Dünya liderləri üzləşdikləri problemlərlə əlaqədar dəstək üçün Azərbaycan Prezidentinə müraciət edirlər
Aprelin 16-da Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.
Serbiya Prezidentinin dəstəyə ehtiyacı olduğu anda məhz Azərbaycan Prezidentinə zəng vurması bir tərəfdən ölkəmizin beynəlxalq səviyyəli çağırışlara dərhal reaksiya verərək bu problemlərin aradan qaldırılması istiqamətində gördüyü effektiv işlərin göstəricisi, digər tərəfdən isə şəxsən Prezident İlham Əliyevin qlobal siyasi liderlik nüfuzunun əyani təcəssümüdür.
Bu faktın özü göstərir ki, sözü imzası qədər kəsərli olan İlham Əliyev bu gün dünya liderləri arasında ən güvənilən, ən etibarlı şəxsiyyətlərdən biridir.
Azərbaycanın beynəlxalq arenada oynadığı böyük rol
Prezident İlham Əliyevin qətiyyətli liderlik səriştəsi, ən əsası dünyada baş verən geosiyasi toqquşmalar fonunda müstəqil siyasət yürütmək qabiliyyəti sayəsində Azərbaycan istər siyasi, iqtisadi, hərbi olsun, istərsə də digər sahələrdə yüksək uğurlar və qələbələr qazanıb. Əldə olunan bütün nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə birbaşa zəmin yaradıb. Reallıqdır ki, bu gün sadəcə regional deyil, beynəlxalq məsələlərdə də Azərbaycanla hesablaşılır, şəxsən İlham Əliyevin mövqeyi və rəyi nəzərə alınır.
Azərbaycanın dünyamiqyaslı uğurlarının formulunu Prezident İlham Əliyev bu cür xarakterizə edib: "İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb".
İlham Əliyevin nüfuzunun Cənubi Qafqazın sərhədlərini çoxdan aşaraq dünyaya çıxması gerçəkliyi xarici ölkə liderləri tərəfindən də hər zaman etiraf olunur. Dövlətimizin başçısına xarici ölkələrin rəhbərləri tərəfindən gələn telefon zənglərində, təbrik məktublarında, o cümlədən keçirilən beynəlxalq tədbirlərdə, görüşlərdə Azərbaycan Prezidenti haqqında ən ali səviyyədə söylənən sözlərdə İlham Əliyevin müdrik siyasətçi, nüfuzlu lider olması fikri qırmızı xətt kimi keçir.
Ötən ilin yanvarında Budapeştdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilən zaman V.Orban Azərbaycan Prezidenti haqqında bu fikirləri söyləmişdi: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm".
O da təsadüfi deyil ki, bu gün əksər ölkə liderləri İlham Əliyevin timsalında qardaşa, dosta, etibarlı tərəfdaşa malik olduqlarını tez-tez dilə gətirirlər. Buna görə də köməyə, dəstəyə ehtiyacları olan anda ilk üz tutduqları güvənilən şəxs də məhz Azərbaycan Prezidenti İlham Əliyev olur. Çünki, İlham Əliyevin dəfələrlə qlobal barışa birbaşa töhfələr verdiyini də hər kəs bilir.
Aprelin 16-da Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən dövlət başçısına edilən zəng də bu reallığı bir daha təsdiqləyir.
"Onun sözü imzasına bərabərdir"
Dünyanın bir sıra dövlətləri, eləcə də Avropa İttifaqının üzvləri regionun lideri Azərbaycanla strateji tərəfdaşlıq qurublar. Həmçinin ölkəmizin Balkan ölkələri, xüsusilə də Serbiya ilə mühüm əməkdaşlıq əlaqələri var və gün keçdikcə bu əlaqələr daha da inkişaf edir.
İki ölkə arasında münasibətləri xüsusi edən əsas məqamlardan biri isə tərəflərin milli maraqlara qarşılıqlı hörmətidir. Belə ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, bütün beynəlxalq əhəmiyyətli məsələlərdə bir-birlərinin mövqeyini müdafiə edirlər.
Yuxarıda sözügedən telefon danışığı zamanı Prezident İlham Əliyev də Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Azərbaycan dövlətinin, onun Prezidentinin hər zaman dəstəyini, etibarlı tərəfdaşlığını görən serb xalqı üçün Azərbaycan strateji müttəfiq, Prezident İlham Əliyev isə dost kimi qəbul edilir.
2022-ci il noyabrın 23-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı yüksək səviyyədə qarşılanma törəni dövlətimizin başçısına olan yüksək ehtiram kimi yaddaşlarda iz buraxıb.
Həmin vaxt A.Vuçiç Azərbaycan Prezidenti ilə birgə Belqradda keçirilən mətbuat konfransında - "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir", - deyərək, bir daha İlham Əliyev xarakterinin qətiyyətinə, dönməzliyinə, etibarlılığına vurğu etmişdi.
Serbiya Prezidenti onu da xüsusi qeyd etmişdi ki, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir: "Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən, onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm".
A.Vuçiç sözlərinə bu fikirləri də əlavə etmişdi: "Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər".
O zaman Serbiya lideri zarafatla dediyi bu sözlərlə İlham Əliyevin qlobal liderliyinin mükəmməl portretini çəkmişdi.
"Xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm"
"Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm". Bu sözləri isə A.Vuçiç 2022-ci ilin dekabrında Azərbaycana səfəri zamanı səsləndirmiş və Prezident İlham Əliyevin qlobal miqyasdakı nüfuzuna bir daha diqqət çəkmişdi.
A.Vuçiçin İlham Əliyev haqqında səsləndirdiyi fikirlərdən gətirdiyimiz bəzi iqtibasların özü də Azərbaycan Prezidentinin beynəlxalq arenada tutduğu yüksək mövqeyini, dünyada söz sahibi olmasını göstərir.
Vurğuladığımız kimi, İlham Əliyevin dünyamiqyaslı nufuza malik olması gerçəkliyini təkcə Serbiya Prezidenti deyil, əksər nüfuzlu ölkələrin liderləri də dəfələrlə dilə gətirirlər, etiraf edirlər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"