16 Aprel 2024 08:00
2366
SİYASƏT
A- A+

Döyüş ruhu

 

Həm də mübarizə əzmidir

 

Dünya yaranandan insanlar bir-biri ilə vuruşur, bir-birilərini qırırlar!
Bu, ibtidai icma dövründə də belə olub, quldarlıq və təhkimçilik dövründə də, hətta kapitalizm və sosializmdə də!

Bu gün də müharibələr səngimir.
Ya dövlətlər bir-biri ilə döyüşür, ya da ölkələr daxilinə vətəndaş müharibəsi - "rəngli inqilab"lar və "bahar"lar salaraq qardaşı qardaşa qırdırırlar!
Adını da qoyurlar "demokratiya, insan haqları uğrunda mübarizə".

Amma əsl məqsəd bambaşqadır!
Müxtəlif adlar, əməllər altında gizlədilsə də, niyyət eynidir: başqasının varını, dövlətini, təbii sərvətlərini ələ keçirmək, mənimsəmək!
Ya da özgəyə məxsus torpaqları işğal etmək!

Bəli, insanlar güc yolu ilə özgəsinin tikəsini əlindən almağı, başqasına məxsus evi, əmlakı, var-dövləti ələ keçirməyi özlərinə peşə seçiblər!
Zəiflər, gücsüzlər, azlıqda qalanlar isə əsir və kölə olmamaq, əlindəkini qorumaq üçün daim müdafiəyə və müharibəyə hazır olmaq məcburiyyətində qalıblar!
Təbii, "ilanı seyid Əhməd əli ilə tutmaq" istəyənlər də çox olub və bu gün də var.
İki dövləti, iki xalqı qızışdırıb bir-birinin canına salaraq nəticədə bir-biriləri ilə döyüşənlərdən və qurban verənlərdən daha çox özləri qazanıblar.
* Görünür, insanların xisləti belədir!
* Görünür, dünyada qalacaq dünya malı üçün insanların bir-birilərinə fəlakət və ölüm gətirməsi həyatın yazılmamış qanunlarındandır!
* Görünür, dünya belə gəlib, belə də gedəcəkdir!
* Biz qəbul etsək də, etməsək də!
* Bəyənsək də, bəyənməsək də!
* Qınasaq da, qınamasaq da!
***
Sülh istəyirsənsə, daim müharibəyə hazır olmalısan!
Bu deyim elə-belə yaranmayıb!
Həm də tarixin sınağından dəfələrlə çıxıb!

Normal yaşayan, özünü rahat və xoşbəxt edən xalq da daim ölkəsinin müdafiəsinə pul xərcləməyə, ordu saxlamağa məcbur olub, qəsbkarlığa, quldurluğa, öz yaşayışını başqalarından qamarladığı sərvətlər əsasında quran dövlətlər də!
Əsrlər boyu yer üzünün əşrəfi sayılan insan özünə normal həyat qurmaqla yanaşı, hərbə də pul xərcləmək, daha çox insan öldürməyə qadir olan yeni növ qırğın silahlarının yaradılmasına təkcə vasitə yox, həm də elm, bilik sərf etmək məcburiyyətində qalıb!
Təəssüf ki, ağıllı başlar daha çox bu sahədə işlədilib, dünyaya böyük fayda gətirən kəşflər də bəzən ilk olaraq hərbə xidmət edib!
Təəssüf ki, əsrlər bir-birini əvəz etsə də, dünyaya saysız-hesabsız müxtəlif irqə, millətə, dinə məxsus insanlar nəsli gəlib getsə də, insan adlanan məxluqun gözünü bir ovuc torpaqdan başqa heç nə doyurmayıb!
* Barıt mədən sənayesində insanın işini asanlaşdıran ən uğurlu vasitələrdən biri olub!
* Tüfəngin çaxmağı, uzaq məsafədən ovu vurmaq imkanının xeyli artması qida əldə edilməsində böyük irəliləyiş sayılıb!
* Nüvə enerjisinin kəşfi bəşəriyyətə böyük fayda gətirən digər bir amilin - elektrik enerjisinin, külli miqdarda istiliyin əldə edilməsinə yardım göstərib.
Amma insanlar barıtdan bomba düzəldiblər, çoxsaylı insanları birdəfəyə öldürən müxtəlif növ mərmilər hazırlayıblar.
* Odlu silahın yaranması müharibələrin və itkilərin, qurbanların çoxalmasına şərait yaradıb.
Atom bombası əhatə etdiyi ərazidə həyatı birdəfəlik, çox uzun müddətə məhv edib!
İnsan isə yenə gördüklərindən və eşitdiklərindən nəticə çıxarmır!
Yenə başqasının sərvətinə, torpağına göz dikərək nahaq qanlar axıdır!

