05 Avqust 2026 10:30
256
Elm və texnika
A- A+
Rəqəmsal platforma xəbərləri necə idarə edir?

Rəqəmsal platforma xəbərləri necə idarə edir?


Alqoritmlər insanın bir xəbərə ayırdığı diqqəti son 10 ildə 12 saniyədən 8 saniyəyə endirib


İnformasiya dövründə xəbərin necə istehsal olunması qədər onun geniş auditoriyaya necə çatdırılması da böyük əhəmiyyət kəsb edir. Keçən əsrdə xəbər gündəmini ənənəvi qəzet redaktorları və televiziya rəhbərləri müəyyənləşdirirdi. Hazırda isə bu, böyük ölçüdə rəqəmsal platformaların əlinə keçib.

Rəsmi statistikalara görə, "Google" və "Facebook" kimi rəqəmsal nəhənglər qlobal onlayn reklam bazarının yarıdan çoxuna, təxminən 63,1 faizinə nəzarət edir. Reuters İnstitutu tərəfindən hər il hazırlanan "Rəqəmsal Xəbər Hesabatı"na əsasən, gənclərin (18-24 yaş arası) 50 faizdən çoxu əsas xəbər mənbəyi kimi artıq saytları yox, məhz "TikTok", "İnstaqram" və "YouTube" kimi sosial platformaları seçir. Bundan əlavə, ABŞ-nin Vaşinqton şəhərində yerləşən, dünyada ən nüfuzlu və müstəqil beyin mərkəzlərindən biri olan Pyu Tədqiqat Mərkəzinin son hesabatına görə, gənclərin (xüsusilə 30 yaşdan aşağı) üçdəbirindən çoxu xəbərləri müntəzəm olaraq "TikTok" vasitəsilə izləyir. Bu göstərici bir neçə il əvvəl 3-4 faiz civarında idi. Milyardlarla insanın informasiya axınını nizamlayan bu platformalar müasir dövrün ən böyük xəbər paylayıcısı kimi çıxış edirlər.

Rəqəmsal şəbəkələrin xəbər gündəmini diktə etmə sisteminin mərkəzində alqoritmlər durur. Alqoritm kompüterə müəyyən bir məqsədə çatması üçün verilən addım-addım təlimatlar toplusudur. Sosial şəbəkə platformalarında bu sistemlər istifadəçilərin klikləmə, bəyənmə, şərh yazma və videolara baxma müddəti kimi rəqəmsal izlərini daim görür. Toplanan məlumatlar əsasında mürəkkəb istifadəçi profilləri formalaşdırılır. Nəticədə alqoritm hər bir şəxs üçün xüsusi xəbər lenti qurur və hansı xəbərin önə çıxacağını, hansının isə kölgədə qalacağını təkbaşına müəyyən edir.

Ənənəvi redaksiya mühitində xəbərin dəyəri onun ictimai əhəmiyyəti, dəqiqliyi və obyektivliyi ilə ölçülürdü. Alqoritmik redaktədə isə əsas meyar "cəlbetmə" göstəricisidir. Sosial media platformalarının biznes modeli istifadəçini mümkün qədər uzun müddət ekrana kilidləmək üzərində qurulub. Bu səbəbdən alqoritmlər çox vaxt emosional, sensasiyalı, mübahisəli və qütbləşdirici xəbərləri daha sürətlə ön plana çıxarır. Sakit analizlər isə avtomatik olaraq aşağı sıralara düşür. Bu sistem iki mənfi rəqəmsal prosesə səbəb olur. Birincisi, məlumat qabarcıqlarıdır, yəni alqoritmlər insana, sadəcə, öz maraqlarına uyğun məzmunlar göstərir və onu fərqli fikirlərdən məhrum edir, ikincisi isə yalan xəbərlərin sürətli yayılmasıdır, sensasiyalı və saxta xəbərlər dərhal reaksiya topladığı üçün alqoritmlər onları önə çıxarır. Məsələn, Massaçusets Texnologiya İnstitutunun apardığı araşdırmadan məlum olur ki, saxta və uydurma xəbərlər doğru xəbərlərə nisbətən 6 dəfə daha sürətlə yayılır və 70 faiz daha çox insana çatır. Həmçinin alqoritmlərin daimi emosional gərginlik və sensasiya yaratması artıq auditoriyanı yormağa başlayıb. Reuters İnstitutunun qlobal araşdırmalarına görə, dünyada auditoriyanın təxminən 39 faizi xəbər oxumaqdan şüurlu şəkildə qaçır. İnsanlar alqoritmlər tərəfindən davamlı olaraq önə çıxarılan neqativ və gərgin kontentlərdən doyduqlarını bildirirlər.

