26 Aprel 2024 09:15
314
İQTİSADİYYAT
A- A+

COP29 "yaşıl dünya"ya qapı açacaq

 

Son zamanlar Bakıda dünyanın maraq dairəsində olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı mütəmadi tədbirlər, görüşlər keçirilir. İştirakçı dövlətlərin nümayəndələri Azərbaycana gəlir, təkliflərini verir, təşəbbüs irəli sürür, hazırlıqlarla tanış olurlar. Demək olar ki, Bakı bu aylarda öz qapılarını daha geniş açaraq, xarici qonaqların işgüzar səfərləri çərçivəsində keçirilən görüşlərə meydan verir.
Belə tədbirlərdən biri də aprelin 23-də ADA Universitetində "COP 29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumdur. Məlumdur ki, forum dünyada maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə keçirilən tədbirdir. Qeyd edək ki, müxtəlif məzmunlu qlobal forumlar 2011-ci ildən keçirilməyə başlayıb. Bakıda ilk belə tədbir 2010-cu ilin yanvarında Prezident İlham Əliyev və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu olub. Sonra ardıcıl olaraq keçirilən IX və X Qlobal Bakı Forumu, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumu, "Təhsildə yeni çağırışlar" III Beynəlxalq Forumu, Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu ("SME World Forum 2023"), Dayanıqlı İnkişafa dair II Bakı Forumu, eləcə də BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü Azərbaycanın dünya üzrə nüfuzunun artmasına, daha global səviyyədə tanınmasına səbəb olub. Çünki keçirilən forumlar Azərbaycanın konstruktivliyini, onun beynəlxalq proses və problemlərə həssaslığını göstərir. Eləcə də onun bütün dünyada müsbət mənada imicini artırır. 
Bəzən bu fakt Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların xoşuna gəlmir, yeri gəldi-gəlmədi irad tuturlar. Bunlar əsasən Azərbaycandan iqtisadi gözləntilərini əldə edə bilməyən dövlətlərdir. Ölkəmizi dünyada neqativ tərəfdən tanıtmağa çalışırlar. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bu məsələyə toxunaraq belə dedi: "COP29-un sədri olaraq bizim üzərimizdə olan məsuliyyət səviyyəsi, əlbəttə ki, artmaqdadır. Çünki birincisi, biz sədrliyimizə çox ciddi yanaşırıq, ikincisi, biz diqqət mərkəzindəyik. Sədrlik veriləndən dərhal sonra müxtəlif QHT-lər və media tərəfindən bizə qarşı hücumlar olmuşdur ki, yenə də neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, "yaşıl enerji" üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda "yaşıl enerji" layihələrini inkişaf etdiririk".
Qlobal tədbirlərin keçirilməsində Azərbaycanın özünəməxsus təcrübəsi var. Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi və qonşu ölkələrin bu prosesə cəlb olunması iqtisadi baxımdan Azərbaycana dividendlər gətirir. Azərbaycanda siyasət, iqtisadiyyat, multikulturalizm, sivilizasiyalararası dialoq istiqamətində keçirilən hər bir forumun özünün konkret vəzifələri var. Adıçəkilən forumda da COP29-u əhatə edən məsələlərlə yanaşı, Azərbaycanın Avrasiyaya inteqrasiyası, Azərbaycan-Ermənistan sülh danışıqlarının hansı mərhələdə olması, enerji layihələri, ekoloji idarəetmə, Orta dəhlizin inkişafı fonunda Çin-Azərbaycan arasında əməkdaşlıq perspektivləri, Zəngəzur dəhlizi, Rusiyanın sülhməramlı missiyasının çıxması və gələcəkdə Qarabağla bağlı Azərbaycan-Rusiya münasibətləri, həmçinin Rusiyanın Qafqazda gələcək rolu, Avropa İttifaqı ilə bağlı münasibətlərin necə olacağı kimi məsələlər müzakirə olundu. Qeyd edək ki, "COP 29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumun mərkəzində dayanan, adından da bəlli olduğu kimi, "yaşıl enerji", "yaşıl dünya" , "yaşıl iqtisadiyyat" kimi terminləri özündə ehtiva edən sualların cavabı 
İlham Əliyev tərəfindən açıqlandı. Təbii ki, belə bir qlobal forumun Azərbaycana həvalə olunması aktual məsələlərin müzakirəsində ölkəmizin ədalətli mövqe nümayiş etdirməsinin sübutudur. Prezidentin forumda söylədiyi bu fikirlər dediklərimizi təsdiq edir: "COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a evsahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır".
İlham Əliyev tədbirdə maraqlı bir məsələni diqqətə çatdırdı: "COP29 üçün sanki bir yenilik olan bir məsələ ondan ibarətdir ki, biz üçlük mexanizmini yaratdıq. Bu, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq üçün Azərbaycanın təşəbbüsü idi. Artıq nazirlərin görüşü baş tutub və bu, bizə planlaşdırmaya kömək edəcək. Çünki 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 bitəcək. Lakin proses davam etməlidir. Biz indi tədbirin hazırlanması və keçirilməsi üzrə Birləşmiş Ərəb Əmirliklərinin böyük təcrübəsindən yararlanırıq. Bu üçlükdə birlikdə olmaq bir sinerji, koordinasiya və proqnozlaşdırma yaradır". 
Qeyd edək ki, ötən həftə Dubayda baş verən fırtına və sel qlobal istiləşmənin nəticəsidir. Unutmaq olmaz ki, belə fəlakətlərin hər zaman hər ölkədə baş verə biləcəyi qaçılmazdır. Ona görə də dünya dövlətləri birgə addım atmalı, əlbir olmalı, problemin həlli üçün var güclərini səfərbər etməlidirlər. Prezidentin də dediyi kimi, əvvəlki illərdə keçirilən COP tədbirlərinin nəticələri gündəlikdən çıxmamalı, COP29 özündən əvvəlki müzakirələrin nəticəsinə işıq tutmalıdır. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video