09 Aprel 2024 08:10
5680
SİYASƏT
A- A+

Zəfərin təsdiqi və fərəhi

 

Heç kəs Azərbaycandan belə sürətli və möhtəşəm qələbə gözləmirdi!
Nə dostlar, nə düşmənlər, nə də üzdə dost olub arxada ayağımızın altını qazanlar...

Azərbaycan şimşək kimi çaxan, düşməni yandırıb-yaxan, hər birimizin qəlbinə nur, gözünə işıq saçan 44 günlük Zəfər müharibəsi apardı və möhtəşəm qələbəyə imza atdı!
Bu savaşda Müzəffər Ali Baş Komandan İlham Əliyev üç cəbhədə qəhrəmancasına çarpışdı:
* Hərb meydanında "dəmir yumruğ"u ilə düşmən ordusunu məhv etdi!
* Diplomatiya sahəsində bütün xahişlərə, minnətlərə, təzyiq və hətta təhdid cəhdlərinə baxmayaraq, düşmən qoşunlarının ölkə ərazisini tərketmə qrafikini almayanadək kimsəyə güzəştə getmədi!
* İnformasiya müharibəsində isə təkbaşına çarpışaraq bütün feyk informasiyaları, Azərbaycana atılan şər və böhtanları ifşa etməklə əsl həqiqətləri dünyaya çatdırdı!
Ermənistan, əslində, kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaqla faktiki olaraq özünün biabırçı məğlubiyyətini, Azərbaycanın isə möhtəşəm qələbəsini qəbul və etiraf etmiş oldu!
Bütün bunlar dünyanın gözü qarşısında baş verdi!
***
Otuz ilədək dövrdə torpaqlarımız erməni işğalında qaldı.
Nə BMT-nin Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi yerinə yetirildi, nə beynəlxalq hüquqa məhəl qoyuldu, nə ATƏT-in Minsk qrupu boş "turist səfərləri" və mənasız danışıqlardan başqa bir iş gördü, nə də Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxması üçün ona təsir-təzyiq göstərildi, yaxud sanksiya tətbiq edildi.
Daim "münaqişənin hərbi yolla həlli variantı yoxdur!" söyləyərək, sonda bizə "mövcud reallıqla barışmağı" tövsiyə etdilər!
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, xüsusi təyinatlılar və komandolar, Vətən uğrunda canlarından keçən şəhidlərimiz, sağlamlıqlarını qurban verən qazilərimiz sübut etdilər ki, ikiəsrlik münaqişənin əsl həll variantı məhz müharibə imiş!
* XXI əsrin müharibələr tarixində yeni səhifə açan II Qarabağ müharibəsi!
* Bütün dünya üçün nümunəyə çevrilərək bir çox ali hərbi məktəblərdə taktikası öyrənilən Vətən müharibəsi!
* Şuşa kimi qala şəhərin demək olar ki, yalın əllə, əlbəyaxa döyüşlə, əsgər xəncəri və lopatkası ilə alınan, kütləvi qəhrəmanlıqların baş verdiyi Zəfər müharibəsi!
II Qarabağ müharibəsində döyüşərək fərqlənən, igidlik göstərən, şəhid olan və yaralanan bir nəfər də olsun diqqətdən kənarda qalmadı!
Layiq olduqları dövlət mükafatları ilə təltif edildilər!

İgidlik, rəşadət, şücaət və qəhrəmanlıq göstərərək orden və medallar alanların sırasında təkcə bir nəfərin adı yoxdur:
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin!
Qələbənin memarı, qurucusu, döyüşlərdə son söz sahibi olan, müharibənin bütün ağırlıq və məsuliyyətini qüdrətli çiyinlərində daşıyan möhtərəm İlham Əliyevin!

