Şahlar Əsgərov - 85
Ziyalı adı hər dövrdə cəmiyyətin mənəvi kompası, qaranlıqlara işıq salan mayak rolunu oynayıb. Lakin həqiqi ziyalılıq yalnız zəngin biliyə sahib olmaqla bitmir. O, həm də xalqın taleyi ilə nəfəs almaq, tarixi sınaqlardan alnıaçıq çıxmaq və qazandığı elmi həqiqətləri millətin mənəvi tərəqqisinə yönəltmək bacarığıdır. Ömrün elə məqamları, elə zirvələri var ki, orada illərin sayı sadəcə təqvim vərəqlərinin dəyişməsi deyil, millətə, elmə və dövlətçiliyə həsr olunmuş şərəfli bir salnamənin ifadəsidir. Görkəmli fiziklər sırasından boy göstərib mənəviyyat və düşüncə fəlsəfəmizin xiridarına çevrilən, “91-lər”in ön cərgəsində addımlayan Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Şahlar Əsgərovun 85 illik yubileyi məhz belə müdrik zirvənin təntənəsidir.
Onun anadan olduğu 15 iyun tarixi də sanki taleyin mistik bir rəmzidir. Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə eyni günə təsadüf edən bu təvəllüd, sonralar Şahlar müəllimin həyat amalında, dövlətçilik mübarizəsində öz əksini tapacaqdı.
1941-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən biri olan Kəlbəcərdə dünyaya göz açan Şahlar Əsgərovun doğulduğu torpağın əsrarəngiz təbiəti onun erkən yaşlarından təbiət elmlərinə həvəs göstərməsində mühüm rol oynayıb. Alimin zəngin elm yoluna qısa nəzər salaq: Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1958-ci ildə Bakıya üz tutan Şahlar Əsgərov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub və 1963-cü ildə həmin fakültəni bitirdikdən sonra - 1964 -1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda elmi işi üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömür yolunu universitetlə bağlayaraq əvvəlcə müəllim, sonra dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb. 1970-ci ildə “Alçaq enerjili ionlarla metalların katod tozlanması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. Elmi tədqiqatlarını uğurla davam etdirən Şahlar Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1993-cü ildə BDU-nun professoru seçilən Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük nailiyyətlərə imza atıb. Katod tozlanması və onun tozlanma əmsalının ən kiçik qiyməti məhz Şahlar Əsgərov tərəfindən ilk dəfə dəqiqliklə ölçülmüş, habelə bir çox metallar üçün astana enerjisinin qiyməti təcrübi təyin edilmişdir. Bundan başqa, alim Danimarka Texniki Universitetindən birillik ezamiyyətdən qayıtdıqdan sonra respublikada ilk dəfə metal-yarımkeçirici kontaktı mövzusunun tədqiqinə başlamışdır. Kontaktın parametrləri üçün ilk dəfə ölçü effekti müəyyənləşdirmiş, real metal-yarımkeçirici kontaktı üçün qeyri-bircins model təklif etmişdir. Amorf metal-yarımkeçirici kontaktların hazırlanmasının dəqiq texnologiyasını hazırlamış, bu kontaktların fiziki parametrlərini öyrənmiş, metal-vakuum, metal-yarımkeçirici kontaktların emission parametrləri arasında ilk dəfə olaraq korrelyasiyanı müəyyən etmiş və nəticədə “Amorf təbəqələr” Elmi-Tədqiqat Laboratoriyası yaratmışdı.
Professorun hələ onilliklər öncə başladığı tədqiqat sahəsinin böyük nailiyyətlərindən bu gün “NASA” və Amerika Aeronavtika və Astronavtika İnstitutu (AIAA) öz tədqiqatlarında geniş istifadə edirlər. 2000-ci ildən bəri ion mühərrikləri vasitəsilə kosmosa bir çox aparatlar çıxardılıb. Belə mühərriklərin hazırlanmasında professor Şahlar Əsgərovun elmi nəticələrindən geniş istifadə edilir. Tozlanma ilə bağlı onun əldə etdiyi nəticələrdən, dövrün bir nömrəli problemi sayılan idarə oluna bilən termonüvə qurğularının “plazma-divar” kimi tanınan problemin həllində də geniş istifadə edilir.
Bu gün qürurla vurğulamağa dəyər ki, azərbaycanlı alimin hələ onilliklər öncə kəşf etdiyi fiziki qanunauyğunluqlar XXI əsrin kosmik texnologiyalarında tətbiq olunur. Bu kəşflər bir daha göstərir ki, böyük elmin sərhədləri olmur. O, laboratoriyadan başlayaraq kainatın dərinliklərinə qədər uzanan zəka işığıdır. Şahlar Əsgərovun ion fizikası sahəsindəki tapıntıları zamanın sınağından çıxaraq, müasir dünyanın ən mürəkkəb texnoloji layihələrinin təməl sütunlarından birinə çevrilmişdir.
NATO-nun Levis Araşdırmalar Mərkəzinin (Klivlend, ABŞ) mütəxəssislərinin öz rəsmi məruzələrində Şahlar müəllimin nəticələrinin etibarlığını xüsusi vurğulaması, onun elmi işlərinin ABŞ Energetika Departamentinin (OSTI) məlumat bazasında (OSTI ID: 4707515 və 4074900) qorunması dünya elminə vurulmuş azərbaycanlı imzasıdır.
ABŞ-nin Klivlənd şəhərində NATO-nun Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi Maris A.Mantenieks özünün hazırladığı "Ağır ionlarla tozlanmanın astana enerjisi" məruzəsində professor Şahlar Əsgərovun tədqiqatlarına geniş yer ayırıb. Tədqiqatçı qeyd edib ki, ağır ionlarla katod tozlanmasının öyrənilməsi hələ ötən əsrin 60-cı illərində Şahlar Əsgərov və L.Sena tərəfindən başlanılıb. Məruzə müəllifi yazır ki, Ş.Əsgərovun və L.Senanın nəticələrinin etibarlığı bu sahədə mühüm nailiyyətlər əldə etmiş nüfuzlu alimlərin nəticələrini üstələyir.
