Cənubi Qafqazda ən böyük olacaq Biləsuvar Günəş-Elektrik Stansiyasının tikintisi sürətlə davam edir
Yer üzündə tək bir enerji var ki, heç vaxt tükənmir və ətraf aləmə ziyan vurmur. Bu, günəş enerjisidir. Bəlkə də o üzdən bütün xalqlar günəşi həyat bilirlər, müqəddəs sanırlar.
Ölkəmizdə neft və qaz ehtiyatlarının kifayət qədər olmasına baxmayaraq, qarşıya günəş enerjisindən maksimum istifadə etmək vəzifəsi qoyulub. Bu da təsadüfi deyil. Ekoloji cəhətdən təmiz olduğu üçün "yaşıl enerji" sayılan günəş, eləcə də külək, su, bioloji enerji bu gün bəşəriyyətin təbii fəlakətlərdən xilas yollarından biri hesab edilir.
Ələt-Astara magistral şose yolunun Biləsuvar rayonu ərazisinə keçidinin şimalında, təxminən bir kilometr kənarda külli miqdarda ağır texnikaların hərəkəti müşahidə olunur. Bura Biləsuvar Günəş-Elektrik Stansiyasının tikintisinin getdiyi ərazidir. Jurnalist olaraq obyektə baş çəkmək qərarına gəldik. Bunun üçün öncə tikintinin Bakı ofisinin məsul işçilərindən biri - Murad Sadıqovla telefon əlaqəsi saxlayıb fikrimizi bildirdik.
- Lap yaxşı, sabah səhər saat 10-da orada olarsınız. Tapşıracağam, sizi qarşılayıb stansiyanın tikintisinin gedişi barədə ətraflı məlumatlandırsınlar, - dedi.
Elə də oldu. Səhəri gün deyilən vaxtda stansiyanın yoxlama-buraxılış məntəqəsinə gəldik. Adımı, soyadımı öyrənib birinci məntəqədən keçməyimə icazə verdilər. Torpaq yolla təxminən 200 metr gedib 2-ci buraxılış məntəqəsinə çatdıq. İşçilər ofislə əlaqə saxladıqdan sonra obyektə getməyə icazə verdilər.
Yolboyu hər tərəfdə qızğın iş getdiyinin şahidi olduq. Nəhayət, "SOCAR GREEN"in ofisinə çatdıq. Burada bizi şirkətin məsul işçiləri, layihənin icrasının rəhbərləri Kamil Manafov və Alp Ər Tunqa qarşıladılar. Qeyd edək ki, ofisdə təmizlik, səliqə-sahman hökm sürürdü. Hər kəs bomboz Muğan düzündə yüngül konstruksiya ilə qurulmuş birmərtəbəli səyyar binanın otaqlarında öz işi ilə məşğul idi. İclas zalında oturub söhbət etdik. Kamil Manafov müəyyən məlumatlar verib burada çalışan şirkətlərin birgə keçirdikləri iclasda iştirak etməsinin vacibliyini deyərək onu üzrlü hesab etməyimizi istədi və suallarımıza cavab verməyi Alp Ər Tunqaya həvalə etdi.
Alp Ər Tunqanın ata-anası Qərbi Azərbaycandandır. 90-cı illərin məlum hadisələri zamanı qaçqın kimi Azərbaycana pənah gətiriblər. Burada ailə qurublar.
- Mən dünyaya Azərbaycanda göz açmışam. Bu adı da mənə valideynlərim veriblər.
Mühəndislik ixtisasını isə qardaş Türkiyədə almışam.
Onun tikinti barədə dediklərindən öyrəndik ki, Biləsuvar Günəş-Elektrik Stansiyasının (GES) tikintisinə 2025-ci ilin 2-ci yarısında start verilib. Layihənin sifarişçiləri Birləşmiş Ərəb Əmirliyinin "MASDAR" və Azərbaycanın "SOCAR GREEN" şirkətləridir. Baş podratçı Çinin "NWEPOJ" şirkətidir. İşləri icra edən Çin şirkətinin tərkibində 30-a yaxın törəmə təşkilat fəaliyyət göstərir. Onlar stansiyada aparılan tikinti işləri, ağırtonlu maşınlarla obyektə mal-materialların, qum-çınqıl, sement, beton məmulatlarının gətirilməsi, buldozer və ekskavatorlarla ərazidə planlaşdırmanın aparılması, dirəklərin basdırılması, yeraltı kabellər üçün xəndəklərin qazılması, yol çəkilişi, bina tikintisi və digər işlərlə məşğuldurlar. Bunların hamısını idarə edənlər isə 1500 nəfərdən ibarət insanı birləşdirən kollektivdir.
Stansiyada görülən işlərin keyfiyyətinə nəzarət İspaniyanın 20 mühəndisi olan "MAJ" şirkətinin üzərinə düşür. Ümumi ərazisi təxminən 1500 hektar olan stansiyada bir milyon günəş paneli quraşdırılacaq. Stansiyanın ümumi gücü 445 meqavata (MVt) hesablanıb. İl ərzində burada 961 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək və o, Cənubi Qafqazda ən böyük GES olacaq.
Hazırda stansiyada günəş panellərinin quraşdırılması, alt konstruksiya sisteminin tikintisi aparılır. Özülü betonla bərkidilmiş günəş panelləri dirəklərinin sayı 138 min olacaq. Dirəklərin 100 mindən çoxu artıq quraşdırılıb.
445 MVt-lıq yarımstansiyada da işlər davam edir və noyabr ayında başa çatdırılacaq. Texnoloji avadanlıqların demək olar hamısı Çin Xalq Respublikasından gətirilir. Günəş panelləri, onların alt konstruksiyaları, 400 MVA-lıq 2 transformator, kabellər və digər avadanlıqların çox hissəsi daşınıb obyektə gətirilib. Yalnız transformatorun biri yoldadır ki, onun da yaxın günlərdə stansiyaya daxil olması gözlənilir. Bu transformatorların hər birinin çəkisi 250 tondur, yağ töküləndən sonra isə 400 tona çatır.
Üç növbədə tikintisi davam edən stansiyada işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılıb. Həmin vaxt Biləsuvar GES respublikamızın ümumi enerji sisteminə qoşulacaq.
Stansiyada olarkən ölkəmizdə gedən inkişafın bir daha canlı şahidinə çevrildik. Bu inkişafın mühüm bir hissəsi olan Biləsuvar GES əhəmiyyətinə, mahiyyətinə görə misilsizdir. O, qloballaşan dünyamızda "yaşıl enerji" mənbəyi kimi ətraf mühitin qorunması və ekoloji çirklənmənin qarşısının alınmasında, eyni zamanda iqlim dəyişiklikləri -Yer kürəsinin istiləşməsi ilə mübarizədə mühüm rol oynayacaq.
Seyran CAVADOV,
"Azərbaycan"