Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər tarixi köklərə dayansa da, son illər bu ölkələrin əlaqələrinin bir çox istiqamətdə dinamik inkişafı daha çox müşahidə olunur. Dövlət başçılarının qarşılıqlı səfərləri, tədbirlərdə birgə iştirakı həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrə müsbət impuls verməklə, türk dövlətlərinin birliyini möhkəmləndirir.
Bu gün Azərbaycan türk dünyasının birliyinə, əlaqələrin möhkəmlənməsinə, münasibətlərin hər məcrada inkişafına xüsusi önəm verir. "Bizim ailəmiz türk dünyasıdır" deyən Prezident İlham Əliyev məhz türk birliyinin möhkəmlənməsi istiqamətində davamlı təşəbbüslərlə çıxış edir. Elə bunun nəticəsidir ki, son dövrlərdə türk dövlətləri arasında dinamik inkişafı görürük. Bu baxımdan iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyətə malikdir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirərək, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirir və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edir.
Türk dövlətləri üçün mühüm siyasi sənəd olan bu bəyannamə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığını yeni mərhələyə daşıyır. Sənəddə humanitar, ticarət, nəqliyyat-logistika, biznes, mədəni əlaqələrlə bağlı müddəalar var.
Bəyannamədə tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya bağlarına xüsusi yer ayrılması diqqət çəkir. Sənəddə tərəflərin keçmiş, bugünkü və gələcək əlaqələri, əməkdaşlığın mövcud səviyyəsi göstərilir. Eyni zamanda türk xalqlarını birləşdirən ortaq dilin, adət-ənənələr və mədəni əlaqələrin əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaratdığı çatdırılır.
Bəyannamədə beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyin bir daha vurğulanması mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Sənəddə dövlətlərin suveren bərabərliyi, müstəqilliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qorunması, eləcə də daxili işlərə qarışmamaq prinsiplərinə sadiqlik təsdiqlənir. Bu yanaşma təkcə ikitərəfli münasibətlərin hüquqi əsaslarını möhkəmləndirmir, həm də regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə töhfə verir. Xatırladaq ki, regional təhlükəsizlik məsələsi bəyannamədə əsas istiqamətlərdən birini təşkil edir. Belə ki, tərəflər regional əməkdaşlığın uzunmüddətli və dayanıqlı olması üçün təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər. Eyni zamanda regional təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı birgə mübarizə aparacaqlar. Bəyannamədə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər təhlükələrə qarşı birgə mübarizənin vacibliyi vurğulanaraq, bunların prioritet istiqamətlər olduğu təsdiqlənir. Bu təhdidlərin qarşısının alınması üçün də birgə və koordinasiyalı fəaliyyət ön plana çəkilir.
Çolpon-Ata Bəyannaməsində Azərbaycan-Mərkəzi Asiya dövlətləri arasında humanitar əməkdaşlığın inkişafına dair müddəalar da yer alır. Sənəddə təhsil, elm, mədəniyyət, gənclər siyasəti və turizm sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanır. Bu istiqamətlər üzrə əməkdaşlıq təkcə dövlətlərarası münasibətləri deyil, xalqlar arasında qarşılıqlı anlaşmanı, dostluğu və etimadı da gücləndirir. Eyni zamanda universitetlər, elmi-tədqiqat institutları və analitik mərkəzlər arasında əlaqələrin genişlənməsi birgə elmi layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına yeni imkanlar açır.
Bəyannamədə mədəni irsin, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verilməsi də diqqətçəkən məqamlardandır. Bu onu göstərir ki, tərəflər milli kimliklərini qoruyaraq, əməkdaşlıq qurmaq, əlaqələrini inkişaf etdirmək istəyirlər. Bu həm də xalqlar arasında qarşılıqlı hörmətin, tolerantlığın və uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Sənəddə yer alan əsas istiqamətlərdən biri də günümüzdə inkişafına xüsusi önəm verilən, xalqları, mədəniyyətləri bir-birinə yaxınlaşdıran, bir-birləri haqqında təəssürat yaradan turizm sahəsinin inkişafıdır. Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi region ölkələrinin cəlbediciliyini artırmaqla yanaşı, xalqlar arasında birbaşa əlaqələrin də inkişafına təkan verəcək. Son dövrlər Azərbaycan Hava Yollarının (AZAL) Mərkəzi Asiya şəhərlərinə açdığı birbaşa reyslər də turizm sahəsinə ayrılan diqqəti bir daha təsdiqləyir.
Digər mühüm məqam ölkələr arasında ticarət və nəqliyyat-logistika imkanlarının daha da genişləndirilməsidir. Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm tranzit mərkəzi olduğunu qəbul edərək, ölkəmizlə əlaqələrin inkişafına xüsusi önəm verirlər. Bu baxımdan Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) mühüm əhəmiyyətə malikdir. Bu nəqliyyat marşrutu hazırda təhlükəsiz istiqamət olmaqla yanaşı, yüklərin daha qısa zamanda daşınmasına imkan verir. Bundan əlavə, region ölkələrinin qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyasına şərait yaradır. Bütün bunlar isə ölkələrin logistika imkanlarını genişləndirir. Sənəddə tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya yatırımı, ümumilikdə biznes sahəsində əməkdaşlığın genişləndirilməsi niyyətini bəyan edirlər.
Ümumilikdə, Çolpon-Ata Bəyannaməsi türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi sənəddir. Bəyannamədə əks olunan prinsiplər qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ortaq maraqların qorunmasına və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edir. Sənəd siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat, enerji, rəqəmsal inkişaf, humanitar və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi üçün mühüm istiqamətlər müəyyənləşdirir. Eyni zamanda üzv dövlətlərin beynəlxalq məsələlərdə koordinasiyalı şəkildə və ortaq mövqedən çıxış etməsinə şərait yaradır. Bəyannamənin müddəalarının ardıcıl şəkildə həyata keçirilməsi əməkdaşlığın daha da dərinləşməsinə və regionda sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Nəticə etibarilə Çolpon-Ata Bəyannaməsi türk birliyinin gələcək inkişafına istiqamət verən və üzv ölkələr arasında strateji tərəfdaşlığı daha da gücləndirən mühüm yol xəritəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"