Bir müddətdən sonra planetin sakinləri azalmağa başlayacaq
Son hesablamalara əsasən Yer planetinin əhalisi 8,009 milyard nəfərdir. Bu məlumatı real vaxt rejimində hesablama aparan "Countrymeters" statistik xidməti təqdim edib. Hesabatda qeyd olunduğu kimi, dünyada kişilər qadınlara nisbətən üstünlük təşkil edir - 50,5 faizə qarşı 49,5 faiz.
Ən çox əhalisi olan ilk beş ölkə bunlardır: Çin - 1,456 milyard, Hindistan - 1,418 milyard, ABŞ - 336 milyon, İndoneziya - 281 milyon, Pakistan - 230 milyon.
Xatırladaq ki, BMT-nin məlumatına görə, dünya əhalisinin sayının 2022-ci il noyabrın 15-də səkkiz milyard nəfərə çatacağı proqnozlaşdırılmışdı.
Ekspertlər bildirirlər ki, dünya əhalisinin 9,7-10 milyard nəfərlik pik həddi 2050-ci illərin sonunda və ya 2070-ci ildə gözlənilir. Bundan sonra planetin əhalisi azalmağa başlayacaq. Bu isə ölkələrin azalması və əhalinin qocalması ilə əlaqədar olacaq.
"The Wall Street Journal" qəzeti yazır ki, dünya əhalisi heç vaxt 10 milyarda, hətta 9 milyarda çata bilməz və gələcəyin əsas demoqrafik problemləri insanların həddindən artıq çoxluğu ilə deyil, əhalinin qocalması və azalan işçi qüvvəsi ilə bağlı olacaq.
Məqalədə deyilir: "Dünyada doğum səviyyəsi o qədər sürətlə aşağı düşür ki, biz potensial olaraq insan populyasiyasının pik həddinə bir nəsildən az müddətdə çata bilərik".
Bu arada, Oksforddakı Qida Standartları Agentliyinin alimləri ətraf mühitə mənfi təsir göstərən məhsulların adlarını açıqlamışlar. Britaniyanın "Daily Mail" qəzeti yazır ki, onlar istixana qazı emissiyalarını, torpaqdan istifadəni və su qıtlığı problemlərini öyrəniblər. Tədqiqatçılar hesab edirlər ki, ətraf mühit üçün zərərli məhsullar bunlardır: ət, qoz-fındıq və quru meyvələr, qəhvə, pendir, balıq və dəniz məhsulları, çay, piroqlar, ziyafət xörəkləri, cemlər, mürəbbələr, şokolad və hazır yeməklər.
Bundan əlavə, qeyd olunur ki, bu məhsullar supermarketlərdə əhali tərəfindən alınan ərzağın əksəriyyətini təşkil edir.
Atmosferə ən az təsir edən məhsulların siyahısına isə bunlar daxildir: likörlar, qızardılmış kartof, soğan halqaları, düyü, şirələr, zeytun, turşular, idman və enerji içkiləri, qazlı içkilər, o cümlədən kola, çipslər və düyü .
Tədqiqatçılar həmçinin meyvə, tərəvəz, şəkər və un ilə hazırlanan şorbalar, salatlar, çörək və dənli bitkilərdən düzəldilən səhər yeməklərinin təsir göstəricilərinin aşağı olduğunu, ət, balıq və pendirlə hazırlanan qidaların isə ən yüksək nəticə göstərdiyini müəyyən ediblər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"