***
Bu bir həqiqətdir ki, ən güclü, ən mürəkkəb və ən dağıdıcı silahların hamısı yalnız insan əli ilə idarə olunur.
İnsansız bütün silahlar adi dəmir parçası sayılır!

Deməli, yeni texnologiyalara əsaslanan silahların yaradılması hələ işin bir tərəfidir.
Onu idarə edən, hədəfə yönəldən bilikli, səriştəli mütəxəssislərin, döyüşçülərin olması da vacib şərtdir.
Başqa sözlə, insansız silah nə yaranır, nə də hədəfə çatır!
İnsanın isə cismi ilə bərabər ruhu, ürəyi, düşüncə və əqidəsi də olur.

Müharibələr tarixində sayca az olan orduların, döyüşçülərin özlərindən qat-qat artığına və güclülərinə qalib gəldiyinə dair çoxsaylı faktlar mövcuddur.
Yaxud, az bir qüvvə ilə böyük ordunun qarşısını kəsərək mövqelərini son nəfəsinədək qoruyan və düşmənə böyük itkilər və tələfatlar yaşadan hallar barədə çoxsaylı məlumatlar vardır.
Təsadüfi deyildir ki, döyüşdə silahların təkmilliyi, əsgərlərin sayı ilə bərabər, ordunun döyüş ruhu da həlledici rol oynayır!
Döyüş ruhunu, mübarizə əzmini yaradan amillər isə çoxdur.

***
Qaraçı kimi bütün dünyaya səpələnən ermənilərin nə öz torpağı, nə də özünün mədəniyyəti, dini və qədim tarixi abidələri vardır.
Sənətləri maddi və dini abidələri, mədəniyyət və musiqi nümunələrini, hətta mətbəxi belə ondan-bundan, yaşadıqları məkandakı xalqlardan çırpışdırmadır.
Özü də həyasızcasına, utanmadan! 
Oğurlayırlar, sonra sahibinin üzünə baxa-baxa "sübut etməyə" başlayırlar ki, "bu, elə əvvəldən bizimdir".
Öz vətəni, torpağı olmayan millət necə vətənpərvər ola bilər?!
Odur ki, erməni başbilənləri havadarlarına, o cümlədən ATƏT-in Minsk qrupuna arxalanaraq Qarabağ münaqişəsinin həllini yubatmağa və uzatmağa çalışırdılar.
Öz ağılları ilə belə hesab edirdilər ki, Azərbaycanda Qarabağı görməyən yeni nəsil meydana gələcək və onlar işğal edilmiş torpaqları unudacaqlar!
Həmin torpaqlar uğrunda döyüşməyə, ölümə getməyə hazır və razı olmayacaqlar!

