Türkiyə və Azərbaycan arasında qardaşlıq təkcə regionda deyil, Asiyadan Avropayadək uzanan geniş məkanda sülhə, sabitliyə və rifaha töhfə verən güclü əməkdaşlıq modelinə çevrilib. Ankara və Bakı beynəlxalq platformalarda çiyin-çiyinə fəaliyyət göstərir, ədalətli maraqların müdafiəsində bir-birinə güclü və səmimi dəstək nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələrin yaranmasının ildönümünə həsr olunmuş təntənəli tədbirdə səsləndirib.
Nazir vurğulayıb ki, Ankara və Bakı həm kədərdə, həm də sevincdə birdir: “44 günlük Vətən müharibəsi günlərində Azərbaycana göstərilən dəstəklə fəxr edirik. 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına görə qardaş ölkənin yardımına görə minnətdarıq. Bütün bunlar ölkələrimiz və xalqlarımız arasında qardaşlığın güclü təzahürləridir”.
A.Uraloğlu müasir Azərbaycanın nailiyyətlərini alqışlayıb, bütün Türk dünyasının maraqları naminə səylərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Nazir Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında qardaşlıq əlaqələrinin və strateji münasibətlərin möhkəmləndirilməsinə verdikləri töhfənin danılmaz olduğunu vurğulayaraq, münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda daha da inkişaf etdirilməsinə çağırıb.
Türkiyənin nəqliyyat naziri ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərini yüksək qiymətləndirib, iki ölkə liderinin yeni hava limanlarının açılışında iştirakını xatırladaraq deyib: “Əminəm ki, Türkiyə və Azərbaycan liderlərinin ortaq baxışı sayəsində qarşıya qoyulan hədəflərə ən qısa müddətdə nail olacağıq. Ölkələrimizin ortaq yanaşmaları regiondan çox uzaqlarda da inkişafa töhfə verir. Birgə layihələrin inkişafı, Orta Dəhlizin reallaşdırılması istiqamətində göstərilən səylər son dərəcə böyük əhəmiyyət daşıyır”.
A.Uraloğlu, həmçinin münasibətlərin normallaşması prosesinin arzuolunan nəticələr verəcəyinə və regionun ziddiyyətlər dövrünü geridə qoyacağına əminliyini ifadə edib.