17 Mart 2026 08:00
238
SİYASƏT
A- A+
İLHAM ƏLİYEV: «SÜLHDƏN YAXŞI HEÇ NƏ OLA BİLMƏZ»

İLHAM ƏLİYEV: «SÜLHDƏN YAXŞI HEÇ NƏ OLA BİLMƏZ»


* Dünya od-alova bürünüb.

* Dünya bir-birini qırır.

* Dünya dağılır, mövcud olanları sıradan çıxarır.

* Dünya dövlətləri bir-birləri ilə silah gücünə danışırlar.

Bundan dövlətlər nə qazanır?

Bundan insanlar nə qazanır?

Bundan dünyanın özü nə qazanır?

Ortada heç bir qazanc yoxdur.

Müharibəyə başlayan da uduzur.

Güclü tərəf də çox şey itirir.

Müdafiə olunaraq itkilərə məruz qalanlar isə daha acınacaqlı vəziyyətə düşürlər.

İsrail-Həmas müharibəsində Fələstin xalqı nə günə düşdü...

* Minlərlə qadın, uşaq, qoca dağıntılar altında qalaraq həlak oldu.

* Minlərlə insan yaralandı, evsiz-eşiksiz qaldı.

* Minlərlə dinc sakin aclıqdan, dərmansızlıqdan ölüb getdi.

Hələ də yaxşılığa doğru dönüş, işıq ucu görünmür...

Rusiya ilə Ukrayna əsrlərin qardaşlığına son qoyaraq açıq düşmənçiliyə keçdilər.

Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü, NATO-nun onun sərhədlərinə doğru genişlənməsini qəbul etmək istəmədi.

* Dörd il öncə səslənən silahlar hələ də susmayıb.

* Dörd ildir ki, iki slavyan xalqı bir-birinin qanını axıdır!

* Dörd ildir şəhərlər, kəndlər dağıdılır, insanlar öldürülür, əlil olur, ev-eşiklərini itirərək qaçqına çevrilirlər.

Ölənlərin, itkin və əsir düşənlərin dəqiq sayı-hesabı bilinmir.

Bu müharibədə Rusiya nəsə qazanıbmı?

Əksinə, sanksiyalar bataqlığında boğulur, bütün iqtisadiyyatını hərbiləşdirərək mövcud vəsaitlərini silah-sursat istehsalına xərcləyir.

Ukrayna elə günə düşüb ki, onun dirçəlməsinə, yenidən qurulmasına neçə onillik gərəkdir.

Amma şəhərlər tikilsə də, insanları yenidən diriltmək, əlillərin əvvəlki sağlamlığını bərpa etmək mümkün olmayacaq.

ABŞ və İsrail İranın nüvə silahı istehsalına yol vermək istəmədilər.

Növbəti dəfə silaha əl atıldı.

Qarşılaşan tərəflər bir-birlərinə daha güclü zərbələr endirmək, daha ağır itkilər yaşatmaqdan ötrü əllərindən gələni əsirgəmirlər.

Böyük itkilər yaşayan İran digər dövlətləri də bu müharibəyə cəlb etmək niyyətilə neçə-neçə ölkəni raketlərlə, PUA-larla vurdu.

Hərbi əməliyyatları genişləndirmək, öz itkilərinə bütün dünyanı şərik etmək üçün Hörmüz boğazını bağladı.

* İndi dünyanı enerji böhranı gözləyir.

* İndi dünyanı iqtisadi kataklizmlər gözləyir.

* İndi dünya dövlətlərini iqtisadi böhranlar, inflyasiya təhlükəsi gözləyir.

+ Bütün bunlar ona görə baş verdi ki, insanlar sözlə razılığa gələ bilmədilər.

+ Bütün bunlar ona görə baş verdi ki, insanlar danışıqlar masasında oturmaq istəmədilər.

+ Bütün bunlar ona görə baş verdi ki, tərəflər öz mövqeyindən dönmək istəmir, öz iradəsini qarşısındakına zorla qəbul etdirməyə çalışırlar.

+ Bütün bunlar ona görə baş verdi ki, dünya dövlətlərində bir "mənəm-mənəmlik" mərəzi var, hərə öz bildiyinin ən doğru, ən obyektiv, ən ədalətli olduğunu düşünür və azacıq da olsa, güzəştə getmək istəmir.

Amma hamının çox gözəl bildiyi bir həqiqət və reallıq da var:

Gec, ya tez bütün müharibələr danışıqlarla başa çatır.

Nə qədər qan tökülsə də, nə qədər dağıntılar baş versə də, sonda insanlar yenə danışıqlar masasına gəlirlər.

Kimin qalib gəlməsindən, kimin məğlubiyyətə uğramasından asılı olmayaraq, sonda sülh razılaşması baş tutur.

Bunu qoca dünyanın əsrlər boyu topladığı təcrübə də təsdiq edir.

Amma yenə heç kəs keçmişə baxaraq nəticə çıxarmaq, münaqişələri və mübahisələri əvvəlcədən sülh yolu ilə nizama salmaq istəmir.

