Azərbaycan–Özbəkistan münasibətləri bu gün ənənəvi dostluq çərçivəsini aşaraq dərin institusional müttəfiqlik xarakteri daşıyır. Qlobal təchizat zəncirlərinin parçalandığı bir şəraitdə Mərkəzi Asiyanın təbii dayaq mərkəzi kimi Özbəkistanın, Cənubi Qafqazın mühüm dayağı kimi isə Azərbaycanın çıxış etdiyi yeni geoiqtisadi makroregion formalaşır. Azərbaycanın C5 formatına qoşulması yalnız diplomatik addım deyil, vahid regional təhlükəsizlik arxitekturasının və möhkəm iqtisadi körpünün yaradılması baxımından mühüm hadisədir. Belə inteqrasiya qlobal şoklar qarşısında həssaslığımızı azaldır və Türk dünyasının iqtisadi nüvəsini daha da möhkəmləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov deyib.
Ekspert bildirib ki, siyasi etimadı real və nəzərəçarpan nəticələrə çevirmək baxımından ilk növbədə enerji sektoru ön plana çıxır. Onun sözlərinə görə, “Uzbekneftegaz” ilə SOCAR arasında əməkdaşlığın praktiki müstəviyə keçməsi və hasilatdan pərakəndə satışa qədər bütün mərhələləri əhatə etməsi bunun ən bariz nümunələrindən biridir.
“Ustyurtda müasir dərin qazma texnologiyalarından istifadə etməklə birgə geoloji kəşfiyyat işlərinin aparılmasına dair razılaşma Özbəkistanın mineral-xammal bazasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, şirkətlərin Özbəkistanda avtomobil yanacaqdoldurma məntəqələri şəbəkəsinin birgə inkişaf etdirilməsi niyyəti ilə bağlı son xəbərlər də xüsusi maraq doğurur. Hazırda ölkəmizin yanacaq bazarı, o cümlədən Aİ-80 kimi köhnəlmiş standartlardan imtina istiqamətində mürəkkəb transformasiya mərhələsindən keçir. SOCAR-ın Avropa və Qafqazda premium yanacaqdoldurma məntəqələrinin idarə olunması sahəsində təcrübəsi Özbəkistana beynəlxalq xidmət standartlarını tətbiq etməyə, yüksək oktanlı benzinin təchizat zəncirlərini optimallaşdırmağa və müasir çoxfunksiyalı enerji hablarını inkişaf etdirməyə kömək edə bilər”, – deyə X.İbrahimov vurğulayıb.
Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqazın enerji təhlükəsizliyi bu gün yaşıl enerji tranziti ilə də ayrılmaz şəkildə bağlıdır. Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsinə dair üçtərəfli razılaşma bu istiqamətdə yeni imkanlar yaradır. Bu dəhliz yalnız Özbəkistanın bərpaolunan enerji mənbələrinə Avropanın yüksəkgəlirli bazarlarına birbaşa çıxış açmayacaq. Eyni zamanda, pik yüklərin balanslaşdırılması hesabına hər iki regionun birləşmiş enerji şəbəkələrinin dayanıqlığını artıracaq. Bu baxımdan, yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin iqtisadi məzmununu daha da genişləndirə bilər.
X.İbrahimov Azərbaycan–Özbəkistan tərəfdaşlığının digər mühüm istiqamətinin logistika olduğunu bildirib.
“Özbəkistan üçün Orta Dəhliz həyati əhəmiyyət daşıyan nəqliyyat arteriyasıdır. Özbəkistan dəmir yollarının Azərbaycanın nəqliyyat infrastrukturu ilə işinin sinxronlaşdırılması Bakı Beynəlxalq Dəniz Limanının ötürmə qabiliyyətini genişləndirəcək və gələcəkdə “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolu magistralı ilə yaranacaq sinerji iki ölkənin tərəfdaşlığını Avrasiyanın mərkəzi logistika qovşaqlarından birinə çevirəcək”, – deyə Xayotjon İbrahimov əlavə edib.