21 Aprel 2024 08:05
627
SİYASƏT
A- A+

İlham Əliyevin möhtəşəm quruculuq missiyası

 

Prezident Qarabağ və Şərqi Zəngəzurda misli-bərabəri olmayan genişmiqyaslı layihələr reallaşdırır

 

Ərazi bütövlüyümüz təmin edildikdən sonra Cənubi Qafqazda əsas söz sahibinə çevrilən Azərbaycan həm də regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirir, iqtisadi sahədə ciddi irəliləyişlərə nail olur. Dövlətin iqtisadi qüdrətinin artması isə işğaldan azad edilən torpaqlarımızda möhtəşəm tikinti-quruculuq işlərinin daha da sürətlənməsinə müsbət impuls verir. 
Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq zəfərimizdən ötən üç il beş ay müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir. 
Onu da xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır və 2024-cü ildə bu məbləğ 4 milyard manat nəzərdə tutulub. 

 

Böyük köç, əhəmiyyətli infrastruktur layihələri

 

Ölkəmizin müxtəlif istiqamətlərindən bir-birinin ardınca köç karvanları Qarabağa, Şərqi Zəngəzura yola salınır. Həyata keçirilən böyük layihələrin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa edilmiş yaşayış məntəqələrinin və daimi məskunlaşmaq üçün bu yerlərə qayıdan məcburi köçkünlərin sayı sürətlə artmaqdadır. Zəngilandan, Füzulidən, Laçından, Talışdan sonra tezliklə "Böyük qayıdış" proqramı çərçivəsində Şuşa, Xankəndi və Xocalı şəhərləri, həmçinin Xocalı rayonunun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə də əhalinin köçürülməsinə başlanılacaq.
Aprelin 16-da Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha dövlətin qarşısında duran prioritet məsələləri dəyərləndirərkən vurğuladı ki,  Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi böyük vəsait tələb edir. Azərbaycan dövləti öz gücünə, imkanlarına arxalanan dövlətdir: "Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları - cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir".
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət alıb. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. 
Prezident həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır: "Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə etsək, mənzərə daha ürəkaçan olacaq. Çünki Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq". 
Dövlət başçısının söylədiyi kimi, vaxtilə Ermənistan təkcə torpaqlarımızı yox, su resurslarımızı da işğal etmişdi. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. 
Bir müddət bundan əvvəl  Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olduğunu xatırladan İlham Əliyev daha bir müjdəli xəbər verərək yaxın gələcəkdə Füzuli rayonundakı Köndələnçay su anbarının da açılacağını söyləyib. 
Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. 
Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi qərara alınıb. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır. Gələn ildən bu layihələrin icrasına da başlana bilər.

 

2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu inşa olunacaq

 

Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulub istifadəyə veriləcək. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin tikintisi həyata keçirilir. 
Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların açılışlarını edir və tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. 
Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Bu layihələrdən daha birinin - Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb. Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33,5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
Ümumiyyətlə,  "Böyük qayıdış" proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman və xidmət obyektləri, yollar, 130-dan çox tunel və körpü  (40 tunel, 90 körpü) inşa edilir. 
Bütün bunlar sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni geniş quruculuq işləri görülür. 
Bir sözlə, İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır. Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video