26 Aprel 2024 08:45
176
SİYASƏT
A- A+

ABŞ "demokratiyası"nın tərs aynası

 

Dövlət Departamentinin şayiə və dedi-qodulara əsaslanan növbəti "əsəri" bunun bariz təcəssümüdür

 

Bu günlərdə ABŞ Dövlət Departamenti 2023-cü ilə dair "Dünyada insan haqlarına hörmət" adlı illik hesabatını Konqresə təqdim edib. Artıq sirr deyil ki, Vaşinqtonun bu cür hesabatları müxtəlif dövlətlərdə real vəziyyəti əks etdirməkdən çox digər ölkələrə təzyiq aləti kimi istifadə olunur.
Məhz elə bu və digər səbəblərdən dünya ölkələrində "insan haqlarına" dair hesabatı heç kəs ciddi qəbul etmir, çünki onun hazırlanması zamanı 2-ci və 3-cü dərəcəli ABŞ diplomatları ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparmadan hesabata daxil edirlər.
Əgər ABŞ dünyada insan haqları sahəsinə "nəzarət" rolunu üzərinə götürürsə, əvvəla sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayiə və dedi-qodulara yox, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır. 
Məsələn,  hesabatda yer alan Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı "etnik təmizləmə" iddialarını qəti şəkildə rədd edirik və bu iddiaların kənar təsirlər, xüsusilə də erməni diasporu tərəfindən dəstəkləndiyini və faktlar əvəzinə müxtəlif spekulyasiyalara əsaslandığını bildiririk. Üstəlik, saxta və uydurma ittihamlar polis zorakılığı, antisemitizm və irqçilik, "sifarişli" jurnalistika və fundamental konstitusiya hüquq və azadlıqlarına məhəl qoymama hallarının heç də nadir olmadığı bir dövlətdən gəlir. Onu da qeyd etməliyik ki, 200 illik təcrübəyə baxmayaraq, Birləşmiş Ştatlarda seçkilər zamanı iradənin demokratik ifadəsini təmin etmək təcrübəsi çox qeyri-kamil olaraq qalır. Hətta yerli "Newsweek" nəşrindəki yazıda etiraf olunur ki, amerikalı analitiklər ABŞ hökumətinin uğursuzluqlarından, səriştəsiz xarici siyasətindən və gənclər arasında psixi problemlərin fəlakətli miqyasından danışırlar. "Gallup" analitik və məsləhət şirkətinin yeni sorğusu isə göstərir ki, amerikalıların yalnız üçdəbiri ölkənin dünyadakı hazırkı mövqeyindən razılıq bildirir. 2000-ci ildə bu rəqəm 65 faiz idi. 
XXI əsrdə Amerika hökumətin çoxsaylı uğursuzluqları, getdikcə zəifləyən siyasəti və gənclər arasında psixi problemlərin fəlakətli səviyyəsi də daxil olmaqla, hər yeni addımı ilə daha da tənəzzülə doğru gedir.
Ümumilikdə Vaşinqton özünü "dünyanın müəllimi" rolunda görürsə, ilk növbədə öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə çıxış etməli, ABŞ-də rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və digər məsələləri hesabata daxil etməlidir.
BMT, dünya dövlətləri də bir araya gəlib ABŞ-də insan haqları barədə hesabat hazırlamalıdırlar. 
İsraillə Fələstin, Ukrayna ilə Rusiya arasında insan faciəsi, yaşayış məntəqələrinin Yer üzündən silinməsi ilə müşayiət edilən müharibələrin planları birbaşa Pentaqonda, Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanaraq Ağ Evdə təsdiq olunub. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-nin Rusiyanı zəiflətmək məqsədilə Ukraynada müharibəni qızışdırması Vaşinqtonun nə qədər riyakar olduğunu göstərir. Bu müharibədə Ukrayna dağılıb, əhalisi 20 milyona enib, amma özünü dünyada sülhpərvər dövlət kimi göstərməyə çalışan ABŞ bir dəfə də olsun bu müharibənin dayandırılmasına çağırış etməyib, əksinə, təhrikedici mövqedə dayanıb.
ABŞ Dövlət Departamenti 2023-cü ilin sonunda dünyada insan haqlarının vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda Rusiya-Ukrayna münaqişəsinin bir hissəsi kimi insan haqları pozuntularına yol verildiyini bildirsə də, heç bir sübut təqdim etməyib. Ancaq bir daha Ukraynadan uşaqların köçürülməsinə işarə edilib. Bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir:  "Ukrayna zindanlarında öldürülən amerikalı jurnalist Qonzalo Lira ilə bağlı hesabatda bir kəlmə də yoxdur, o zaman Dövlət Departamenti cinayət başında yaxalanan Gerşkoviç üçün hansı meyarlar əsasında belə hesabatlar hazırlayır? Məxfi sənədləri ötürərkən cinayət başında yaxalanan Gerşkoviç üçün (casusluqda ittiham olunan "Wall Street Journal" qəzetinin jurnalisti Evan Gerşkoviç - red.) Amerika rəsmiləri onun jurnalist olduğunu əsas gətirərək səslərini ucaldırlar, amma heç vaxt Lira haqqında bir söz deməyiblər. Bu, ikili standartlardır, əsl seqreqasiyadır".
ABŞ-nin "demokratikləşmə", "terrorçuluqla mübarizə" adı altında, əslində, ekspansiya və müasir müstəmləkəçilik siyasəti yürütdüyünü isə sübuta yetirməyə və hansısa xüsusi araşdırmalara ehtiyac yoxdur. Suriyada, Livanda, Liviyada, Əfqanıstanda, İraqda və Qəzzada partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ "demokratiyası"nın nəticəsidir. 
Qanunsuz və məxfi fəaliyyət göstərən Əbu-Qreyb, Quantanamo həbsxanaları tarixdə ABŞ demokratiyasının "rəmzləri" kimi qalacaqlar. Bu həbsxanalarda insanlara məhz müsəlman olduqlarına görə ən qəddar üsullarla işgəncələr verilib. 
Öz imperialist xisləti ilə ABŞ həm də dünya siyasətində quldurluq, reket ənənəsini yaradan və yaşadan dövlətdir. Bu səbəblərdən də dünyanın barmaqla sayılacaq çox az ölkəsində müəyyən nüfüza sahibdir.
Beynəlxalq sosioloji sorğu mərkəzləri son onilliklərdə 200-ə yaxın ölkədə respondentlər arasında ənənəvi rəy öyrənir: "Hansı dövləti özünüzə düşmən sayırsınız?" Bu suala uzun illərdir əsas cavab dəyişməz qalır: ABŞ! 150-dən artıq ölkənin vətəndaşları bu ölkəni birinci sırada, 30-a qədər dövlətdəki respondentlər isə ikinci sırada göstərirlər...
Şübhə yoxdur ki, dünyanın müxtəlif bölgələrində törətdiyi bütün əməllərə görə Vaşinqton nə vaxtsa cavab verməli olacaq. 
İllik hesabatlara gəldikdə isə ümid edirik ki, ABŞ-nin yeni administrasiyası dövründə insan hüquqları üzrə ekspertlər sırasına "təzə qüvvələr"  qoşulduqda bu sənəd nəhayət, müəyyən qədər obyektivləşəcək və ikili standartlardan, seqreqasiyadan qurtulacaq. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video