Tıxac böyük şəhərlərdə, həmçinin Bakıda da müşahidə edilən problemdir. Tıxacın həlli yolları üçün hərəkət istiqamətinə uyğun təklif formalaşdırırlar.
AZƏRTAC-a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu günə kimi paytaxtda tıxacın qarşısını almaq üçün icra olunan layihələrin bir hissəsini yüngül islahat hesab etmək olar. Yəni, daha az xərclə daha tez həyata keçən islahatdır. Onun sözlərinə görə, bura paytaxtda ayrılmış mikromobillik zolağı, avtobus yolları aiddir.
“Bunun davamı olaraq dövlət proqramı reallaşdırılır. 2025-2030-cu ilə kimi piyada infrastrukturu abadlaşır. Piyada infrastrukturu özündə qısa keçidləri ehtiva edir. Yəni, küçənin bir tərəfindən digər tərəfinə uzun yol qət etmədən hərəkətetmə prosesi eyni səviyyədə olmalıdır. Daha sərt islahat dedikdə böyük şəhərlərin mobilliyinə təsir edən nəqliyyatın relsli növləridir. Bura yeraltı metro, yerin üstündə metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarı şəbəkəsi, həmçinin şəhərdə yüngül növlü relslərə aid olan tramvaylar daxildir. Bunun vacib olmasının səbəbi odur ki, relsli növlər zaman ərzində qısa intervallarla sərnişini bir məntəqədən digər məntəqəyə daşıma, eyni zamanda, uzunmüddətli istismar imkanına malikdir. Bu da həmin nəqliyyat növlərinin üstünlüyünü ön plana çəkir”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.
Ekspert qeyd edib ki, ümumiyyətlə 30 kilometrdən çox olan səfərlər dəmir yolu ilə daha komfortludur: “Düşünürəm ki, dəmir yolu varsa onun intensiv hərəkəti təmin olunmalı, stansiyaların sayı artırılmalı, stansiyalarda inteqrasiya olmalıdır. Yəni, bir keçiddən digərinə rahat hərəkət təmin olunmalıdır. Bundan başqa, insanların vaxtını səmərəli keçirməsi üçün yerlər təşkil edilməlidir ki, zamanlarını daha səmərəli istifadə etsinlər”, - deyə o vurğulayıb.
Nəqliyyatın relsli növlərinin əhəmiyyətinə diqqət çəkmək üçün Rauf Ağamirzəyev vurğulayıb ki, hər hansı istiqamətdə nəqliyyatın hərəkətində baş verən sıxlıq o istiqamətdə relsli nəqliyyat növlərinin kifayət qədər inkişaf etmədiyini göstərir: “Bu da nəqliyyat şəbəkəsinin istənilən səviyyədə təşkil olunmamasının göstəricisidir”.
Rauf Ağamirzəyev problemin həllində digər variant metronun fəaliyyətini göstərib. Onun sözlərinə görə, Bakı metrosunun 58 yaşı var 40 kilometrdən artıq şəbəkəyə sahibdir: “Amma sakinlərinin sayı çox olan Bakı kimi şəhərdə 70 stansiyanın olmasına ehtiyac var”.