Hərçənd ki, dəfələrlə şəhid ailələri, ictimaiyyətin nümayəndələri Müzəffər Ali Baş Komandanın təltifi ilə bağlı fikirlər səsləndirdilər, Milli Məclisin deputatları parlamentin komitə və plenar iclaslarında təşəbbüslər göstərərək çıxışlar etdilər...
Lakin təbiətən təvazökar insan olan cənab İlham Əliyev minlərin dilindən səslənən bu təklifin, qiymətləndirmə təşəbbüslərinin gerçəkləşməsinə razılıq vermədi!
Bir sıra beynəlxalq qurum və təşkilatlar isə 44 günlük Zəfər müharibəsində böyük qələbəyə verdiyi möhtəşəm töhfələrə görə Ali Baş Komandan İlham Əliyevin əməyini qiymətləndirdilər.
***
Bəli, biz hamımız şahidik ki, Zəfərin qazanılmasında ən çox zəhmət çəkən, ən böyük iş görən məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
Bu iş illərlə davam etmiş, müxtəlif istiqamətlərdə aparılmış, siyasi, diplomatik, hərbi sahələri özündə birləşdirmişdir.
* Bu iş inamla, inadla, ardıcıl, dayanmadan və yorulmadan getmişdir!
* Bu iş aşkar görünsə də, əslində, son dərəcə gizli və məxfi olmuşdur!
 Maraqlı bir məqam:
Ermənistanın havadarları və müdafiəçiləri yaxında, uzaqda yerləşməklə bərabər, casus şəbəkəsinə, ən müasir kəşfiyyat vasitələrinə, PUA-lardan tutmuş müşahidə peyklərinədək izləmə imkanlarına malikdirlər.
Əgər Azərbaycanın belə qüdrətli ordu qurduğundan, sürətli müharibə aparmaq qabiliyyətindən xəbər tutsaydılar, nəinki bu barədə Ermənistana xəbər verər, hətta bütün vasitələrlə hərbi əməliyyatların qarşısını alardılar.
İlham Əliyev düşmənlərimizin və bədxahlarımızın gözlərini "bağlamağı" bacardı!
* Ordu qurmaq üçün kifayət qədər vəsait qazanaraq sərf etdi.
* Azərbaycana çoxsaylı dostlar qazandırdı, onlarla əməkdaşlıq qurdu, ən müasir silahları əldə etməklə yeni qurulan ordunun sərəncamına verdi.
Möhtəşəm Zəfərin qazanılmasında ən mühüm amillərdən biri ordudakı ruh yüksəkliyi, tükənməz döyüş ruhu olmuşdur!
Erməni vandallarının otuzillik işğal dövründə doğma yurd-yuvamızı darmadağın etməsi, evlərimizi yandıraraq bağlarımızı, meşələrimizi qırıb aparması, məscidlərimizdə donuz, mal-qara saxlaması, dini, tarixi, mədəni abidələrimizi, hətta qəbiristanlıqlarımızı belə yerlə yeksan etməsi hər bir azərbaycanlıda, hər bir döyüşçüdə sonsuz qəzəb və qisas duyğusu yaratmışdı.
Bütün bu duyğular müasir silahlarla birləşəndə isə qarşısıalınmaz qüvvəyə çevrildi!
Ömür boyu özgə ağzı ilə hürən erməni bu əsgərin, bu ordunun qarşısında duruş gətirə bilməzdi!
Odur ki, qısa müddətdə "məğlubedilməz erməni ordusu" qorxaqlar və fərarilər yığnağına çevrildi, döyüşməyə yox, qaçmağa üstünlük verdi!
***
Qələbəmizə ən çox sevinən türk dünyası, türk ailəsi üzvləri oldu!
Bu da təsadüfi deyil, çünki türk dövlətləri birliyinin yaranmasına, Türk Dövlətləri Təşkilatının formalaşmasına Azərbaycan Prezidenti İlham Əliyev dəyərli töhfələr vermişdir.
Fransa başda olmaqla, Avropada islamofob meyillərin sürətlə artması, müsəlmanlara qarşı ayrı-seçkilik əməllərinin güclənməsi, ABŞ-nin yürütdüyü siyasətdə ikili standartların daha qabarıq görünməsi müsəlman dövlətlərini də birləşməyə, təşkilatlanmağa, haqsızlığa və ədalətsizliklərə qarşı birlikdə mübarizə aparmağa vadar edir.
Yeni dünya düzəninin formalaşdığı bir zamanda Azərbaycanın Ermənistana və havadarlarına üstün gələrək torpaqlarını işğaldan azad etməsi türk dünyasını hədsiz dərəcədə qürurlandırdı!
Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının yekdil qərarı ilə cənab İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi.
12 noyabr 2021-ci ildə İstanbulda keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali mükafatı Azərbaycanın dövlət başçısına təqdim edərkən söylədiyi fikirlərə bir daha diqqət çəkirik:
"Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.
Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir.
Qarabağın azadlığının rəmzi olan xarıbülbül türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb".
Cənab İlham Əliyevi şanlı qələbə münasibətilə 100-dən çox yaşı olan qılıncla təbrik edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin söylədiyi sözlər də qürurvericidir:
"Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm.
Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik".

Bəli, dünya görür, bilir, etiraf və təqdir edir.
***
* Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində Qarabağdakı separatizm ağacının qol-budaqlarını qırıb atdı!
* 23 saatlıq antiterror tədbirlərində isə ağacın gövdəsini kəsib doğradı!
* Sonra bütün Qarabağın ərazisində üçrəngli bayrağımızı, qalibiyyət bayrağını ucaldaraq dalğalandırdı!
Ermənilər havadarlarına inanaraq bu torpaqlarda əbədi qalacaqlarına, ona sahiblik edəcəklərinə inanmışdılar.
Hətta özlərinə "parlament" binası tikərək "oyuncaq sessiyalar" keçirirdilər.
"Veteran evi" adı ilə "terrorçular evi" tikərək əlləri dinc azərbaycanlı əhalinin qanına batmışlara "muzey" yaratmışdılar.
İlham Əliyev qalibiyyət qılıncı ilə bu erməni inamına və erməni xülyasına son qoydu!
Daha sonra "parlament" və "veteran evi" adlı xəyanət yuvalarını dağıdaraq Qarabağdan separatizmin köklərini də çıxarıb tulladı!
Qılıncın iti, qolun qüvvətli, sözün kəsərli, ömrün uzun olsun, Müzəffər Ali Baş Komandanımız!
 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video