Daim axtarışda olan, dünya elminə dəyərli töhfələr verən Şahlar Əsgərov L.Sena (Leninqrad), L.Praneviçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünyanın nüfuzlu alimləri ilə əməkdaşlıq edərək birgə məqalələr çap etdirmişdir.
Dəyərli alimin numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var. Bu fərqli sahələrdəki uğurları onun zəkasının çoxşaxəliliyini, məsələlərə yaradıcı və gözlənilməz bucaqlardan baxmaq qabiliyyətini aydın şəkildə nümayiş etdirir.
Şahlar Əsgərov yalnız laboratoriya divarları arasında qapanıb qalan alim olmadı. O, xalqının və dövlətinin taleyüklü məqamlarında bir ziyalı kimi cəsarətlə önə çıxdı.
1990-cı illərin əvvəllərində ölkənin xaos, vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qaldığı, dövlətçiliyimizin beşiyində tufanlar qopduğu ən mürəkkəb anlarda o, məsuliyyəti çiyinlərinə götürməkdən çəkinmədi. 1992-ci ilin 16 oktyabrında Azərbaycanın 91 nəfər cəsarətli, uzaqgörən ziyalısı ilə birlikdə Naxçıvan Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevə müraciət edərək, onu ölkəni fəlakətdən xilas etməyə səsləyən tarixi addımın müəlliflərindən biri oldu. “91-lər” hərəkatı yalnız Yeni Azərbaycan Partiyasının yaranmasının təşəbbüskarı olmadı, həm də müasir Azərbaycanın qurtuluş salnaməsinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin “Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm” kəlamı Şahlar müəllimin siyasi prinsiplərinə və dövlətçilik əqidəsinə verilən ən ali dəyər idi.
1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2000-2005-ci illərdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, sonrakı illərdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, UNEC İctimai Nəzarət Şurasının üzvü və YAP Veteranlar Şurasının üzvü kimi fəaliyyət göstərən alim hər zaman təhsilimizin islahatlarına, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət etmişdir. Bu müstəsna xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət” ordeni, “Əməkdar elm xadimi” fəxri adı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır.
Şahlar Əsgərovun fenomenliyi ondadır ki, o, dəqiq elmlərin məntiqini sosial fəlsəfəyə, milli düşüncə sisteminə gətirə bildi. Bir fizikin kəskin analitik zəkası ilə bir filosofun dərin mənəvi baxışını özündə birləşdirən alim cəmiyyət həyatındakı proseslərə həmişə orijinal kəşflər işığında yanaşdı. Yüzlərlə elmi və publisistik məqalənin, ondan çox kitabın müəllifi olan alimin qələmindən çıxan “Keçid dövrünə fəlsəfi baxış”, “Düşüncə tərzi”, “Yonulmuş daş yolda qalmaz”, “Heydər Əliyevin həyatının unikal səhifələri”... kimi kitabları cəmiyyətin mənəvi mənzərəsini çəkir.
Lakin bir Kəlbəcərli ziyalı, doğma yurdunun nisgilini illərlə qəlbində gəzdirən vətənpərvər insan kimi onun qələmindən süzülən ən müqəddəs sətirlər Zəfər tariximizlə bağlı oldu. Otuz ilə yaxın bir müddətdə doğma Kəlbəcərin işğalı ilə barışmayan, hər zaman qələmi ilə cəmiyyətə milli birlik və qurtuluş ruhu aşılayan Şahlar müəllim üçün 44 günlük Vətən Müharibəsi ömrün ən böyük mənəvi zirvəsinə çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, Kəlbəcərin və digər torpaqlarımızın azadlığa qovuşması alimin uzun illər qəlbində yaşatdığı ən böyük arzunun gerçəkləşməsi idi. Məhz bu böyük tarixi qələbədən sonra yazdığı “Düzgün qərarın hikməti” kitabı onun həmin şanlı Zəfərə, dövlətimizin tam suverenliyinə və milli birliyimizin fəlsəfəsinə həsr etdiyi ən dəyərli töhfəsi oldu. Doğma yurdunu azad, Azərbaycanı isə bütöv və qüdrətli görmək bir ziyalı kimi Şahlar Əsgərovun ömür səhifələrinə yazılan ən gözəl yazı idi.
Alim özünün müdriklik çağında da yazır, yaradır və gənc nəslə yol göstərir. Rəhbərliyi altında yetişən onlarla elmlər doktoru və fəlsəfə doktoru bu gün elmin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Tələbələri üçün Şahlar müəllim sadəcə elmi rəhbər deyil, eyni zamanda qayğıkeş bir ata, mənəvi dayaq və həyat məktəbidir.
İnsan var ki, illəri yaşayır, insan da var ki, illərə məna qatır. 85 illik ömür yolunu halallıqla, yorulmaz zəhmətlə və zəngin irslə naxışlayan Şahlar Əsgərov məhz illərə dəyər qatan ziyalılarımızdandır.
Onun qazandığı ən böyük sərvət isə dövlətinə göstərdiyi sadiqliyin qarşılığı, yetirmələrinin, həmkarlarının və Azərbaycan ictimaiyyətinin ona bəslədiyi tükənməz xalq sevgisi və ehtiramıdır. Bu əlamətdar yubiley günündə böyük alimimizə, dəyərli ziyalımıza möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni elmi uğurlar arzulayır!
Qurban SADIQOV,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri