Cənubi Qafqazı savaş meydanına çevirmək istəyənlərin məkrli planları baş tutmayacaq
Dünyanın geosiyasi arenasında baş verən proseslərin gedişatı həyəcan təbili çalır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən qanlı toqquşmalar, Afrikadakı gərginliklər faktiki olaraq üçüncü dünya müharibəsinin başladığını söyləməyə əsas verir. BMT-nin Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər isə bunu təsdiqləyir.
Yaxın Şərq regionunun genişmiqyaslı münaqişə astanasında olduğunu deyən Baş katib qeyd edib ki, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir. Çünki bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir. Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.
Göründüyü kimi, dünyanın bölünməsi və ayırıcı xətlərin cızılması prosesi davam edir. Əlbəttə ki, hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar böyük güclərin, hegemon dövlətlərin hazırladıqları planlar əsasında reallaşır. Çox güman ki, həmin məkrli planların içərisində Cənubi Qafqaz regionu ilə bağlı məsələlər də yer alır. Bunu son zamanlarda ABŞ, Qərb və Ermənistan üçlüyünün apardığı müzakirələrə əsasən söyləmək mümkündür.
Qarabağ münaqişəsinin başa çatdığı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının labüd olduğu zamanda, regionu yenidən qanlı toqquşma meydanına çevirmək istəyənlər hərəkətə keçiblər. Məqsəd Ukrayna ilə savaşa başı qarışan Rusiyanın bölgədəki nəzarətini ələ keçirməkdir. Yəni ABŞ və Qərb bölgədə sülhün bərqərar olunmasını deyil, Rusiyanı Qafqazdan çıxarmaq istəyir.
Rusiyalı politoloq Sergey Markovun da söylədiyi kimi, böyük dövlətlər regionda sabitliyi pozmağa çalışırlar. Təcrübəli imperialist yırtıcılar müxtəlif qüvvələr və alətlərlə manipulyasiya edərək, "parçala və hökm sür" prinsipi ilə hərəkət etməyə alışıblar. Politoloq deyir ki, illər öncə Qərb Cənubi Koreyaya, Yaponiyaya və digər ölkələrə gələndə onlar firavanlığa doğru irəlilədilər. İndi isə hər şey fərqlidir. Qərb İraqa, Əfqanıstana, Ukraynaya, Gürcüstana gəlib, bu ölkələri xaos vəziyyətinə salıb, orada firavanlıq yoxdur.
ABŞ və Avropa İttifaqının digər strateji məqsədi öz ətraflarında asılı siyasi rejimlər kəməri yaratmaqdır. Aİ Gürcüstan və Ermənistan üzərində nəzarətini gücləndirməyə və Azərbaycan üzərində nəzarəti bərqərar etmək üçün Ermənistandan Cənubi Qafqaza doğru marşrut kimi istifadə etməyə çalışır.
ABŞ-nin digər mühüm məqsədi isə İrana qarşı gələcək müharibə üçün tramplin yaratmaqdır. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir.
Bütün zamanlarda, xüsusən də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda sabitləşdirici faktor kimi çıxış edən Azərbaycan bu məkrli planların əsl məqsədinin nəyə xidmət etdiyini yaxşı bilir. Ona görə də həyəcan təbili çalaraq ABŞ-Aİ-Ermənistan üçlüyünün birgə keçirdiyi məsləhətləşmələrin region üçün yalnız təhlükə yaratdığını bəyan edir.
Aprelin 5-də Brüsseldə baş tutan görüşdən öncə İlham Əliyevin səsləndirdiyi fikirlərin təsdiqini tapması bunu isbatlayan reallıqdır. Azərbaycan Prezidenti aylardır keçirdiyi görüşlərdə bəyan edir ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir. Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirib çıxara bilər. Görünən odur ki, region üçün növbəti təhlükə mənbəyi yaradılır.
Əlbəttə ki, ABŞ və Qərbin regionda növbəti təhlükə mənbəyi yaratmaq cəhdləri Azərbaycanın da maraqlarına ziddir və bölgədə sülhün təminatına birbaşa təhdiddir. Məsələyə Türkiyə, Rusiya tərəfindən sərt reaksiya bildirilsə də, İranın susqunluğu anlaşılmır. Axı, əvvəllər bölgəyə başqa qüvvələrin gətirilməsi söz-söhbəti yayılan kimi ilk reaksiya İrandan gəlirdi…
Ermənistandakı Aİ missiyasının ABŞ hərbçiləri ilə əvəzlənməsi, təbii ki, ilk növbədə İrana təhdiddir. Bu səbəbdən də qonşu ölkənin hələ də susqunluğu təəccüb doğurur.
Hər zaman regionda həyata keçirilməsinə cəhd olunan məkrli planlara qarşı qəti mövqe bildirən Azərbaycan isə yenə də bu planların gerçəkləşməməsi üçün əsl həqiqətləri açıqlayaraq yalanları ifşa edir.
Qarabağ münaqişəsini həll etdikdən sonra təhlükəsizliyini daha da möhkəmləndirən Azərbaycan bölgədə sülhün yeganə təminatçısıdır. İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı həm də təhlükəsizlik məkanına çevirib. Bunun digər səbəbi isə xalq-hakimiyyət birliyinin möhkəmliyidir. İkinci Qarabağ müharibəsi zamanı dünya bu birliyin sarsılmazlığına, əzəmətinə şahidlik etmişdi.
İndi dünya yeni savaş astanasındadır. Belə gərgin şəraitdə milli birlik və həmrəylik, dövləti maraqlar hər şeydən üstün tutulmalıdır. Əgər belə olarsa, heç bir qüvvə nə daxildə, nə də regionda sabitliyi poza bilməz. Necə ki, Şanlı Zəfərimizlə bitən Vətən müharibəsi zamanı o sarsılmaz birlik heç bir təxribatın reallaşmasına imkan vermədi…
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"