Qədim Bakının memarlıq tikililəri, məhəllə və meydanları sırasında məscid və inanc yerlərinin mühüm yeri var. Belə tarixləşən ünvanlardan biri də paytaxtın Keşlə qəsəbəsində yerləşən, qədimdən Şah Abbas məscidi kimi tanınan tikilidir. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində məscidin tarixi və taleyi ilə tanışlıq bizi xəyalən ötən əsrin əvvəllərinə apardı.
Məxəzlərdən məlum olur ki, Bakının qədim məscidlərindən hesab edilən bu tikili Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilmişdir. Sahəsi 139, ümumi ərazisi 1300 kvadratmetr olmaqla yerli əhəmiyyətli memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.
Sovet hakimiyyəti illərində məsciddən istifadə edilməmişdir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Keşlə qəsəbə sakinlərinin məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə etdikləri müraciət öz həllini tapmışdır.
Dövlət başçısının tapşırığına əsasən, məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Məsciddə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən araşdırmalar aparılmış, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilmiş, rəyə Konstruksiya layihəsi hazırlanmışdır. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması üçün yüksəkkeyfiyyətli ineksiya işləri görülmüşdür.
Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilmiş, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları ilə bərpa olunmuş və yenilənmişdir. Daxildə sonradan görülmüş suvaq işləri sökülmüş, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılmışdır. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuş, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilmişdir. Bundan əlavə, həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək yenidən inşa edilmişdir. Burada imam üçün otaq, 80 yerlik ehsan zalı, 70 yerlik əlavə ibadət zalı, kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları ibadətçilərin xidmətindədir.
Məscidin həyətinə daxil olmaq üçün 2 giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilmişdir. Əlavə olaraq məscidin ətraf ərazilərində abadlıq-quruculuq və təmir işləri aparılmış, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənmiş, yaxın məhəllələrə asfalt örtüyü vurulmuş, kommunikasiya xətləri təmir edilmiş, küçə işıqları sistemi yenidən qurulmuş, yaşıllıqlar salınmış, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilmişdir.
Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş bərpa və restavrasiya işlərindən sonra yeni görkəm alan Şərq memarlıq ənənələrini özündə ehtiva edən məscid müasirliyi və qədimliyi ilə Bakıya gələn turistlərdə, habelə gənc nəsildə böyük maraq doğurur.
Rəhman SALMANLI,
"Azərbaycan"