17 Mart 2026 08:25
134
SİYASƏT
A- A+
Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır


İlham Əliyevin sülh strategiyası dünya üçün ən yaxşı nümunədir


Qlobal təhlükəsizliyin sarsıldığı, beynəlxalq hüquq normalarının əksər hallarda kağız üzərində qaldığı bir şəraitdə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq bütün dünya üçün unikal örnəyə çevrilib. Söhbət ölkəmizin, sadəcə, öz ərazi bütövlüyünü bərpa etməsindən yox, eyni zamanda münaqişələrin həlli və postmünaqişə dövrünün idarə olunması istiqamətində təqdim etdiyi sülh modelindən gedir. Bu modelin ən səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada sülh deklarativ bəyanatlarla deyil, konkret əməli fəaliyyətlə, iqtisadi reinteqrasiya və vasitəçisiz dialoqla möhkəmləndirilir.

Prezident İlham Əliyevin martın 12-də XIII Qlobal Bakı Forumunda çıxışı zamanı toxunduğu məqamlar Azərbaycanın son illərdə qazandığı siyasi və hərbi uğurların qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın keçdiyi tarixi yolu nümunə kimi təqdim edərək vurğuladı ki, respublikamız beynəlxalq hüquqa əsaslanaraq suverenliyini və ərazi bütövlüyünü öz hərbi gücü və imkanları hesabına bərpa etdi: "Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi". 

Azərbaycan Prezidenti bəyan etdi ki, əgər beynəlxalq hüquq və ədalət bir ölkənin tərəfindədirsə, bəzən güc tətbiqi qaçılmaz ola bilər: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi". 

Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm Zəfər və sonrakı antiterror tədbirləri lokal xarakterli hərbi uğur olmaqla yanaşı, həm də beynəlxalq hüququn təmin olunmasını reallaşdırdı. Onilliklər ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması beynəlxalq təşkilatlara və hüququn gücünə inamı sarsıtmışdı. Azərbaycan beynəlxalq birliyin edə bilmədiyini öz gücünə həyata keçirməklə dünyaya sübut etdi ki, dövlətlər öz legitim maraqları naminə bütün resurslarından istifadə etmək haqqına sahibdirlər. Halbuki uzun müddət beynəlxalq vasitəçilər "status-kvo"nun saxlanmasını yeganə çıxış yolu kimi təqdim edirdilər. Azərbaycan bu mifi dağıdaraq göstərdi ki, ədalətsiz sülh heç vaxt əbədi ola bilməz və "dondurulmuş" hesab edilən istənilən problem həllini tapanadək aktuallığını qoruyacaq. 

Dövlətimizin başçısı ən önəmli məqamlardan birinin sülh təcrübəsi olduğunu xarici qonaqların diqqətinə çatdırdı. Sülhün heç də asan məsələ olmadığını vurğulayan Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında barışın bərqərar olmasını nadir vəziyyət kimi qiymətləndirdi: "2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük". 

Tarixən müharibələrdən sonra qalib tərəf kapitulyasiya şərtlərini diktə edir və qarşı tərəfi iqtisadi-siyasi asılılıqda saxlamağa çalışır. Azərbaycanın yanaşması isə klassik stereotipi tamamilə dəyişdi. Bakı qanlı müharibə bitdikdən dərhal sonra, hələ emosiyaların yüksək olduğu bir vaxtda sülh müqaviləsi təklif etməklə strateji uzaqgörənliyini ortaya qoydu. Bu yanaşma bir daha göstərdi ki, əsl güc müharibəni qazanmaqda yox, qələbəni əbədi və faydalı sülhə çevirə bilməkdədir. Məhz buna görə Vətən müharibəsi nəticəsində işğal olunmuş ərazilərimizin azad edilməsi və dərhal sonrakı dövrdə siyasi dialoq yolu ilə sülhə nail olunması müasir tarixdə nadir rast gəlinən hallardan biri kimi qiymətləndirilir. Bu proses Azərbaycanın hərbi və siyasi gücünü, dönməz iradəsini də nümayiş etdirir. 

Azərbaycanın postmünaqişə dövründə sərgilədiyi yanaşma, həqiqətən də, beynəlxalq münasibətlər sistemində unikal presedent yaratdı. Çünki bu model hərbi qələbə ilə məhdudlaşmadı, möhtəşəm zəfərimizi dərhal sonra sülh gündəliyi, siyasi iradə və iqtisadi dirçəlişlə tamamladı. Azərbaycan sübut etdi ki, beynəlxalq hüququn kağız üzərində qalan qətnamələri icra olunmadığı təqdirdə dövlət öz gücü ilə ədaləti bərpa edə bilər. Bu, "dondurulmuş münaqişə" anlayışına da son qoydu. Dünya tarixində nadir hallarda rast gəlinir ki, müharibədə tam qələbə qazanmış tərəf dərhal, heç bir kənar təzyiq olmadan qarşı tərəfə sülh müqaviləsi təklif etsin. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bu təcrübəsi göstərir ki, münaqişədən sonrakı dövr nifrət üzərində yox, inkişaf və əməkdaşlıq üzərində qurulmalıdır. Bu, hazırda dünyanın müxtəlif nöqtələrində davam edən və həlli mümkünsüz görünən münaqişələr üçün ən optimal və uğurlu "yol xəritəsi" ola bilər. 

Ölkəmizin təqdim etdiyi modelin beynəlxalq arenada postmünaqişə standartı kimi qəbul edildiyi göz önündədir. Xarici diplomatlar və beyin mərkəzləri bu modeli digər regionlardakı münaqişələrin həlli üçün ümid işığı kimi dəyərləndirirlər. XIII Qlobal Bakı Forumunda iştirak edən keçmiş dövlət və hökumət başçıları, habelə nüfuzlu beyin mərkəzlərinin rəhbərlərinin çıxışları da bunu sübuta yetirdi. Forumda çıxış edən qonaqlar belə toplantıların Azərbaycanın sülh mesajlarını dünyaya yaymaq üçün çox mühüm platforma olduğunu söylədilər. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Rebeka Qrinspan forumda çıxışı zamanı Azərbaycan Prezidentinin sülh uğrunda səylərini təqdir edib. BMT rəsmisi bildirib ki, Azərbaycan və Ermənistan arasında baş verən proseslər hər kəs üçün yaxşı nümunədir: "Bu, xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə qeyd olunmalı və qeyd edilməyə dəyən bir nailiyyətdir. Bu həm də dünya üçün bir ilham mənbəyidir. Çünki hazırda dünyaya daha çox sülh lazımdır". BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos da deyib ki, Cənubi Qafqazda son illərdə baş verən pozitiv inkişaflar göstərir ki, hətta gərgin münaqişələr də sülhə çevrilə bilər. 

Azərbaycanın təqdim etdiyi sülh modeli, sadəcə, lokal uğur hekayəsi deyil, müasir dünya nizamında ədalətin və hüququn gücünün bərpasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs sübut etdi ki, ən mürəkkəb münaqişələri belə milli iradə, hərbi qüdrət və uzaqgörən diplomatiyanın sintezi ilə həll etmək mümkündür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda ucalan yeni şəhərlər, çəkilən yollar və qurulan infrastrukturlar Azərbaycanın sülh təklifinin torpaq üzərində real təzahürüdür. Ölkəmiz qalib tərəf kimi sülh əlini uzatmaqla bölgə ölkələrini qaranlıq keçmişdən xilas olmağa, işıqlı gələcəkdən pay almağa dəvət edir. Bu, bütün Avrasiya məkanına sabitlik, rifah və əməkdaşlıq vəd edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

08:25
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!