Azərbaycanın ikinci ən böyük şəhəri olan qədim Gəncə abadlaşmaqda və müasirləşməkdə davam edir. Xüsusən də son vaxtlar şəhərə yolu düşənlər başlanmış genişmiqyaslı quruculuq və yenidənqurma işlərinin şahidi olurlar.
Böyük tikinti meydançasını xatırladan, müasir şəhərlərə xas arxitektura əsasında abadlaşan şəhərin əksər küçə, meydan, park və xiyabanlarında, sosial-mədəni, inzibati obyektlərində, çoxsaylı yaşayış binalarında aparılan işlər göz oxşayır. Bu işlər şəhərin memarlıq görünüşünə yeni çalar gətirir. Ümumilikdə 154 500 kvadratmetr sahədə fasad işləri tamamlanmışdır. Dam örtüklərinin yenilənməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Təkcə son bir ildə 204530 kvadratmetr sahədə təmir işləri başa çatmış, 32680 kvadratmetr sahədə piyada yolları bərpa edilmişdir.
Şəhərin park və meydanları da əsaslı şəkildə yenilənmişdir. Tarixi və mədəni əhəmiyyət daşıyan Xan bağının 60 min kvadratmetr sahəsində əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda Nizami parkı, Bayraq Meydanı, Fikrət Əmirov adına park yenidən qurulmuşdur. Ümumilikdə 175900 kvadratmetr sahəni əhatə edən bu işlər şəhərin ictimai məkanlarını müasir tələblərə uyğunlaşdırmışdır.
Prezident İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə məqsədyönlü istiqamət vermək, habelə şəhərin gələcək inkişafı zamanı qədim və müasir memarlıq ənənələrinin vəhdətinə nail olmaq üçün yeni imkanlar açmışdır. Görülən işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən tamamilə uzaq olmuş, şəhərin uzun illərdən bəri yığılıb qalmış problemləri həll edilmişdir. Ümumiyyətlə, bu il Gəncədə çoxlu tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində şəhərdə həyata keçirilməsi nəzərdə tutulan bu tədbirlər qədim şəhərin zəngin memarlıq irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirlər həm tarixi irsin tanıdılmasını, həm də müasir və dayanıqlı şəhər mühitinin formalaşdırılmasını hədəfləyir. Həmin işlər çərçivəsində ilk növbədə Gəncənin şəhərsalma və memarlıq irsinə dair məlumatların ictimaiyyətə geniş şəkildə təqdim olunması nəzərdə tutulur. Xüsusilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə şəhərdə formalaşmış memarlıq mühiti və həyata keçirilmiş irimiqyaslı layihələr barədə silsilə tədbirlərin təşkili planlaşdırılır.
Planın mühüm istiqamətlərindən biri daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılmasıdır. Bu məqsədlə mövcud parkların, tarixi və mədəniyyət abidələrinin ərazisində və ətrafında abadlıq işlərinin aparılması, küçə və ictimai məkanların yenidən qurulması, eləcə də yaşıllıq zonalarının yolkənarı ərazilərdə salınması nəzərdə tutulur. Bu işdə ekoloji tarazlığın qorunması və şəhər estetikasının yaxşılaşdırılması əsas prioritet kimi müəyyən edilmişdir.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində şəhərdə fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə, eləcə də müxtəlif təşkilatlarda yerli və beynəlxalq əhəmiyyətli konfransların, forumların, eləcə də sərgi və müzakirə platformalarının keçirilməsi də gözlənilir. Bu tədbirlər şəhərsalma və memarlıq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə, innovativ yanaşmaların təşviqinə imkan yaradacaq.
Bundan başqa, Gəncənin qardaş şəhərlərlə mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişafı və genişləndirilməsi istiqamətində addımlar atılacaq. Qarşılıqlı səfərlər, birgə layihələr və mədəni proqramlar şəhərlərarası münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcək.
Şəhər ərazisində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş müxtəlif təbliğat materiallarının yerləşdirilməsi və nümayiş etdirilməsi də planlaşdırılıb. Eyni zamanda Gəncənin tarix və memarlıq abidələri haqqında məlumatların rəqəmsallaşdırılması həyata keçiriləcək ki, bu da şəhərin mədəni irsinin müasir informasiya resursları vasitəsilə əlçatanlığını təmin edəcək.
Tədbirlər planinda xüsusi yer tutan təşəbbüslərdən biri də Dünya Şəhərlər Günü çərçivəsində "Gəncə Şəhər Günü"nün təşkil olunmasıdır. Bu əlamətdar gün şəhərin tarixi, mədəniyyəti və müasir inkişaf potensialının geniş ictimaiyyətə təqdim olunmasına imkan yaradacaq.
Söz yox ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində nəzərdə tutulan bütün bu və digər tədbirlər Gəncənin həm tarixi kimliyinin qorunmasına, həm də müasir və dayanıqlı şəhər modelinin formalaşdırılmasına xidmət edir. Qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən Gəncə bu təşəbbüslərlə inkişaf yolunda yeni mərhələyə qədəm qoyur.
Sabir ƏLİYEV,
"Azərbaycan"