Bu, ermənilərin ağlı və düşüncəsi idi.
İlham Əliyev isə müstəqil Azərbaycanın elə bir yeni gənclər nəslini yetişdirib tərbiyələndirdi ki, onlar nəinki Qarabağı unutdular, hətta itirilmiş torpaqlar uğrunda elə bir hərb açdılar, igidlik və qəhrəmanlıqlar göstərdilər ki, bütün dünya heyran qaldı!
* Bu gənclər mərdliklə, kişi kimi döyüşdülər, şəhidliyi özlərinə şərəf bildilər!
* Bu gənclər əvvəlcə dünyanın idman arenalarında erməniləri təkbətək, qarşı-qarşıya mübarizədə məğlub etdilər, Azərbaycanın bayrağını ucaldaraq himnini səsləndirdilər!
* Sonra dağlarda, daşlarda, ən çətin relyefli yerlərdə və şəraitdə illərlə təlimlər keçərək ustalıqlarını, hərbi vərdişlərini artırdılar!
* Ən əsası polad iradəyə, cəsarət və qorxmazlığa, ölüm üstünə getmək və onu məğlub etmək məharətinə yiyələndilər!
* Onlar üçün yorulmaq, ruhdan düşmək, yarı yolda dayanmaq anlayışı olmadı!
* Son məqsədə çatanadək, düşməni məhv edib torpaqlardan qovanadək dayanmadan döyüşmək istəyinə sahib oldular!
Həmin istəyi ən qısa müddətdə reallaşdırmaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyev igid döyüşçülərini ən müasir və yeni texnologiyaya əsaslanan silahlarla silahlandırdı.
* Vətən övladlarının qarşısına Vətənin ali tapşırığını qoydu!
* Hərbi əməliyyatların ilk anından sonunadək əsgər və zabitlərlə birlikdə oldu, onlara ruh yüksəkliyi aşıladı, ürək-dirək verərək dayaq durdu!
44 günlük Zəfər müharibəsində İlham Əliyev təkcə Silahlı Qüvvələrimizin döyüşçülərinin deyil, hər bir Azərbaycan ailəsinin də sevimli üzvünə çevrildi, televiziya ekranları vasitəsilə hər bir evdə, mənzildə oldu!
* Qələbələr barədə müjdələr verdi!
* Rəşadətli ordumuz tərəfindən azad olunan yaşayış məntəqələrinin adlarını açıqladı, şəhid ailələrinin dayağına çevrildi!
* Hərbi hospitallara gedərək yaralılara ürək-dirək verdi, ordunu da, xalqı da qələbəyə köklədi, ayaqda saxladı!
* Müzəffər Ali Baş Komandan hər dəfə yeni yaşayış məntəqəsi azad ediləndə orada üçrəngli bayrağımızı ucaltdı, tarixi nitqlərini söylədi.
* Əsrlər boyu unudulmayacaq çağırışlarını etdi, ordunun döyüş ruhunu daim yüksəkdə saxladı.
Baş sərkərdənin "Qarabağ Azərbaycandır!" çağırışı milli ideyamızın yığcam ifadəsinə çevrildi.
* Xalqın ürəyindən xəbər verdi!
* Sarsılmaz birlik yaratdı!
* Qələbəyə möhkəm inam yaratdı!
* Kütləvi səfərbərlik yaratdı!
* Tükənməz ruh yüksəkliyi yaratdı!
* Mübarizə əzmi və qətiyyəti yaratdı!
Nəticədə 44 gün ərzində düşmən ordusu məhv edilərək torpaqlarımız erməni işğalçılarından birdəfəlik azad edildi!
Qarabağ, həqiqətən əbədi olaraq, Azərbaycanın oldu!

***
Döyüş ruhunu azaltmağa qoymayan daha bir məqam mövcuddur.
Azad olunmuş ərazilərdə, xüsusən əsrin soyqırımı törədilən Xocalıda bir-birinin ardınca kütləvi məzarlıqlar aşkara çıxarılır.
Araşdırmalar göstərir ki, kütləvi məzarlıqlarda qadın və uşaq cəsədlərinin qalıqları da çoxdur.
Həm də işgəncə izlərinin mövcudluğu müşahidə edilir.
Otuz il ərzində əzizlərinin, doğmalarının yolunu gözləyənlər bu dəfə onları ikinci dəfə itirmiş olurlar...
Ümid həmişə ən sonda ölür.
Dinc əhaliyə qarşı törədilən bu vəhşiliklər insanların qəlbindəki qəzəbi və intiqam hissini yenidən coşdurur.
Belə vandallıqlar və azərbaycanlılara qarşı milli zəmində törədilən vəhşiliklər döyüş ruhunu daha da gücləndirir.
Bəli, heç vaxt cinayət cəzasız qalmır və Azərbaycan xalqı ona edilən pisliklərin əvəzini sonadək, həm də artıqlaması ilə düşmənin özünə qaytaracaqdır.

***
Bu gün erməniləri müdafiə edənlərin sayı artır.
ABŞ və Avropa İttifaqı Fransaya qoşularaq erməniyə qahmar çıxır, onu maliyyələşdirir.
ABŞ və Avropa İttifaqı əl-ələ verərək yarandığı gündən dilənçiliklə məşğul olan Ermənistana 300 milyon avrodan çox yardım göstərəcəklərini bildiriblər.
Məgər Ermənistan İkinci Qarabağ müharibəsində pulsuzluqdan məğlub oldu?

