XX əsr yalnız siyasi təlatümlərlə deyil, eyni zamanda iqtisadi inkişafla, mədəni tərəqqiyə meyillərin güclənməsi ilə gəldi. Azərbaycanın mərkəz şəhəri - Bakı sürətlə dəyişdi. Neft hasilatının yüksəlməsi Bakını Qafqazın sənaye mərkəzinə çevirdi.
Amma o dövrdə Bakı həm də ictimai fikrin, mətbuatın və maarifçiliyin inkişafına çalışan Azərbaycanın qabaqcıl övladlarının toplandığı məkan idi. Əhalinin böyük hissəsinin savadsızlığı, məktəblərin azlığı, uşaqların təhsil almaq imkanlarının məhdudluğu onları rahatsız edirdi.
Problem böyük idi. Məktəb açmaq, müəllim hazırlamaq, kitab almaq və uşaqların təhsilinə yardım göstərmək yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin işi olmalı idi. Bu mənada Azərbaycanda maarif və xeyriyyə cəmiyyətlərinin yaradılması labüd idi. Belə bir vaxtda, 120 il öncə Bakıda "Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" Cəmiyyəti yaradıldı.
Cəmiyyətin ilk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq edildi. Həmin il noyabrın 10-da Bakı Dumasında "Nəşri-maarif" Cəmiyyətinin açılışı keçirildi. 1906-cı il noyabrın 24-də isə "Nəşri-maarif"in idarə heyətinə ilk seçkilərdə cəmiyyətin tərkibi müəyyənləşdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, Məmmədhəsən Hacınski sədr müavini seçildi. Əhməd bəy Ağayev, Əli İsgəndər Cəfərov, Əbdüləli bəy Əmircanov, Həsən bəy Məlikov, Məhəmmədəli bəy Nəzirov və başqa tanınmış şəxslər də cəmiyyətin fəaliyyətinə cəlb olundular.
Azərbaycanda, xüsusilə Bakıda müsəlman əhali arasında təhsilin və maarifin yayılmasında "Nəşri-maarif" cəmiyyətinin mühüm xidmətləri oldu. Maarifçilik məqsədi daşıyan bu cəmiyyət Bakı quberniyasının müxtəlif ərazilərində məktəblər açaraq kütləvi savadsızlığın və cəhalətin aradan qaldırılmasına səy göstərirdi. Cəmiyyətin fəaliyyətinə sənaye və ticarət sahibkarları da maddi dəstək verirdilər.
Cəmiyyət kənd müsəlman əhalisi arasında maarifin yayılması istiqamətində böyük işlər reallaşdırdı. Onun əsas məqsədlərindən biri maarifin əhəmiyyətini xalqa çatdırmaq və valideynlərdə uşaqlarını məktəbə göndərmək istəyini formalaşdırmaq idi. Savadsızlığın geniş yayıldığı bir mühitdə bu məqsədə nail olmaq ciddi çətinliklər tələb etsə də, "Nəşri-maarif" cəmiyyəti buna nail ola bilirdi.
"Nəşri-maarif" fəaliyyətinin ilk vaxtlarında, əsasən, Bakını əhatə edirdi. Həmin vaxt şəhərdə müsəlman uşaqlarının dünyəvi təhsil ala biləcəyi məktəblərin sayı çox az idi. Rus-tatar məktəbləri əhalinin ehtiyaclarını tam ödəmirdi. Rayon və kəndlərdə fəaliyyət göstərən məktəblərin vəziyyəti isə acınacaqlı idi. Bir çox şagird illərlə dərs alsa da, bilik əldə edə bilmirdi.
Bu vəziyyəti nəzərə alan cəmiyyətin idarəsi 1907-ci ildə Bakının müsəlman əhalisinin yaşadığı üç əsas mərkəzdə məktəblər açdı. Həmin təhsil ocaqları qısa müddətdə əhali arasında rəğbət qazandı. Cəmiyyətin digər məktəblərində olduğu kimi, burada da təlim yeni üsulla və pulsuz həyata keçirilirdi.
