artırır.

Lakin imkanların mövcudluğu  azdır,  əsas məsələ onların reallaşdırılmasıdır.

Ulu Öndər Heydər Əliyevin müdrikliyi  və uzaqgörənliyi sayəsində qısa zaman kəsiyində bu istiqamətdə çox əhəmiyyətli işlər  görüldü, ən əsası daxili və xarici siyasət məsələləri çox uğurlu şəkildə əlaqələndirildi.

AXC-Müsavat cütlüyü çox qısa çəkən iqtidarı dövründə ölkə iqtisadiyyatını da çökdürdü,  xalqın mənafeyinə xidmət edən neft sazişləri bağlaya bilmədi, hətta dövlət büdcəsini belə  formalaşdırmağı bacarmadı.

Bazar iqtisadiyyatı prinsiplərinə keçid, iqtisadiyyatın  dirçəldilməsi və qısa müddətdə xalqın güzəranının yaxşılaşdırılması üçün Ulu Öndər Heydər Əliyev gecə-gündüz bilmədən, yorulmadan çalışdı.

* Qısa müddətdə qazanılan ən böyük uğur  "Əsrin müqaviləsi"nin imzalanması oldu.

Bu, Azərbaycan neftinin Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmətini təmin edən ilk nəhəng layihə idi.

* Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi isə irəliyə atılan inqilabi addım sayılırdı.

İlk dəfə idi ki, Azərbaycan öz neftini  Rusiyadan yan keçməklə dünya bazarına çıxaracaqdı.

Bu kəmər indi də uğurla işləyir və xalqımıza böyük maddi mənfəət gətirir.

* Hər iki nəhəng layihə Azərbaycan-ABŞ münasibətlərinin yaranmasına və inkişafına da böyük töhfə verdi.

Ulu Öndər Heydər Əliyev ABŞ-yə səfərləri, dövlət başçıları ilə görüşləri zamanı bu əlaqələr daha da inkişaf etdirilərək möhkəmləndirildi.

Heydər Əliyevin ən müdrik addımlarından  biri  11 sentyabr 2001-ci ildə ABŞ-də baş verən  dəhşətli terror aktı zamanı  dövlət rəhbərliyinə müraciət edərək bu terror əməlini qınaması və pisləməsi, Azərbaycanın daim ABŞ-nin yanında durduğunu bildirməsi oldu.

Azərbaycan  Əfqanıstan məsələsində ABŞ-yə dəstək verərək öz hava məkanını onun üzünə açdı, sülhməramlı əməliyyatlarda fəal iştirak etdi.

Təəssüf ki, bu münasibətlərdə müəyyən xoşagəlməz hallar da baş verdi.

***

Erməni diasporu həmişə ABŞ-də güclü olub, hətta bu, super dövlətin daxili və xarici siyasətinə də müəyyən təsirlər göstərməyi bacarıb.

Yeni prezident seçilərkən "erməni səsi" ilə onu  özlərinə borclu salmaları, rüşvət və korrupsiya yolu ilə senator və konqresmenləri ələ almaları diasporun zamanın sınağından çıxmış uğurları sayılır.

Təəssüf ki, bəzən pula susayanlar öz dövlətlərinin maraqlarına qarşı çıxdıqlarının da fərqində olmurlar.

ABŞ senatının xarici əlaqələr komitəsinin keçmiş sədri Menendezin əməlləri və aqibəti dediklərimizə əyani misaldır.

Belə ədalətsiz əməllər dəfələrlə baş verib.

İlk ən böyük ədalətsizlik  1993-cü ildə əraziləri Ermənistan tərəfindən işğal edilən Azərbaycana qarşı  907-ci düzəlişin  tətbiqi oldu.

Qeyd etdiyimiz kimi, Əfqanıstanla bağlı Azərbaycana işi düşən ABŞ bir müddət onun təsirini dayandırdı.

Lakin Əfqanıstandan tez-tələsik  çıxanda  Bayden administrasiyası 907-ci düzəlişi  yenidən qüvvəyə mindirdi.

Prezident Baydenin ürəyi bununla da  soyumadı.

24 aprel çıxışlarından birində  "erməni soyqırımı" ifadəsini  işlətməklə hayların ən  "müqəddəs" arzularını da yerinə yetirdi.

Lakin D.Trampın prezidentliyi dövründə bütün bu yanlışlıqlara və ədalətsizliklərə son qoyuldu.

Yaxınlarda Azərbaycanda rəsmi səfərdə olan ABŞ-nin vitse-prezidenti  Cey.Di.Vens bu barədə yeni rəhbərliyin mövqeyini və baş verənlərə münasibətini açıq şəkildə bildirdi:

"Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram".

Cənab Vens həm də Azərbaycan-ABŞ münasibətlərində əvvəlki səhvlərdən xali olan  yeni münasibətlərin  başlandığını da bəyan etdi:

"Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-nin hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik".

