"Yeni Səngəçal" yarımstansiyası "Şəfəq" GES-i ölkənin enerji sisteminə inteqrasiya edəcək
Xəbər verildiyi kimi, bu günlərdə "Azərenerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyası açılıb. Açılışda Prezident İlham Əliyevin iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.
Bu, irimiqyaslı bir "yaşıl enerji" layihəsidir və Cəbrayıl rayonundakı 240 meqavat gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının Azərbaycanın enerji sisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerji sistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə "Azərenerji" ASC ilə BP şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.
Xatırladaq ki, keçən ilin iyun ayında təsdiqlənmiş 200 milyon dollar dəyərində "Şəfəq" layihəsi çərçivəsində işğaldan azad olunmuş Cəbrayıl rayonunda eyniadlı yeni günəş-elektrik stansiyası tikilir. Stansiyanın təməli 2024-cü ilin noyabrında COP29-un keçirildiyi günlərdə qoyulub. Layihə 2021-ci ilin iyununda Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.
"Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər tikilməsi nəzərdə tutulmuşdu ki, onlardan biri də açılışı edilən 220/110 kV-luq elektrik yarımstansiyasıdır.
Qeyd edək ki, ilkin mərhələdə "Azərenerji" tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın açılışı dövlətimizin başçısının iştirakı ilə bu ilin mayında olub. Həmin yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün "Cəbrayıl" Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur "yaşıl enerji"nin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.
Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz edilib. Rəqəmsal İdarəetmə Mərkəzində məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurulub, mərkəzi SCADA sisteminə inteqrasiya olunub.
"Şəfəq" Günəş-Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, "yaşıl enerji"nin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir.
"Yeni Səngəçal" yarımstansiyasının açılışı isə layihənin növbəti mərhələsidir. Bu obyekt Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Yaxın gələcəkdə Cəbrayılda istehsal edilən günəş elektrik enerjisi ölkənin enerji sistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.
Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260-330 min ton azalacaq.
"Yeni Səngəçal"ın ümumi sahəsi 6,5 hektardır. Yarımstansiya 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkənin enerji sisteminə qoşulub. Bu obyektin enerji təchizatı 785 MVt gücündə "Cənub" və 385 MVt gücündə "Qobu" elektrik stansiyaları və 500 kV-luq "Abşeron" yarımstansiyası olmaqla üç müstəqil mənbədən təmin edilir.
Buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti də çəkilib. Daha iki bu cür hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.
BP-nin Səngəçal terminalının 80 meqavatlıq və "Şahdəniz" Kompressor Stansiyasının 85 meqavatlıq elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.
Bir vacib məqam da odur ki, müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb. Burada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib.
Deyilənlərə onu da əlavə edək ki, "Şəfəq" stansiyasının özünün də tikintisi qrafikə uyğun davam edir. Bir neçə ay əvvəl burada artıq günəş panellərinin quraşdırılmasına başlanıb.
Flora SADIQLI,
"Azərbaycan"