***

Son 80 ildə Azərbaycan kimi qalib dövlət olmayıb!

Arxasında güclü dövlətlər dayanan, onu siyasi cəhətdən dəstəkləyən, beynəlxalq qurum və təşkilatlarda maraqlarını müdafiə edən, maliyyələşdirən, pulsuz silah-sursatla təmin edən ölkələrin cidd-cəhdlərinə baxmayaraq, 44 gündə Ermənistan ordusunu məhv edərək qarşısında diz çökdürdü, ona kapitulyasiya aktını imzalatdırdı!

Amma məsələ bununla da bitmədi.

Düşmən imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etmədi.

Revanşist niyyətlərə düşdü.

Yenidən silahlanmağa, qisasa hazırlaşmağa başladı.

Ermənistanın verdiyi sözdən döndüyünü görən Müzəffər Ali Baş Komandan İlham Əliyev yenidən "dəmir yumruğ"unu işə saldı!

* Azərbaycan ərazi bütövlüyünü təmin etdi!

* Azərbaycan Dövlət Suverenliyinə və konstitusiya əsaslarının bərpasına nail oldu!

* Azərbaycan qondarma, separatçı qurumları ləğv etdi!

* Azərbaycan Rusiya sülhməramlı kontingentini öz ərazilərindən çıxardı!

* Azərbaycan separatçı qurumların rəhbərlərini və ölkəmizə qarşı müxtəlif cinayətlərin törədilməsinin iştirakçılarını açıq şəkildə mühakimə edərək qanunla cəzalandırdı!

* Azərbaycan bir nəfər belə separatçının və əcnəbi əsgərin olmadığı ölkəyə çevrildi!

***

Azərbaycanın qələbəsi tam, qəti və şəksiz olsa da, yenə sülh təşəbbüsü ilə ilk olaraq çıxış etdi!

Beynəlxalq hüququn təməl prinsiplərini özündə əks etdirən sülh müqaviləsi hazırlayaraq imzalanması üçün Ermənistan tərəfinə təqdim etdi.

8 avqust 2025-ci ildə sülh sazişinin bəndləri Vaşinqtonda, ABŞ Prezidenti D.Trampın iştirakı ilə paraflandı.

Yeganə maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmamasıdır.

Bu baş tutandan sonra digər əngəl yoxdur.

Əslində, Azərbaycan daim sülh tərəfdarı olub və münaqişənin danışıqlar yolu ilə başa çatmasını istəyib!

Lakin havadarlarına və müdafiəçilərinə arxalanan Ermənistan Azərbaycandan yeni ərazilər qopararaq özünə birləşdirmək fikrindən heç zaman əl çəkməyib.

Hətta Azərbaycanın "ən yüksək status" təklifi və güzəşti ilə də razılaşmayıb.

"Miatsum" deyə bağıranlar gec-tez güzəştə gedəcəyimizi düşünürdülər.

Lakin İlham Əliyevin mövqeyi qəti və dönməz idi:

Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəkdir!

Getmədi də!

30 il özünü qalib sayan, Azərbaycan torpaqlarında separatçı rejim yaradaraq qondarma respublika quran və mənfur niyyətinə çatdığını güman edən Ermənistanın aqibəti necə oldu?!

* Monoetnik respublikaya çevrildi;

* Əhalisi dilənçi vəziyyətinə düşərək ölkəni tərk etdi;

* İşsizlik və yoxsulluq ən yüksək səviyyəyə çatdı;

* Anaları oğulsuz qoyaraq Yerablur adlı bir məzarıstanlıq yaratdılar;

* Dünyadan nə qədər erməni yığsalar da, işğal ərazilərini məskunlaşdıra bilmədilər;

* Yaşayış məntəqələrini, qəbiristanlıqları, dini və mədəni abidələri dağıdaraq bayquşlar kimi xarabalıqlarda yaşadılar;

* Dünya erməniliyinin ianələri hesabına böyük sərvət toplayan "Miatsum" liderləri və Ermənistan rəhbərləri özləri sərvət sahiblərinə çevrilsələr də, erməni xalqı bu "ideya"dan çox itkilərə məruz qaldı.

Özgə torpağına yiyələnmək və öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədə və müharibədə Ermənistan da, Azərbaycan da çox itkilər verdi. 

İtkilər fərqi yekun nəticədə daha aydın görünür:

Azərbaycan qalib dövlətə çevrilərək ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdiyindən onun itkiləri özünü doğruldur.

Ermənistan isə xülyaya qapıldığından Azərbaycan atalar sözlərində deyildiyi kimi, "Əli aşından da oldu, Vəli aşından da".

Nə mifik Ermənistan qura bildi, nə forposta çevrildiyindən əsl müstəqilliyinə nail oldu, nə də maddi, mənəvi və insan resursları itkisinə bəraət qazandıra bilir.

***

* Bu gün Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u çevirir!

* Bu gün Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti çevirir!

* Bu gün Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə cənab İlham Əliyevin neçə illər öncə reallaşdırdığı transmilli layihələr, hamıya fayda gətirən nəqliyyat dəhlizləri və onların seqmentləri çevirir!