***

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin gərgin və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycan xarici siyasət sahəsində bir sıra uğur və nailiyyətlərə imza atdı.

Bütün bunların sayəsində  ölkəmiz dünya birliyinə inteqrasiya edərək  onun nüfuzlu üzvlərindən birinə çevrildi.

Qarşıya  qoyulan  hədəflərə  çatmaqdan  ötrü çətinliklərlə dolu uzun bir məsafə qət edildi.

Dövlət başçısı İlham Əliyevin bir sıra transmilli  layihələrə həyat vəsiqəsi verməsi, xüsusən, "Cənub qaz dəhlizi" layihəsi reallaşdırılaraq ölkəmizin Avropa üçün etibarlı qaz təchizatçılarından birinə çevrilməsi, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin işə salınması, Bakıda beynəlxalq logistika mərkəzinin fəaliyyətə başlaması xüsusi qeyd edilməlidir.

44 günlük Zəfər müharibəsində möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi, daha sonra ölkənin ərazi bütövlüyünə və  dövlət suverenliyinə   nail olması xarici siyasət sahəsində daha qətiyyətli addımlar  atılmasına imkan yaratdı.

* Artıq bəzi  dövlətlərin  Azərbaycana  "Qarabağ kartı" ilə təsir və təzyiq göstərmək cəhdləri puça çıxarılmışdır.

* Artıq Azərbaycan yalnız öz maraqlarına əsaslanan  siyasət yeridir, onunla təzyiq üslubunda danışmaq istəyənləri dərhal yerində oturdur, yalnız bərabərhüquqlu əməkdaşlığa üstünlük verir.

Müharibədən qələbə ilə çıxmasına, düşmənin kapitulyasiya aktını imzalayaraq bütün şərtlərimizi qəbul etməsinə baxmayaraq, ölkəmiz birinci olaraq sülh müqaviləsi bağlanması təşəbbüsünü irəli sürdü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev  ikitərəfli danışıqlara   üstünlük verərək hərbi qarşıdurmadan əməkdaşlığa keçmək  zamanının  çatdığını, yeni reallıqlara uyğun davranmağın vacibliyini  də göstərdi.

Hərbdən sülhə və əməkdaşlığa keçid mərhələsində 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti D.Trampın şahidliyi və iştirakı ilə keçirilən Azərbaycan-Ermənistan  danışıqlarının mühüm rolu və əhəmiyyəti oldu.

Dünyanın birnömrəli dövlətinin ofisində  Azərbaycan ilə Ermənistan arasında  sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair  saziş layihəsi paraflandı, habelə ATƏT-in Minsk qrupunun və "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin ləğvi ilə bağlı razılaşma oldu.

Eyni zamanda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"  (TRIPP) yaradılması qərara alındı.

Daha bir mühüm yenilik isə Azərbaycanla ABŞ arasında  Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün  strateji işçi qrupunun yaradılması idi.

Adını çəkdiyimiz xartiya altı ay sonra - 10 fevral 2025-ci ildə  Bakıda - Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti  adından   imzalandı.

Bu, həqiqətən də Azərbaycanla ABŞ arasında əməkdaşlığın yeni mərhələsinin başlanmasıdır!

***

İki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya  Bakı-Vaşinqton  əməkdaşlığının  yeni, həm də daha yüksək mərhələyə yüksəlməsinin əsas göstəricisidir.

Mətnin mahiyyətindən aydın görünür ki, Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanla bərabər ABŞ-nin də  maraqlarına uyğundur.

Sənəddən irəli gələn ən mühüm nəticə budur ki, artıq Cənubi  Qafqaz ABŞ-nin maraq dairəsinə daxil edilmişdir.

Uzun illər Rusiya bu bölgəni  "arxa bağça"sı  hesab etmiş,  çar  Rusiyasından  miras qalan "parçala, hökm sür" siyasətini rəhbər  tutaraq  Qarabağ münaqişəsinin həllinə  imkan verməmiş, əksinə, onu  daim qaynar vəziyyətdə saxlayaraq   hər iki dövlətə öz iradəsini  qəbul etdirməyə çalışmışdır.

Ukrayna ilə müharibədə iflasa uğrayaraq  gücdən və dünya birliyinin  gözündən düşən Rusiya artıq Ermənistana da əvvəlki kimi təsir və təzyiq edə bilmir.

Daim imperiya ədası ilə davranması, özünü  "böyük qardaş"  kimi aparması onu keçmiş dostlarından və müttəfiqlərindən də ayrı salır.

Bəli, artıq yeni dünya nizamı formalaşır, kim güclüdürsə, o da haqlı sayılır!

Lakin güc təkcə hərbi imkanlarla ölçülmür, indi nəqliyyat dəhlizlərinə nəzarət də mühüm əhəmiyyət kəsb edir.

Üçtərəfli Bəyanatda  Zəngəzur dəhlizinin Rusiyanın Federal Xidmətinin nəzarəti altında açılması göstərilmişdi.