Qeyd edək ki, qlobal medianın mərkəzləşməsi problemi rəqəmsal dövrdə yeni bir səviyyəyə qaldırılıb. Müstəqil xəbər saytları və ənənəvi qəzetlər öz auditoriyalarına çatmaq üçün bu platformalardan asılı olub. Alqoritmin etdiyi kiçik bir dəyişiklik minlərlə media qurumunun oxucu sayı və gəlirlərinin bir anda kəskin şəkildə düşməsinə səbəb ola bilir. Hətta "Facebook" şirkətinin xəbər alqoritmində etdiyi tək bir yeniləmə nəticəsində dünyada yüzlərlə media orqanı oxucularının yarıdan çoxunu itirmiş, bəzi böyük rəqəmsal nəşrlər fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. İnsan faktoru olan peşəkar redaktorların alqoritmlərlə əvəzlənməsi isə ciddi etik kəsirlər yaradır. Bunun ən bariz nümunələrindən biri "Microsoft" şirkətinin MSN ("Microsoft Network") portalında yaşanıb. Şirkət onlarca jurnalist və redaktoru işdən çıxararaq xəbərlərin seçilməsini tam olaraq alqoritmlərə həvalə edib. Lakin redaktor süzgəcinin yoxluğu qısa zamanda özünü göstərib, alqoritmlər dezinformasiya xarakterli, manipulyativ və etik standartlara cavab verməyən yazıları ana səhifəyə çıxarmağa başlayıb.

Sosial media şirkətləri xəbər gündəmini idarə etsələr də, özlərini məsuliyyətli nəşriyyatçı saymır, sadəcə, neytral texnoloji vasitə adlandırırlar. Lakin real mənzərə göstərir ki, alqoritmləri quran bu şirkətlər öz qaydalarını bütün cəmiyyətə diktə edirlər. ABŞ-nin İndiana Universitetinin "Botometer" layihəsi çərçivəsində aparılan araşdırmalardan məlum olur ki, sosial platformalarda gündəmə gələn mövzuların və siyasi xəbərlərin 10-15 faizi avtomatlaşdırılmış bot şəbəkələri tərəfindən süni şəkildə önə çıxarılır. Alqoritm bu süni reaksiyanı real kütlənin marağı kimi qəbul edərək, həmin xəbərləri milyonlarla insana təklif edir. Bu vəziyyət bir sıra hüquqi və etik suallar doğurur. İlk növbədə insanların doğru məlumat almaq hüququ rəqəmsal platformaların qazanc maraqlarına qurban verilməməlidir, ikincisi, redaksiya şəffaflığı tam təmin olunmalı, yəni alqoritmlərin hansı prinsiplərlə işlədiyi və xəbərləri necə sıraladığı açıq bildirilməlidir, üçüncüsü isə gizli məhdudiyyətlər aradan qaldırılmalıdır, çünki qeyri-şəffaf alqoritmlər səbəbindən vacib sosial və siyasi mövzuların süni şəkildə boğulması riski var.

Rəqəmsal platformaların xəbər gündəminə təkbaşına nəzarət etməsi azad müzakirələrə zərər vurur. Bu vəziyyət demokratik dəyərlər üçün də ciddi təhlükə yaradır. Problemi həll etmək üçün sosial media şirkətləri öz məsuliyyətini bilməlidir. Onlar xəbər paylaşarkən jurnalistika etikasına və insan hüquqlarına riayət etməlidirlər. Eyni zamanda dövlətlər və beynəlxalq təşkilatlar bazarda inhisarın qarşısını almalıdırlar. Alqoritmlərin işini şəffaflaşdırmaq üçün isə təsirli və işlək qanunlar qəbul edilməlidir.

Beləliklə, cəmiyyətin rəqəmsal və media savadlılığını artırmaq vacibdir. Oxucular alqoritmlərin təqdim etdiyi hazır xəbər lenti ilə kifayətlənməməlidirlər. Onlar fərqli mənbələrdən istifadə etməyi və faktları yoxlamağı öyrənməlidirlər. Alqoritmlərin birtərəfli təsirini yalnız iki yolla azaltmaq olar. Bu, platformaların məsuliyyətli davranması və insanların tənqidi təfəkkürə yiyələnməsidir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı  

11:00
05 Avqust

Neft qiymətləri ucuzlaşır  

10:55
05 Avqust

Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür  

10:50
05 Avqust

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb  

10:45
05 Avqust

Paşinyanın yeni komandası və İrəvanın 5 illik "yol xəritəsi"

10:40
05 Avqust

Rəqəmsal platforma xəbərləri necə idarə edir?

10:30
05 Avqust

Bağban fermerin növbəti arzusu müasir soyuducu anbar tikməkdir

10:20
05 Avqust

Müasir suvarma sistemləri ilə bağlı sahə görüşü keçirilib

10:10
05 Avqust

Elmə və dövlətçiliyə həsr olunmuş ziyalı ömrü   

10:09
05 Avqust

Xızıda kitabsevərlər bir araya gəldilər

10:00
05 Avqust

Neftçalada yeni layihə reallaşdırılır

09:50
05 Avqust

Xaçmazın yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb

09:40
05 Avqust

Ağstafalı fermerlərin başları işdən açılmır

09:30
05 Avqust

Burada günəşin istisi "yaşıl enerji"yə çevriləcək 

09:20
05 Avqust

BP və tərəfdaşları Azərbaycan gənclərinə təhsildə dəstəyi davam etdirirlər 

09:10
05 Avqust

Avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaların həcmi 34 faiz artıb

09:00
05 Avqust

Daha bir mərhələ keçildi

08:50
05 Avqust

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji müttəfiqlik müstəvisindədir

08:40
05 Avqust

Çolpon-Ata Bəyannaməsi strateji tərəfdaşlığı gücləndirən mühüm yol xəritəsidir

08:30
05 Avqust

Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

08:20
05 Avqust

57 il əvvəl Azərbaycanın tarixində yeni dövr başladı

08:10
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!