02 Aprel 2026 09:15
140
Mədəniyyət
A- A+
Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu


XX əsrin 50-ci illərinin ikinci yarısında sovet hökuməti vaxtilə Stalin repressiyası dövründə saxta ittihamlar əsasında sürgünlərə göndərilmiş, işgəncələrə məruz qalmış, amansızcasına güllələnmiş yüzlərlə insana bəraət verdi. Bu addım tarix və yeni nəsillər qarşısında həmin adamların günahsızlığını, vicdanının paklığını, şəxsiyyətlərinin bütövlüyünü göstərdi. 

Amma nə yazıqlar ki, onların özlərini həyata qaytarmaq, həmin insanların şəxsində xalqın itirdiklərini bərpa etmək artıq mümkün deyildi. Söhbət ötən əsrin 30-cu illərində ittifaq rəhbərinin əlaltılarının (onların arasında mənfur qonşularımızın nümayəndələri ön sırada idilər) cəllad qılıncı ilə həyatlarına son qoyulmuş ləyaqətli Azərbaycan oğullarından gedir.


"Mən günahsızam və vicdanımla yaşadım"


1926-cı ildə keçirilən I Türkoloji Qurultayda iştirak edən repressiya qurbanlarından biri də  Əhməd bəy Pepinov idi. O, yüksək təhsil almış ziyalılarımızdan olmuşdur. Azərbaycanın tanınmış maarif xadimi, dövrünün qüdrətli qələm sahibi Ömər Faiq Nemanzadənin bacısı oğlu olmuş Əhməd bəy 1917-ci ildə yüksəktəhsilli gənc ziyalı kimi Cənubi Qafqazdan Müəssislər Məclisinə üzv seçilir. 1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman sosialist blokuna daxil olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şurada sosialist fraksiyasının üzvü kimi irəli çəkilir, dövlət quruculuğu proseslərində yaxından iştirak edir. 

Cümhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin bu savadlı, bacarıqlı gəncə böyük rəğbəti vardı. Pepinovun bu dövrdəki ən böyük xidmətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrə universitet təhsili almaq üçün göndərdiyi 100 tələbə ilə bağlıdır. Belə ki, parlamentin xaricə göndəriləcək gəncləri seçmək üçün yaratdığı müsabiqə komissiyasında Əhməd bəy Pepinov da təmsil olunurdu.

Cümhuriyyətin süqutu günlərində Əhməd bəy Pepinov Bakıda deyildi. O, işğalçı XI Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə danışıqlar aparmaq üçün 1920-ci il aprelin əvvəllərində Azərbaycan parlamentinin digər üzvü Rəhim bəy Vəkilovla birgə Qroznıya göndərilmişdi. Pepinov bolşeviklərin həmin vaxt tanınmış liderlərindən olan Serqo Orconikidze ilə tanış idi. Qroznıdakı görüş zamanı insafən S.Orconikidze Əhməd bəyə Moskva ilə danışacağını vəd verir və vədini də yerinə yetirir. Amma nəticə uğursuz olur. Bakını işğal edən bolşevik cəlladları cümhriyyət xadimlərinə qarşı qanlı repressiyalara başlayırlar.

Sovet dövründə ona kiçik vəzifələr verirlər. 1922-ci ildə isə onu Xalq Maarif Komissarlığına göndərirlər. Komissarlığın kollegiya üzvü seçilir və həmin illərdə Azərbaycan təhsilinin, maarifinin inkişafı üçün mühüm işlər görür. Təkcə bir faktı diqqətə çatdıraq ki, latın qrafikası əsasında Azərbaycan əlifbasının ilk variantının yaradıcılarından biri məhz Əhməd bəy Pepinov olmuşdur və o, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda fəal iştirak etmişdir. Həm təşkilati, həm də elmi-ideoloji müstəvidə xüsusi işlər aparmış Əhməd bəy qurultay dövründə türk xalqlarının ortaq ədəbi dili, əlifba islahatı və terminologiya məsələləri ilə bağlı müzakirələrdə fəallıq göstərmişdir. Lakin bu fəaliyyəti sonradan onun repressiya edilməsinə əsas gətirilən səbəblərdən biri olmuşdur. İstintaq materiallarında onun Bəkir Çobanzadə və Qubaydulin kimi alimlərin millətçi görüşlərini və akademik mübarizələrini dəstəklədiyi qeyd edilir. O, Azərbaycanı SSRİ-dən ayırmaq və milli-burjua respublikası yaratmaq məqsədi güdən "əks-inqilabi təşkilatda" fəaliyyət göstərməkdə günahlandırılırdı.

Ə.Pepinov türk xalqlarının mədəni birliyi və milli kadrların yetişdirilməsi tərəfdarı idi. Məlumatlara görə, 30-cu illərə az qalmış Türkiyədən gələn bir dostu buralarda vəziyyətin getdikcə pisləşəcəyini, gec-tez tutulacağını deyərək ona ailəsini də götürüb Türkiyəyə keçməyi tövsiyə edir. Amma Əhməd bəy özünü təqsirsiz saydığından bununla razılaşmır. 

Bu arada millətçi tənəsi ilə təqib və təzyiqlər ara vermirdi. O illər repressiyaya məruz qalan Azərbaycan ziyalılarının istintaq sənədlərində Əhməd bəy Pepinovun da adı tez-tez hallandırılırdı. Müstəntiqlər dindirdikləri şəxslərdən müxtəlif işgəncə metodlarının köməyi ilə onunla bağlı ittihamlar əldə edib istintaq sənədlərinə daxil etmək istəyirdilər və buna nail olurdular. Ə.Pepinov digər ziyalılarla birgə Azərbaycanda millətçi əks-inqilabçı blok formalaşdırmaqda günahlandırılırdı. Nəhayət, 1930-cu il dekabrın 8-də 1012 nömrəli orderlə Əhməd bəy də həbs edilir və onunla eyni vaxtda həbsə atılmış 52 nəfərlə birgə xaricdəki əks-inqilabi, antisovet mərkəzləri ilə əlaqələrdə təqsirləndirilir. Həbs olunanda 37 yaşı vardı. Günahını boynuna alması və digərləri əleyhinə də ifadə verməsi üçün Əhməd bəyə qarşı ağır işgəncə üsulları tətbiq edilir, amma o, bütün əziyyətlərə mətanətlə sinə gərir.

Həbsdə verilən işgəncələr Əhməd bəy Pepinovun səhhətinə ciddi təsir göstərmişdi. O, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Həbsinin qalan müddətini Ulyanovsk şəhərində sürgündə keçirir. 1935-ci ilin yazında sürgünün bitməsi barədə sənədləri alıb Moskvaya gedir. Orada Serqo Orconikidze və kiçik qardaşı Zəki bəylə görüşür. Köhnə tanışı Serqo ona işləmək üçün Qazaxıstana getməyi, Bakıdan, o zamanlar Azərbaycanda hökmfərman olan cəllad Mircəfər Bağırovdan mümkün qədər uzaq olmağı tövsiyə edir. Əhməd bəy isə 1936-cı ilin mayında Bakıya gəlir. Bu zaman NKVD-dən çağırıb ona əməkdaşlıq təklif edirlər. Kommunist Partiyasına daxil olarsa, məsul vəzifə veriləcəyini boyun olurlar. Amma Əhməd bəy bu təklifi qəbul etmir, 1936-cı ildə Alma-Ataya yollanır. Əvvəlcə tikinti sahəsində iqtisadi planlaşdırma məsələləri üzrə çalışmağa başlayır, müəyyən müddətdən sonra isə Qazaxıstan SSR maarif nazirinin müavini vəzifəsində işləyir. 

Zaman 1937-ci ilə yaxınlaşdıqca Bakıdakı məşhur ziyalıların kütləvi həbsinin sorağı Alma-Ataya çatdığından ozü də bilirdi ki, azadlıqdakı bu günləri müvəqqətidir. O, Alma-Atadan əvvəl Ulyanovska, oradan Moskvaya yollanır. Moskvadan Bakıya xəbər göndərib doğmalarından qızı Sevdanı sonuncu dəfə görmək üçün  kömək göstərmələrini xahiş edir. Qardaşı Zəki bəy Pepinov onun bu istəyini yerinə yetirir. Sonra Əhməd bəy Ulyanovska qayıdır. Burada onu dərhal həbs edib Bakıya gətirirlər. Həbsxanada səkkiz ayadək davam edən istintaq prosesində yenə də əks-inqilabçı, antisovet, millətçi təşkilatın rəhbəri olmaqda, əvvəlki istintaqda həqiqətləri gizlətməkdə təqsirləndirilir. Sonuncu dəfə 1938-ci il  iyulun 3-də NKVD binasındakı 100-cü otaqda onu şəxsən Mircəfər Bağırov özü dindirir. Pepinov bu görüşdə də günahkar olmadığını, istintaqdan heç nə gizləmədiyini, həmişə namusla yaşadığını bildirir. Onun iradəsindən, mətinliyindən qəzəblənən rəhbərlik ona ölüm hökmü verir. Pepinov 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə güllələnməyə məhkum edilir və hökm çıxarılan gün icra olunur. Onun son sözləri: "Mən günahsızam və vicdanımla yaşadım" olmuşdur.


