Hazırda dünya ticarətinin əsas hissəsi dənizlər üzərindən həyata keçirilir. İkinci yerdə isə avtomobil nəqliyyatıdır. Avtomobillərlə daşımalar da qlobal ticarətdə yüksək çəkiyə malikdir.
Azərbaycanın apardığı logistika siyasətində ölkəmiz üzərindən avtomobil daşımalarının həcminin artmasına xüsusi diqqət yetirilir. Son vaxtlar avtomobillə tranzit yüklərin daşınması üçün bir çox tədbir görülür. Məsələn, elektron "İcazə" blanklarının tətbiqi ilə bu növ nəqliyyatla yükdaşımaların həcminin xeyli artmasına nail olunub. "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası"nın (ABADA) baş katibi Kənan Qurbanov bildirmişdir ki, ABADA İctimai Birliyinin və tərəfdaş qurumların həyata keçirdiyi layihələr nəticəsində bu ilin yanvar-iyun aylarında ölkədə beynəlxalq yükdaşımaların (BYD) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artıb. O, həmçinin vurğulamışdır ki, artıq Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron "İcazə" blanklarının tətbiqinə başlanılıb: "Tezliklə Rusiya və Gürcüstan da bu sistemə qoşulacaq. Həmçinin Türkmənistan ilə birgə "e-TIR", eləcə də Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) ilə e-CMR tətbiqi layihələri icra olunur. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Bölgəsində Avtomobil Nəqliyyatı Assosiasiyaları İttifaqı (BSEQ-URTA) və Türk Regionunda Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyaları İttifaqı (TDT-URTA) çərçivəsində əlaqələr genişləndirilib. Azərbaycanın Qazaxıstan, Monqolustan, Çin və Gürcüstan ilə Qarışıq Komissiyalarının işində aktiv iştirak etmişik".
Azərbaycan Orta dəhlizdə dəmir yolu ilə yanaşı, avtomobillə də yükdaşımaların həcminin artırılması üçün tədbirlər görür. İşğaldan azad olunmuş ərazilərdə beynəlxalq standartlara cavab verən avtomobil yollarının tikilməsi həm də qlobal tranzit yüklərin daşınmasına əlavə imkanlar yaradacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 19,2 kilometrlik Füzuli-Xocavənd avtomobil yolunda tikinti işləri davam edir. Bildirilir ki, hazırda yolun müxtəlif hissələrində torpaq işləri, drenaj sistemlərinin qurulması və suötürücü qurğuların inşası həyata keçirilir. Layihə üzrə ümumi icranın səviyyəsi 33,5 faizə çatıb.
Həmin məlumatda bildirilir ki, Füzuli və Xocavənd rayonlarını birləşdirən bu strateji yol nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, təhlükəsiz yük və sərnişin daşımalarına, eləcə də Qarabağın sosial-iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verəcək. Sözsüz ki, bu yolun istifadəyə verilməsi həmçinin ölkəmizin beynəlxalq avtomobillə yükdaşımaları imkanlarını artıracaq.
Onu da vurğulayaq ki, işğaldan azad olunmuş ərazilərdə tikilən bütün avtomobil yolları Zəngəzur dəhlizinə (TRIPP) çıxmağı asanlaşdırır. Məqsəd gələcəkdə bu dəhlizlə dəmir yolu ilə yanaşı, avtomobil yolları ilə də tranzit yüklərin daşınmasının həcmini artırmaqdır.
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, Horadiz-Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, dəmir yolu xəttinin inşası da son mərhələyə çatıb: "Burada inşaat işlərinin bitməsi ilə bir çox şirkət bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirmək üçün maraq göstərir. Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək".
Rüstəm KAMAL,
"Azərbaycan"