Cəmiyyətin büdcəsi daimi üzvlərin üzvlük haqları, birdəfəlik ianələr, hər il təşkil olunan müsəlman gecələrindən əldə olunan gəlirlər hesabına formalaşırdı. Hacı Zeynalabidin Tağıyevin rəhbərliyi ilə Bakı idarəsinin razılığı əsasında teatr tamaşaları, xeyriyyə tədbirləri və konsertlər təşkil olunurdu. Bu tədbirlərdə varlı təbəqənin nümayəndələri, xarici konsulluqlar və quberniya rəhbərləri iştirak edir, cəmiyyətə maddi yardım göstərirdilər. Həmin hesaba "Nəşri-maarif" cəmiyyəti Bilgəh, Balaxanı, Zabrat, Bülbülə, Qala, Hövsan, Keşlə, Ramana, Suraxanı, Şağan, Buzovna, Binə və digər yaşayış məntəqələrində 16 ibtidai məktəb açdı. Təhsil alan uşaqların sayı ildən-ilə artdı. Bu məktəblər arasında Balaxanıda 4 sinifli və Zabratda 2 sinifli qız məktəbləri də fəaliyyət göstərirdi.
Müxtəlif illərdə cəmiyyətin Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, həmçinin Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyə və Rumıniyada şöbələri yaradıldı. Yeni məktəblər açmaqla yanaşı, cəmiyyət mövcud təhsil müəssisələrinə maddi yardım da göstərirdi. Şagirdlər kitab, dəftər, dərslik, qələm və mürəkkəblə təmin edilir, yoxsul uşaqlara təqaüd formasında yardım edilirdi. Təhsil tamamilə pulsuz idi. Məktəblərdə ana dili, rus dili, fars dili, hesab, coğrafiya, tarix, gigiyena və digər fənlər tədris olunurdu.
"Nəşri-maarif"in Bakıda və onun kəndlərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək 20 məktəbi fəaliyyət göstərdi. Həmin təhsil ocaqlarından ikisi qız məktəbi idi.
1907-ci ildə cəmiyyətin Bakıda Darülmüəllimin - "İslam" müsəlman müəllimlər seminariyası fəaliyyətə başladı. Seminariya 3 il fəaliyyət göstərdi. Təəssüf ki, sonradan maliyyə problemləri səbəbindən bağlandı.
Cəmiyyətin açdığı məktəblərdə zəngin kitabxana yaradılırdı. Bakıda isə 1914-cü ildə böyük kitab anbarı açıldı. Ümumiyyətlə, "Nəşri-maarif" kitabxana və qiraətxanaların təşkilinə də səy göstərirdi. 1911-ci ildə "Nəşri-maarif"in ilk böyük kitabxanası, "Nur" kitabxanası Balaxanıda açıldı.
Fəaliyyətində teatr tamaşaları, xüsusilə "Müsəlman axşamları" mühüm yer tutan bu məktəblər Azərbaycan Xalq Cümhuriyyəti illərində də əhalinin maariflənməsi, milli mədəniyyətin inkişafı naminə çalışırdı. Həmin dövrdə "Nəşri-maarif"öz məktəblərini Maarif Nazirliyinin sərəncamına verdi.
"Nəşri-maarif" Cəmiyyəti bütün fəaliyyəti müddətində Azərbaycanda maarifçilik ideyalarının yayılmasına, müsəlman əhali arasında təhsilə marağın artırılmasına, yeni məktəblərin açılmasına, pedaqoji kadrların hazırlanmasına mühüm işlər gördü. Pulsuz təhsil imkanlarının yaradılması, yoxsul və yetim uşaqlara yardım göstərilməsi, qızların təhsilə cəlb olunması, müəllim hazırlığı və məktəblərin dərs vəsaitləri ilə təmin edilməsi cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri idi. Maddi və təşkilati çətinliklərə baxmayaraq, "Nəşri-maarif" Cəmiyyətinin Azərbaycanın maarifçilik tarixində şərəfli yeri var.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"