İlham ƏLİYEV: "Sülhdən daha yaxşı heç nə yoxdur"
Martın 12-14-də Bakı şəhəri növbəti dəfə dünya siyasətinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olundu.
Bu forum artıq bəşəriyyəti narahat edən ən mürəkkəb problemlərin həll yollarının axtarıldığı intellektual məkana çevrilib.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışındakı çıxışında müasir dünyanın acı reallıqlarına toxunaraq qeyd etdi: "Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində birnömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır".
Beynəlxalq etimadın ünvanı
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu onu müxtəlif sivilizasiyaların və siyasi qütblərin kəsişmə nöqtəsinə çevirib. Ölkəmiz uzun illərdir ki, dialoq tərəfdarı kimi çıxış edir və qlobal qərarların qəbulunda fəal iştirak edir. Bakı Forumu isə bu prosesdə xüsusi rola malikdir.
Forumun əhəmiyyəti ondadır ki, Azərbaycan bu platformadan öz haqlı səsini dünyaya duyurmaq üçün istifadə edir. Torpaqlarımızın işğal altında olduğu illərdə Bakı Forumu beynəlxalq hüququn ikili standartlarını ifşa edən bir tribunaya çevrilmişdi. Ölkəmiz hər zaman dünya ictimaiyyətinə xatırladırdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması təkcə Azərbaycanın problemi deyil, bütövlükdə dünya nizamının böhranıdır.
XIII forumda Prezident İlham Əliyev həmin acı təcrübəni bu fikirləri ilə xarakterizə etdi: "Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur".
Bu gün isə mənzərə tamamilə fərqlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə ədaləti bərpa edib. İndi Bakı Forumu işğaldan deyil, yeni reallıqlardan və bərpa prosesindən danışılan qələbə platformasıdır.
Prezident İlham Əliyevin sözügedən toplantıda qeyd etdiyi kimi, sülhə nail olmaq üçün bəzən güc tətbiqi qaçılmaz olur:
"Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".
Azərbaycanın sülh modeli unikal bir hadisədir
Azərbaycanın qələbəsi Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu. Artıq region münaqişə ocağı kimi deyil, nəqliyyat və logistika mərkəzi kimi tanınır. Vaşinqton Sammiti və sülh prosesi istiqamətində atılan addımlar, həmçinin Zəngəzur dəhlizi (TRIPP) kimi təşəbbüslər bölgənin simasını dəyişir.
Azərbaycanın sülh modeli unikal bir hadisədir. Adətən, müharibədə qalib gələn tərəf diktə edən tərəf olur, lakin Azərbaycan düşmənçiliyə son qoymaq üçün ilk addımı atan və sülh əlini uzadan ölkədir. Bu, dövlətimizin humanistliyini və strateji uzaqgörənliyini göstərir. Ermənistanla münasibətlərin normallaşma sürəti dünya münaqişələr tarixində nadir hallardan biridir.
XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı sülh prosesinin gedişatını belə dəyərləndirdi: "Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu".
Prezident həmçinin vurğuladı ki, artıq bölgədə sabitlik hökm sürür və bu, ən böyük nailiyyətdir: "Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur".
Azərbaycanın bu sülhsevər siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi və ölkəmizin Sülh Şurasında təsisçi üzv kimi təmsil olunması bunun bariz sübutudur.
Qlobal Bakı Forumunun timsalında deyə bilərik ki, Azərbaycan bu gün eyni zamanda beynəlxalq gündəmi formalaşdıran mühüm ideya mərkəzidir. Bu forumun ölkəmiz üçün ən böyük əhəmiyyəti Azərbaycan həqiqətlərinin nüfuzlu səviyyədə dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanın keçmiş işğal dövründə qarşılaşdığı ədalətsizlikləri, BMT TŞ-nin qətnamələrinin niyə icra olunmadığını, ölkəmizin öz gücü ilə beynəlxalq hüququ necə bərpa etdiyini, həmçinin bölgədə sülhə necə nail olduğunu bütün dünya bu kürsüdən eşidir.
Bir sözlə, hər zaman olduğu kimi, bu dəfə də Qlobal Bakı Forumu Azərbaycanın həqiqətlərinin beynəlxalq səviyyədə təsdiqi oldu. İndi ölkəmiz dünyada təkcə enerji və nəqliyyat mərkəzi kimi yox, həm də ədalətli sülh modelinin müəllifi kimi tanınır. Bakıdan yayılan bu mesajlar göstərir ki, bölgədə sülh artıq reallığa çevrilib və bu gerçəkliyin memarı məhz Azərbaycandır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundan bəyan etdiyi kimi: "İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"