Yenə də İran ərazisindən, İranın təyyarələri ilə Ermənistana Fransa silahları daşınır.
Məgər 44 günlük müharibədə Ermənistan silah-sursat sarıdan korluq çəkmişdir?

Heç də yox!
Silah insan amilinə möhtacdır!
2021-ci ilin iyul ayında "EuropaMaras" adlı qurumun keçirdiyi sorğular nəticəsində məlum olmuşdur ki, öz vətəni uğrunda döyüşməyə hər an hazır olan ölkələr arasında Azərbaycan birinci yeri tutub.
Xatırladırıq ki, bu siyahıda Ermənistan heç ilk əlliliyə belə düşməyib.

Bu gün qalib orduya, qalib millətə çevrilən Azərbaycanın kifayət qədər maliyyə imkanı, ən yeni texnologiyalar əsasında hazırlanmış bəs qədər silah-sursatı, ən əsası döyüşkən, cəsarət və qəhrəmanlıqla vuruşan peşəkar ordusu, torpağı hər cür düşməndən qorumağa qadir mərd oğul və qızları, üstəlik, Müzəffər Ali Baş Komandanı vardır!
***
Azərbaycan daha heç bir sahədə müdafiə mövqeyində deyil!
Kiməsə nəyisə izah etmək, özünə bəraət qazandırmaq barədə düşünmür!

Haqsız hücumlara dözümlülük dövrü artıq arxada qalıb!
İndi bütün istiqamətlərdə - diplomatiya, siyasət, hərb cəbhəsində yalnız hücum taktikası tətbiq olunur!

İt itin ayağını basmaz - deyilir Azərbaycan xalqına məxsus atalar sözündə.
* İkili standartlara heç zaman son qoyulmayacaq.
* Beynəlxalq hüquq yalnız haqlı olub məğlub edilənlərə, küncə sıxışdırılanlara təsəlli üçün xatırlanacaq!
* İndi ədalətli olduğunu da gücünlə göstərməlisən!
* İndi beynəlxalq hüququn sən tərəfdə dayandığını da gücünlə nümayiş etdirməlisən!
* İndi doğru və qalib olduğunu da gücünlə ortaya qoymalısan!
Yoxsa, özlərini "dünya ictimaiyyəti" kimi qələmə verən iki cüt, bir tək dövlət səni haqsız və borclu çıxararaq təkləməyə, iradələrini sırımağa can atacaqlar! 
Çox şükür ki, dünyanın indiki durumunda İlham Əliyev kimi müdrik və uzaqgörən siyasi liderimiz və "dəmir yumruq"lu sərkərdəmiz var!
Sonda isə həmişə İlham Əliyev deyən olur!

***
Döyüş ruhu Azərbaycan xalqının genində, canında və qanındadır!
O, nə azalır, nə tükənir, nə də qurtarır!

Amma səbir etməyi, gözləməyi bacarır!
Vaxtı çatıb, zamanı gələndə isə daha güclü və şiddətli hərəkətverici qüvvəyə çevrilir.
Belə bir ruhun, gücün qarşısında heç bir qüvvə, heç bir xəyanətkar və məkrlilər dayana bilməz!
Necə ki dayana da bilmədilər!
Ağıllanmaq vaxtıdır, cənablar!
Daha nə zaman o zamandır, nə də Azərbaycan zəif ölkədir!
Əgər yaxın tarixdə sınaqlardan dalbadal sınıq çıxmanız sizə bəs etməyibsə, onda bir də yoxladın!
Nəticə eyni olacaqdır!

Hazırkı döyüş ruhu isə bizə hələ çox gərək olacaqdır!
Otuz il səbir edərək gözlədik, döyüş əzmimizi və ruhumuzu itirmədik!
Sonra müzəffər xalqa çevrildik!
Zaman və reallıqlar dəyişsə də, düşmənimiz və onun havadarları hələ də dəyişməyib!
Bu gün ordumuz əvvəlkindən də güclü və qüdrətlidir!
Başqa sözlə, "dəmir yumruq" öz yerindədir!
Çaşanlar isə heç zaman unutmasınlar:
Əbədi olaraq Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video