Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında ilk səfər xalını qazanıb

01 Noyabr 2017
“Qarabağ” komandası Madriddə “Atletiko” klubu ilə heç-heçə edib – 1:1

 

Oktyabrın 31-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında ilk səfər xalını qazanıb.

AZƏRTAC xəbər verir ki, liqanın qrup mərhələsinin dördüncü turunda “C” qrupunda yer alan Ağdam təmsilçisi Madriddə “Atletiko” komandası ilə heç-heçə edib – 1:1.

“Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxıblar.

“Atletiko”nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.

Oyunu türk əsilli almaniyalı hakim Deniz Aytekin idarə edib.

Sürətli hücumlarla başlayan qarşılaşmada “Qarabağ” ilk təhlükəli vəziyyəti matçın 11-ci dəqiqəsində yaradıb. Sürətli driblinqlə iki müdafiəçini ustalıqla keçərək rəqibin cərimə meydançasına daxil olan Pedro Enrikenin Ramil Şeydayevə ötürməsi son anda “Atletiko”nun müdafiəçisinə toxunaraq meydandan çıxıb.

Ev sahibləri buna cavab olaraq iki təhlükəli vəziyyət yaradıblar. Qameyro matçın 15-ci dəqiqəsində İbrahim Şehiç, 18-ci dəqiqəsində isə Rəşad Sadıqov ilə təkbətək mübarizədə məğlub olaraq qapıya dəqiq zərbə endirə bilməyib. Görüşün 21-ci dəqiqəsində Tomas Partenin gözəl ötürməsindən sonra Qodinin başla vurduğu top qapının bir qədər üstündən keçib. Oyunun 28-ci dəqiqəsində “Qarabağ” futbolçularının çoxsaylı ötürmələrindən sonra zərbə mövqeyinə çıxan Pedro Enrikenin vurduğu topu qapıçı Yan Olbak tutub.

Matçın 40-cı dəqiqəsində “Qarabağ” komandası hesabı açıb. Künc zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Miçel komandasını hesabda irəli çıxarıb – 1:0.

Oyunun ilk hissəsi “Qarabağ” klubunun minimal hesablı üstünlüyü ilə başa çatıb.

Ev sahibləri ikinci hissəyə sürətli hücumlarla başlayıblar və ardıcıl təhlükəli vəziyyətlər yaradıblar. İkinci hissənin ən təhlükəli qol vəziyyəti 49-cu dəqiqədə qeydə alınıb. Korreanın zərbəsindən sonra İ.Şehiçin geri qaytardığı topa Qameyro zərbə vursa da, top qapıdan aralı keçib. Hesabı bərabərləşdirmək üçün təzyiqi artıran “Atletiko” futbolçuları 56-cı dəqiqədə istəklərinə çatıblar. Tomas Parte qüvvətli zərbə ilə topu doqquzluğa göndərərək hesabı bərabərləşdirib – 1:1.

Görüşün 58-ci dəqiqəsində isə Pedro Enrike qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub. Bundan sonra “Atletiko” futbolçuları təzyiqləri daha da artırmağa başlayıblar. Matçın 69-cu dəqiqəsində qapıçı ilə təkbətək qalan Felipe Luisin zərbəsi qapı dirəyindən cüzi fərqlə aralı keçib. Bir dəqiqə sonra bu futbolçunun eyni mövqedən ikinci zərbəsi də dəqiq olmayıb. Görüşün 84-cü dəqiqəsində İbrahim Şehiç Qabinin qüvvətli zərbəsini dəf edib. Matçın 88-ci dəqiqəsində hakim növbəti qırmızı vərəqəni madridlilərin heyətində Saviçə göstərib.

Oyunun son dəqiqələrində “Atletiko” futbolçularının ardıcıl hücumları qarşısında inamla müdafiə olunan “Qarabağ” komandası ardıcıl təhlükəli epizodlarda qapısını toxunulmaz saxlayaraq hesabı qorumağı bacarıb. Bununla da ağdamlılar UEFA Çempionlar Liqasında ilk səfər xalını aktivinə yazdıra biliblər. Beləliklə, səfərdə 1:1 hesablı sərfəli nəticəyə nail olan Ağdam təmsilçisi Bakıda olduğu kimi, səfərdə də “Atletiko” komandasından 1 xal almağı bacarıb.

“Atletiko” isə “Qarabağ” komandası ilə hər iki oyunda xal itirərək qrupdan çıxmaq şanslarını xeyli azaldıb.

Bu qrupun digər oyununda “Roma” doğma meydanda “Çelsi”nin qapısından üç cavabsız top keçirib.

Dörd turdan sonra “C” qrupunda 8 xalla “Roma” komandası liderlik edir. “Çelsi” 7 xalla ikinci, “Atletiko” isə 3 xalla üçüncüdür. “Qarabağ” komandasının aktivində iki xal var.

Ağdam təmsilçisi qrup mərhələsinin beşinci turunda - noyabrın 22-də Bakıda “Çelsi”ni qəbul edəcək. “Qarabağ” dekabrın 5-də keçiriləcək sonuncu görüşdə “Roma”nın qonağı olacaq.