Tarixin elə səhifələri var ki, onlar yalnız keçmişin hadisəsi kimi deyil, gələcəyi müəyyən edən dönüş nöqtəsi kimi yazılır. Azərbaycan xalqının mübarizə salnaməsində xüsusi yer tutan Aprel döyüşləri də məhz belə hadisələrdəndir.
Azərbaycan Ordusunun 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı tariximizə şanlı səhifə kimi yazıldı. Ordumuzun adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində 2 min hektardan çox ərazi azad edildi, minlərlə hektar sahə isə tam nəzarətimizə keçdi.
Aprel döyüşlərində qazanılan qələbə yalnız hərbi uğur deyildi. Bu, dövlətin gücünün, xalqın iradəsinin və ordunun peşəkarlığının nümayişi idi. Eyni zamanda bu döyüşlər regionda formalaşdırılmış saxta hərbi-siyasi balansın sarsıdılması və Ermənistanın illərlə yaratdığı "məğlubedilməz"lik mifinin darmadağın edilməsi ilə tarixiləşdi. 10 il öncə Ermənistan ordusu haqqında formalaşdırılmış süni üstünlük təsəvvürü tamamilə məhv edildi. Bu qələbə Azərbaycan Ordusunda və cəmiyyətində qələbə ovqatı, öz gücünə sarsılmaz inam və tarixi ədalətin bərpa olunacağına əminlik yaratdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu döyüşlərin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır". Bu fikir təsadüfi deyildi. Çünki bu qələbə bir daha sübut etdi ki, Azərbaycan Ordusu təkcə texniki baxımdan deyil, həm də yüksək mənəvi-psixoloji hazırlığa malikdir və Cənubi Qafqazın ən güclü ordusudur.
Aprelin 4-də düşmən itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə yenidən hücumlara cəhd göstərdi. Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimiz intensiv atəşə tutuldu. Lakin Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və peşəkarlığı bu cəhdlərin qarşısını qətiyyətlə aldı. Ordumuz düşmənin strateji hərbi bazalarının qərargahlarına və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirdi. Nəticədə Ermənistan silahlı qüvvələri böyük itkilərə məruz qaldı, yüzlərlə hərbçi məhv edildi, çoxsaylı texnika sıradan çıxarıldı. Bu döyüşlər bir daha göstərdi ki, işğal siyasətinin sonu artıq yetişməkdədir.
Aprelin 2-də səhər saatlarında strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bu zirvədə Azərbaycan bayrağını ucaldan əsgər Asim Quliyevin xatirələri Aprel döyüşlərinin ruhunu ən canlı şəkildə ifadə edir. Onun sözlərində həm döyüşün gərginliyi, həm də qələbənin sevinc göz yaşları əks olunur. "Həmin bayrağı dəfələrlə təlimlərə aparmışdım. Yoldaşlar arasında hər zaman arzulayırdıq ki, məhz bu bayraq iştirakımızla azad olunan ərazidə ucaldılsın. Elə qismət oldu ki, Lələtəpə istiqamətində hərəkətə keçməli olduq. Düşmən səddini yararaq zirvəyə çıxdıq. Bir saatlıq döyüşdən sonra səngərdə bir nəfər də olsun müqavimət göstərən düşmən hərbçisi qalmamışdı. Düşmən əlavə qüvvələrlə və artilleriyanın dəstəyilə hücuma başlayırdı. Mən hər kəsə zəfərimizi bəyan etmək üçün mərmi partlayışlarını və ölümü nəzərə almayıb bayrağımızı asmaq qərarına gəldim. Həmin vaxt tanklarımızın səsini eşitdim. Onlar köməyə gəlirdilər. Sevinc göz yaşlarıma hakim ola bilmirdim".
Bu hadisə yalnız hərbi uğur deyil, milli qürurun simvoluna çevrildi. Lələtəpənin azad edilməsi nəticəsində geniş ərazilər nəzarətə götürüldü və bu, gələcək əməliyyatlar üçün mühüm strateji üstünlük yaratdı. Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də Böyük qayıdış prosesinin əsasının qoyulması oldu. Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. 2017-ci ildə dövlətimizin başçısının sərəncamı ilə kənd bərpa olundu və 23 ildən sonra sakinlər doğma yurdlarına qayıtdılar. Bu hadisə təkcə bir kəndin dirçəlişi yox, bütün Azərbaycanın qayıdış arzularının gerçəyə çevriləcəyinin ilk real sübutu idi.
Aprel döyüşləri zamanı Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi. Minlərlə insan könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, yerli icra hakimiyyəti orqanlarına müraciət edərək düşmənlə döyüşmək niyyətini bildirdi. Bu, xalqın öz ordusuna olan sonsuz etimadının və Vətənə bağlılığının bariz nümunəsi idi. Məhz bu birlik sonradan 2020-ci ildə "dəmir yumruq" kimi tarixə düşən gücün, xalq-dövlət, xalq-ordu birliyinin əsasını təşkil etdi.
Aprel döyüşləri, əslində, gələcək qələbənin baş məşqi idi. Bu döyüşlərdə formalaşan hərbi təcrübə və psixoloji üstünlük sonrakı mərhələlərdə özünü açıq göstərdi. 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz hadisələri, nəhayət, İkinci Qarabağ müharibəsi bu yolun davamı oldu.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan düşmən üzərində tam və qəti qələbə qazandı, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.
Bu döyüşlərdə fərqlənən qəhrəmanlarımız dövlət tərəfindən yüksək qiymətləndirildi. Murad Mirzəyev, Samid İmanov və Raquf Orucov kimi igidlərimizin adı xalqımızın yaddaşına əbədi həkk olundu. Bu mükafatlar yalnız fərdi qəhrəmanlığın deyil, bütövlükdə, Azərbaycan əsgərinin şərəf və ləyaqətinin qiymətləndirilməsi idi.
Bu gün işğaldan azad olunmuş torpaqlarda həyat yenidən canlanır. Bir zamanlar düşmənin poliqona çevirdiyi ərazilərdə geniş abadlıq-quruculuq və bərpa işləri gedir. Vaxtilə Ermənistan ordusunun silahlarının guruldadığı bu torpaqlarda musiqi sədaları, gülüş səsləri eşidilir. İndi bütün azad Qarabağın və Şərqi Zəngəzurun səmasında qəhrəman döyüşçülərimizin ucaltdıqları Azərbaycan bayrağı dalğalanır.
İllər, əsrlər keçsə də, bizə qələbə qüruru yaşadan, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimiz heç vaxt unudulmayacaq. Onların adları tariximizin qızıl səhifələrinə əbədi həkk olunaraq xatirələri hər birimizin qəlbində daim yaşayacaq. Qəhrəman oğullarımızın fədakarlığı bizə yalnız qürur deyil, həm də böyük bir məsuliyyət, gələcək nəsillərə vətənin azadlığını qorumağın, milli birliyi və dövlətimizin qüdrətini daim yüksəltməyin vacib olduğunu öyrədir. Bu qəhrəmanlıq örnəyi hər zaman xalqımızın ruhunu alovlandıracaq, vətən sevgisinin, şücaətin və qətiyyətin əvəzsiz simvoluna çevriləcək.
Elşən QƏNİYEV,
"Azərbaycan"