Lakin Rusiya bu məqamdan da  təzyiq vasitəsi kimi istifadə etmək niyyətilə onu gerçəkləşdirmədi.

ABŞ Prezidenti D.Tramp isə daha doğru mövqe tutub uzaqgörənlik göstərməklə  ona öz adını (TRIPP)  verdi və artıq dəhlizin tezliklə işə düşməsi kimsədə zərrə qədər də  şübhə doğurmur.

Azərbaycanı dostları və tərəfdaşları üçün maraqlı və cəlbedici edən təkcə yeritdiyi müdrik və uzaqgörən siyasət deyil, həm də özünün yaratdığı və qurduğu, birgə faydalanmağa təklif etdiyi transmilli  layihələrdir.

Ölkəmiz uzun müddətdir ki, müxtəlif dəhlizlərin yaradılmasının təşəbbüsçüsü və fəal icraçılarındandır.

* Əvvəl enerji layihələri  reallaşdırıldı...

* Sonrakı dövrdə iş  nəqliyyat dəhlizlərində  davam etdi...

* Hazırda isə növbə elektrik və fiber-optik  dəhlizlərinindir.

Müdrik və uzaqgörən siyasət  mövcud dəyərlərə  yeni dəyərlər  əlavə edilməsinə imkan yaradır.

İllər öncə Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti titulunu  qazanmışdır.

Bu gün isə bölgədə həm də yeni münasibətlərin yaradıcısıdır.

***

Bir vacib məqamı da qeyd etməliyik.

Cənubi Qafqaza yeni yanaşma bu məkanda yaranmış yeni vəziyyətlə bağlıdır.

Yeni reallıqların yaradıcısı isə Azərbaycan Prezidenti  cənab İlham Əliyevdir.

Türkiyə dövlətinə xəyanət edərək  müharibə şəraitində ona arxadan zərbə vurduğuna görə köçürülən erməniləri Çar Rusiyası Azərbaycana məxsus bu ərazidə yerləşdirməklə bir neçə niyyət güdürdü.

Belə ki, bu addım təkcə Türkiyəyə qarşı deyil,  türk dünyasına qarşı idi və onların bir-biriləri ilə quru yolla əlaqələrini kəsərək ayrı salınmalarına, iqtisadi-mədəni əlaqələrini pozmağa yönəlmişdi.

Sonradan Ermənistan ərazisində 102 nömrəli hərbi bazanın yerləşdirilməsi də Türkiyəni  nəzarətdə saxlamaq, daim  haylara hərbi dəstək verməklə Azərbaycandan yeni ərazilər  qoparılması kimi  hərbi-siyasi məqsəd güdürdü. 

Sovet hakimiyyətinin mövcudluğu və ondan sonrakı dövrdə Azərbaycanın 

20 faiz ərazisinin işğalda qaldığı  müddətdə bu siyasət davam etdirildi.

Cənab İlham Əliyevin 44 günlük müharibədə və sonrakı dövrdə qazandığı möhtəşəm hərbi qələbələr, qardaş Türkiyə ilə bərabər türk dövlətlərinin  birliyinin möhkəmləndirilməsi, əlaqə və əməkdaşlıqlarının gücləndirilməsi, habelə bu sahədə əldə olunan  razılaşmalar və imzalanan strateji tərəfdaşlıq müqavilələri Cənubi Qafqazda da yeni dövrün başlanmasından xəbər verir.

Bu dövrün əsas xüsusiyyətlərindən biri də  Rusiya-Ukrayna müharibəsi səbəbindən  "Şimal-Cənub" nəqliyyat dəhlizinin təhlükəli olması və sanksiyalar səbəbindən  əlverişsizliyidir.

Orta dəhlizin işə salınması, onun bütün  seqmentlərinin  dövrün tələblərinə uyğun qurulması və  yaxın gələcəkdə TRIPP  (Zəngəzur)  dəhlizinin  reallaşması ilə  daha səmərəli və cəlbedici olması isə bütün tərəfləri  qane edən mühüm məqamdır!

Orta dəhlizin açılmasına  Rusiyanın əngəl törədə bilməməsi, ABŞ-nin iştirakı ilə Azərbaycanla  Ermənistan arasında  sülh və əməkdaşlığın yaranması, Çindən və Hindistandan  başlayaraq, Avropaya uzanan yola  Vaşinqtonun  TRIPP layihəsi ilə nəzarət etmə imkanı layihədə marağı olan əsas tərəfləri tam qane edir.

Artıq Cənubi Qafqazda  yeni dövran - sülh və əməkdaşlıq çağı başlayıb!

İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə yaranan yeni  situasiya burada  daimi əməkdaşlığa, bütün tərəflərə fayda gətirən  əlaqələrin  əsrlər boyu davam edəcəyinə zərrə qədər də şübhə doğurmur.

 


Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!