Azərbaycan cəmi 44 gün davam edən müharibədə 30 illik işğala son qoyaraq çox böyük nəticəyə nail oldu!

Azərbaycan ikiillik sülh dövründə quruculuq sahəsində görünməmiş uğurlara imza atıb!

Diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin dünya və insanlar üçün sülhün dəyərini əks etdirən müdrik fikirlərinə yönəldirik:

"2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir".

"Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik". 

"Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".

"Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur".

"Biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk".

***

Bəli, Azərbaycan, həqiqətən də, sülhün hər günündən daha səmərəli və bacarıqla istifadə edir.

Həm də iki mühüm istiqamətdə:

* Böyük qayıdışla bağlı nəhəng quruculuq işləri apararaq keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytararaq xoş və firavan həyatlarını təmin etməklə.

* Bu gün dünyanın daha çox ehtiyac duyduğu Orta dəhlizi işə salmaqla.

Böyük qayıdışla bağlı statistik göstəriciləri yığcam şəkildə təqdim edirik:

* İndiyədək 29 min 842 nəfər keçmiş məcburi köçkün yurduna qayıdıb;

* Hazırda 75 minə yaxın vətəndaşımız işğaldan azad edilmiş ərazilərdə daimi yaşayır, işləyir və təhsil alır;

* 9 şəhər, 3 qəsəbə, 29 kənddə məskunlaşma təmin olunub;

* İşğaldan azad edilmiş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3720,5 km olan 

64 istiqamətə avtomobil yolunun tikintisi icra edilir. 2020-ci ildən indiyədək ümumi uzunluğu 1338,4 km olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb;

* Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 320 meqavatdan çox olan 

39 su-elektrik stansiyası tikilib. Bu stansiyalardan 14-ü Kəlbəcərdə, 11-i Laçında, 10-u Ağdərədə, 4-ü isə Zəngilanda yerləşir;

* Hazırda Qarabağ və Şərqi Zəngəzurun enerji tələbatı tam şəkildə bu stansiyalarda istehsal olunan "yaşıl enerji" vasitəsilə ödənilir və istehsal olunan enerjinin artıq qalan 60 faizi ölkənin ümumi enerji sisteminə ötürülür. Bu ərazilərdə istehsal olunan "yaşıl enerji"nin maya dəyəri digər stansiyalarla müqayisədə 3-5 dəfə aşağıdır;

* 5 il ərzində "Azərenerji" tərəfindən 12 yerdə 330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000 kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerji təchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetmə mərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiq olunub;

* 9 yeni su anbarının bərpası və tikintisi nəzərdə tutulub. İndiyə qədər onlardan 5-i istismara verilib;

* Ağdamda Sənaye Parkı, Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı, Laçın Aqro-Sənaye Parkı, Zəngilan rayonunda "Dost Aqropark" fəaliyyətə başlayıb;

* Üç hava limanı (Füzuli, Zəngilan, Laçın) istifadəyə verilib; 

* 2026-cı ilin sonuna qədər təxminən 140 min keçmiş məcburi köçkünün azad edilmiş ərazilərə yerləşdirilməsi planlaşdırılır;

***

Bölgədə yaranan yeni vəziyyətdə Azərbaycan yenə sülhsevər, humanist siyasətinə sadiq qalır.

ABŞ, İsrail, İran müharibəsi dünya üçün yaxşı heç nə vəd etmir.

Müharibənin ilk günlərindən müxtəlif ölkələrdə qalan insanlar, diplomatik korpusun nümayəndələri böyük çətinliklər və həyati təhlükə ilə üzləşdilər.

Azərbaycan belələrinə mümkün olan köməyi göstərdi:

Dövlət başçısının göstərişi ilə müharibə təhlükəsi ilə üzləşən, hava əlaqələrindən məhrum olan digər ölkə vətəndaşlarının və diplomatik korpus üzvlərinin təhlükəsiz şəkildə İrandan çıxarılmaları üçün sərhəd qapılarını açaraq altmışdan çox ölkə vətəndaşlarına hər cür yardım olundu.

Xaricdə qalan öz vətəndaşlarımızın təhlükəsiz şəkildə geri qayıtmalarına şərait yaradıldı.

İran diplomatlarının xaricdən ölkəyə gətirilməsi üçün pulsuz təyyarə ayrıldı.

İrana humanitar yardım göstərildi və Rusiyadan bu ölkəyə göndərilən köməyin çatdırılmasına lazımi dəstək verildi.

Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev möhtəşəm hərbi əməliyyatlar keçirərək düşməni diz çökdürməyi, torpaqları işğaldan azad edərək geniş quruculuq meydanına çevirməyi də, sülh və əmin-amanlıq gətirdiyi bölgəni Azərbaycanın dostları və strateji tərəfdaşları üçün faydalı məkana çevirməyi də məharətlə bacarır!

Əsl siyasət də, dövlətə, xalqa və insanlığa dəyərli xidmət də budur!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

08:25
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!