Bu, ADA Universitetində keçirilən forumda xüsusi vurğulandı
Aprelin 23-də ADA Universitetində 30 ölkəni təmsil edən 70 nəfərədək ekspertin iştirak etdiyi "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən forumda Prezident İlham Əliyev çıxışında regionda baş verən hadisələr, Azərbaycan-Ermənistan məsələləri, sülh müqaviləsinin imzalanması, buna mane olan səbəblər və digər istiqamətlərdə olan məsələlərə tam aydınlıq gətirdi. Diqqətçəkən əsas məqam o oldu ki, Prezident İlham Əliyev bu çıxışı ilə dünya birliyinə çox ciddi mesaj verdi. Birmənalı şəkildə Azərbaycanın heç kimdən asılı olmayan müstəqil daxili, xarici siyasət yürütdüyünü bildirdi.
Prezident forum iştirakçılarına müharibədə əldə olunan qələbə, dinc quruculuq işləri, sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, beynəlxalq səviyyədə aparılan siyasət, hərbi məsələlər və bütün bu proseslərin nədən ibarət olduğu barədə məlumat verdi. Azərbaycanın məhz sülhün bərqərar olmasını istəyən dövlətlərlə dostluq münasibətindən danışdı.
Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər tədbirin respublikamızda keçirilməsinin önəminə toxunaraq qeyd etdi ki, "COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin".
COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq".
İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişdi. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə təşkil etdik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər olan tədbirlərlə böyüklüyünə görə fərqlənir. COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Gözlənilir ki, təqribən 70-80 min xarici qonaq Azərbaycana gələcək.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qeyd edən dövlətimizin başçısı qürurla qeyd etdi ki, "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
Dövlətimizin başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.
Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərildiyini qeyd edən Prezident İlham Əliyev Avropa Komissiyasının sədrinin, ABŞ-nin Dövlət katibinin və Ermənistanın baş nazirinin aprelin 5-də Brüsseldə keçirilən görüşlərinə münasibət bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.
Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan Prezident İlham Əliyev bildirdi: "Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik".
Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan Prezident İlham Əliyev Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı açıq və nümayişkaranə şəkildə silahlandırmasına qarşı sərt təpki göstərərək qeyd etdi ki, biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq".
Ölkəmizin apardığı siyasət, əldə olunan uğurlardan bəhs edərək yaxın qonşularımızla yaxşı və bəzi hallarda əla münasibətlər qurduğumuzu xususi olaraq vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır. Hesab edirəm ki, əsas çıxış yolu və üsul ədalətli və səmimi olmaqdır.
Beynəlxalq forumda ölkəmizin quru sərhədlərinin bağlı olmasına münasibət bildirən dövlətimizin başçısı qeyd edib ki, "Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum. Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq".
Türkiyə ilə Azərbaycanın dostluq münasibətlərinə toxunan Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır.
Elşən QƏNİYEV,
"Azərbaycan"