Yarıda qırılan qoşa ömür


Mirzə Davud Hüseynov Azərbaycan İnqilabi komitəsi sədrinin müavini, Azərbaycan SSR xalq xarici işlər komissarı, Azərbaycan SSR xalq maliyyə naziri, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS sədrinin müavini, ZSFSR xalq maliyyə komissarı, Tacikistan KP MK-nın birinci katibi (1930-1933) olmuşdur. 

O, 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmiş, 1906-cı ildə şəhər məktəbini bitirmiş və Bakı Realnı Məktəbinə daxil olmuşdur. 1913-cü ildə Moskva Kommersiya İnstitutunun İqtisadiyyat fakültəsində təhsilini davam etdirmişdir. Mirzə Davud Hüseynov 1918-ci ilin noyabrından Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, Azərbaycan tələbələri arasında inqilabi iş aparmış, tələbə komitəsini yaratmışdır. 1917-ci ilin iyulunda o, Müsəlman İctimai Təşkilatları Komitəsinə Bakı müsəlman tələbələri tərəfindən nümayəndə göndərilmiş və onun şurasına seçilmişdir. 1918-1919-cu illərdə bolşevik "Hümmət" təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nin Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olmuşdur. O, eyni zamanda bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.

M.D.Hüseynov 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən I Türkoloji Qurultayın təşkilat komitəsinin üzvü və əsas rəhbərlərindən biri idi. Həmin dövr Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini və digər yüksək dövlət vəzifələrində çalışaraq qurultayın keçirilməsi üçün lazımi siyasi və təşkilati dəstəyi təmin edənlərdən idi. O, qurultayın hazırlıq prosesində fəal iştirak edərək türk dünyasının müxtəlif yerlərindən gələn elm adamlarının (məsələn, Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə) qəbulunu və tədbirin gedişatını koordinasiya etmişdir. Qurultayın ən mühüm qərarlarından biri olan latın qrafikalı əlifbaya keçid məsələsində Mirzə Davud Hüseynov sovet rəhbərliyinin bu prosesdəki maraqlarını təmsil etməklə yanaşı, yeni əlifbanın tətbiqi istiqamətində dövlət dəstəyini reallaşdırmışdır.

I Türkoloji Qurultay həm elmi, həm də siyasi mahiyyət daşıyırdı. Mirzə Davud Hüseynov qurultayın sovet ideologiyası çərçivəsində, lakin eyni zamanda milli aydınların iştirakı ilə keçirilməsinə rəhbərlik edən şəxslərdən olmuşdur. 

Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsində çalışmışdır. Tacik xalqı birinci beşillikdə sənayeləşmə sahəsində bir sıra nailiyyətlər əldə etmişdir. Tacik xalqının bu müvəffəqiyyətlərində M.D.Hüseynovun da zəhməti böyük olmuşdur. O, Tacikistanın mərkəzi Stalinabadın elektrikləşdirilməsi və radiolaşdırılmasında, kollektivləşmənin genişlənməsində, savadsızlığın ləğvində xeyli iş görmüşdür. M.D.Hüseynov ömrünün son illərində Moskvada işləmişdir. 1934-1937-ci illərdə o, RSFSR Xalq Maarif Komissarlığında qeyri-rus natamam və orta məktəblər idarəsi rəisinin müavini işləmişdir. O, SSRİ-də sənayeləşmə və kollektivləşmənin başa çatdığı bir dövrdə savadsızlığın tamamilə ləğv edilməsi və ümumi yeddiillik təhsil sisteminə keçilməsi, yeni-yeni məktəblərin açılması sahəsində əzmlə çalışmışdır. M.D.Hüseynov dəfələrlə AK(b)P MK, ÜİK(b)P MK Zaqafqaziya Ölkə Komitəsi, Orta Asiya bürolarının, Azərbaycan, ZSFSR, Tacikistan, SSRİ MİK üzvü, plenum, konfrans, sessiya və qurultayların nümayəndəsi olmuşdur.

Mirzə Davud Hüseynov Fətəli xan Xoyskinin qızı Tamara xanım Hüseynova- Xoyskaya ilə ailə həyatı qurmuş və 17 il birlikdə yaşamışlar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilmiş, eyni həbsxanaya aparılmışlar. Mirzə Davuda ölüm hökmü verilmiş, Tamara xanım sürgünə göndərilmişdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!