Kənd təsərrüfatı məhsulları istehsalında seçilən ağstafalı fermerlər yeni aqrar inkişaf dövlət proqramından irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlərə start vermişlər. Xüsusilə taxılçılar uğurlu göstəricilərə nail olmuşlar.
Cari ilin məhsulu üçün rayon üzrə 8187,2 hektarda taxıl səpini aparılmışdı ki, bunun da 4812,3 hektarı buğda, 3374,9 hektarı arpa idi. Səpinə "Aqroservis" MMC-nin və fermerlərin 90-dək şəxsi texnikaları cəlb edilmiş, orta məhsuldarlıq 31,9 sentnerə çatmışdır. Fermerlərdən Elxan Cürənli 130, Köçəsgər kənd sakinləri Gülbəniz Mehdiyeva 70, Elmira İsmayılova 20, Komsomol Məmmədov 18 hektar sahədən nəzərdə tutduqlarından çox taxıl götürmüşlər. Rayonun ən çox taxıl əkən kəndləri arasında Göycəli, Köçəsgər, Eynallı, Dağ Kəsəmən və Qıraq Kəsəmən kəndləri yenə də fərqlənmişlər.
Fermerlər yazlıq əkinləri üçün 207,31 hektarda kartof, 583,11 hektarda yazlıq və yaylıq günəbaxan, 175,83 hektarda yazlıq və yaylıq qarğıdalı bitkisi əkmişlər. Hazırda kartof yığımı gedir.
Əvvəlki illərdə olduğu kimi, Ağstafada meyvə bağlarının salınmasına da diqqətlə yanaşılır. Son məlumata görə, fermerlərin öhdəsində 1619,3 hektar meyvə bağı var. Onlar bağlara üzvi və mineral gübrələr verdikdən sonra ağacların dibini yumşaltmağa, budama və təmir işlərinə başlamışlar.
Rayonda intensiv meyvə bağlarına da maraq artır. Ramiz Nuriyev "Kur Fruit Company" MMC-də 11 adda müxtəlif çeşiddə intensiv meyvə bağı salmışdır. Kolxəlifəli kəndində Səxavət Binnətovun 55, Aşağı Göycəli kəndində Nazim Əhmədovun 6, Zəlimxan kəndində Elfaq Mamayevin də 1,49 hektarda intensiv fındıq bağı var. Fermerlər bağlara yüksək səviyyədə qulluq etməklə 100 faiz bitiş əldə etmişlər.
Ağstafa üzüm istehsalında da fərqlənən rayonlardandır. Hazırda rayon üzrə 508 hektar üzüm bağı var. Keçən il hər hektardan orta hesabla 153 sentner məhsul əldə edən bağbanlar bu il həmin rəqəmi artırmaq istəyirlər. Üzüm istehsalında Poylu kəndindən Səməndər Vəliyev, Qurban Aslanov, Kolxəlifəli kəndindən Yulət Kərimov fərqlənirlər. Hazırda bağlarda xəstəliklərə qarşı mübarizə tədbirləri aparılır.
Sabir ƏLİYEV,
"Azərbaycan"