Gözlənildiyi kimi də oldu - uzun müddət İranla Amerika və İsrail arasında olan siyasi gərginlik müharibə ilə nəticələndi. Amma bir aydır səngiməyən müharibədə çoxlu sayda insan itkisi olsa da, qlobal səviyyədə müzakirə edilən əsas məsələ iqtisadiyyatdır.
Bu da səbəbsiz deyil. Çünki bu savaş dünya iqtisadiyyatında böyük təlatümlərə səbəb olub. Nüfuzlu mütəxəssislərin hesablamalarına görə, müharibə 3-6 ay davam etsə, dünya iqtisadiyyatı çökəcək, inflyasiya yüksələcək, işsizlərin sayı artacaq, sosial gərginlik pik həddə çatacaq.
Məlumdur ki, dünya neft ehtiyatlarının 20 faizinə qədəri Hörmüz boğazı üzərindən daşınır. Hazırda bu boğaz vasitəsilə daşımalar savaşdan əvvəlki səviyyənin 10 faizinə bərabərdir. Vəziyyətdən çıxış yolu kimi Səudiyyə Ərəbistanı kəmər vasitəsilə Qırmızı dənizdəki limanlara neftin nəqlini artırıb. Məlumat üçün bildirək ki, bu kəmər vasitəsilə gündə 5 milyon barel neft nəql olunur. Lakin burada da problemin yaranması gözlənilir. Belə ki, bir müddət Yəməndəki husilər Bab-əl Məndəd boğazından istifadə etməyə ABŞ və İsrail gəmilərindən savayı, digərlərinə maneçilik törətmirdi. Yeri gəlmişkən qeyd edək ki, müharibənin əvvəlində husilər İrana qarşı olan hərbi təcavüzə qarışmırdı. İndi onlar İran tərəfindən müharibəyə qoşulduqlarını rəsmən bəyan ediblər və hətta İsrailə bir neçə raket zərbəsi də endiriblər. O səbəbdən məlum deyil ki, husilər Səudiyyə Ərəbistanının Qırmızı dənizlə Bab-əl-Məndəd körfəzindən Cənubi-Şərqi Asiya ölkələrinə neftin daşınmasına imkan verəcək, ya yox. Odur ki, indi hamı bu istiqamətdə baş verən prosesləri ciddi narahatlıqla izləyir.
Bir çox mütəxəssis müharibə uzanarsa, dünya bazarında neftin 1 barelinin qiymətinin 150 dollara çatacağını proqnozlaşdırır. Bu səviyyədə yüksək qiymət dünya iqtisadiyyatının uzunmüddətli böhrana düşməsinə səbəb ola bilər. Belə olan halda qlobal iqtisadiyyatın böyüməsi azalacaq, istehsal aşağı düşəcək, təchizat zəncirində qırılmalar baş verəcək, qlobal ticarət zəifləyəcək.
Hazırda Hörmüz boğazından keçmək üçün 20 min dənizçi, minlərlə tanker növbə gözləyir, körfəzə yeni gəmilər isə daxil olmur. Bunun iki səbəbi var. Birincisi, təhlükəsizlik, ikincisi isə sığorta şirkətlərinin boğazdan keçən gəmilərin sığortalanmasından imtina etməsidir.
İran rəsmən bəyan edir ki, Hörmüz boğazını bağlamayıb, yalnız dost olmayan ölkələrin gəmilərinin keçməsinə icazə vermir. Ancaq bölgədə hərbi əməliyyatlar davam etdiyi üçün heç kəs risk etmək istəmir. O üzdən boğazdan keçən gəmilərin sayı gündən-günə azalır. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: İranın Çin və Hindistana neft satışı davam edir. Bu ölkələr İranın əsas neft alıcılarıdır. Hər iki ölkə ABŞ-dən onlara göndərilən neft tanklerlərinə mane olmamağı tələb edib, qarşı tərəf də bununla razılaşıb.
Hazırda neftin və qazın bahalaşması dünya iqtisadiyyatına öldürücü təsir göstərmir. Bunun səbəbi Avropa ölkələrinin və Çinin neftin qiyməti ucuz olanda yığdığı ehtiyatlardan istifadə etməsi ilə bağlıdır. Enerji üzrə mütəxəssislərin fikirlərinə görə, Avropanın 2-3, Çinin isə 4-5 aylıq ehtiyatı var. Əsl çaxnaşmanın müharibə uzandığı halda başlaması gözlənilir. Bu isə Amerikanın İranda quru hərbi əməliyyatlarına başlayıb-başlamamasından asılı olacaq.
Dünyanı rahatsız edən bir məsələ də ərzaqla bağlıdır. Sirr deyil ki, neftin qiymətinin artması dünya bazarında ərzaq məhsullarının qiymətinin bahalaşmasına birbaşa təsir göstərir. Bununla yanaşı, kənd təsərrüfatı üçün gübrə və digər mineralların əsas ixracatçıları Körfəz ölkələridir. İranın həmin məhsulları istehsal edən müəssisələrə hərbi zərbələr endirməsi, o səbəbdən hazır məhsulların qlobal bazara çıxarılmaması dünyada məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Bu müharibədən ən çox ziyan isə Avropa ölkələrinə dəyəcək. Bir çox mütəxəssis bu fikirdədir ki, Avropada qaz ehtiyatı tükənmək üzrədir. Hazırda "qoca qitə"də qazın min kubmetrinin alış qiyməti 850 avroya qədər yüksəlib. Bu isə qitənin iqtisadi flaqmanı olan Almaniyanın metallurgiya və ağır maşınqayırma sənayesinin çökməsi deməkdir. İndi yayılan bəzi məlumatlara görə, Avropa bu problemi həll etmək üçün yenidən Rusiyadan enerji resursları ala bilər. Hələlik həmin məlumat rəsmi səviyyədə təsdiqlənməsə də, bir çox mütəxəssis müharibə uzanarsa, Avropanın belə bir addım atmağa məcbur olacağını bildirir.
İndi hamı bu müharibənin nə qədər davam edəcəyini səbirsizliklə gözləyir, baxmayaraq ki, müharibənin tezliklə bitəcəyi barədə verilən nikbin bəyanatlara əksəriyyət şübhə ilə yanaşır. Buna örnək Rusiya-Ukrayna müharibəsidir. Belə ki, bu müharibənin tezliklə bitəcəyi barədə tez-tez verilən bəyanatlara rəğmən, savaş 5-ci ildir davam edir.
Rüstəm KAMAL,
"Azərbaycan"