Bakı-Daşkənd tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında əlaqələrin güclənməsinə, türk dünyasının daha da möhkəmlənməsinə mühüm töhfələr verir
Azərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri, xüsusən Özbəkistan arasında əlaqələri böyük əhəmiyyət kəsb edir. Köklü tarixə, mədəni və mənəvi bağlara söykənən bu münasibətlər iki ölkənin milli maraqlarının üst-üstə düşməsi ilə daha da möhkəmlənir. Xüsusən, regionlarımızda baş verən prosesləri, həmçinin qlobal səviyyədə mövcud olan meyilləri nəzərə alsaq, bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin qarşılıqlı inteqrasiyası, iqtisadi və nəqliyyat tərəfdaşlığının möhkəmlənməsi obyektiv zərurətdir və bu, hər iki ölkənin maraqlarına tam cavab verir.
Şübhəsiz, iki ölkə arasındakı münasibətlərin üst səviyyəyə çıxarılmasında liderlərin şəxsi dostluğu və intensiv təmasları həlledici rol oynayır. Prezident İlham Əliyevin siyasi iradəsi və xüsusi diqqəti ilə Özbəkistan ilə münasibətlər hazırda ən yüksək inkişaf mərhələsinə-müttəfiqlik səviyyəsinə gəlib çatıb və bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq əlaqələri formalaşıb. Dövlətimizin başçısının Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətlərə malik olması bu əlaqələrin inkişaf dinamikasına mühüm təkan verir və əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev də həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər edib. Burada əsas məqam liderlər arasındakı ali etimadın dövlət institutlarının davamlı fəaliyyət mexanizminə inteqrasiya olunmasıdır. Müttəfiqlik Müqaviləsi, Ali Dövlətlərarası Şura və yüksəksəviyyəli müntəzəm təmaslar uzunmüddətli koordinasiyanın möhkəm bünövrəsini təşkil edir.
Bu kontekstdə Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfərinə getməsi iki ölkənin münasibətlərinin strateji xarakterini və tərəflər arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçiriləcək.
2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm institusional mexanizmə çevrilib. İndiyə qədər 2 iclas - 2024-cü ildə Daşkənddə 1-ci, 2025-ci ildə Bakıda 2-ci iclası keçirilib. Səfər çərçivəsində tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması da nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır.
Azərbaycan və Özbəkistan demək olar ki, üzv olduqları bütün təşkilatlar çərçivəsində, xüsusilə də BMT, İƏT, TDT, AQEM, Qoşulmama Hərəkatı, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü və digər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
Azərbaycan Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri ilə müstəsna xarakter daşıyan əlaqələrinin həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə xüsusi əhəmiyyət verir. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü mühüm rol oynayır.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə olaraq 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutub. 2023-cü ildə və 2024-cü ildə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib. 16 noyabr 2025-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib. Bu qərar Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu bir daha nümayiş etdirib. Azərbaycanın prosesə fəal qoşulması nəticəsində indiyə qədər C5 adlanmış əməkdaşlıq formatı faktiki olaraq C6 formatına yüksəlib. Regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun və əhatə dairəsi qazanıb.
İkitərəfli əlaqələrin çoxtərəfli əməkdaşlığa çevrilməsinin və inkişafının təməlini Türk Dövlətləri Təşkilatı (TDT) təşkil edir. Türk dünyasının gələcək nüfuzunu yalnız mədəni həmrəylik deyil, konkret nəqliyyat arteriyaları, enerji bağlantıları və investisiya mexanizmləri müəyyən edir. Bakı-Daşkənd oxu bu həmrəyliyin real iqtisadi gücə necə çevrildiyini nümayiş etdirir. Prezident İlham Əliyev çoxtərəfli əməkdaşlığın perspektivlərini vurğulayaraq bildirib: “Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”. Türk Dövlətləri Təşkilatının gələcəkdə iqtisadi və siyasi əməkdaşlıqla yanaşı, təhlükəsizlik və müdafiə sahəsində daha sıx inteqrasiyası mümkündür. Əlbəttə, burada söhbət hərbi blokun yaradılmasından yox, terrorçuluq və transmilli cinayətkarlığa qarşı mübarizə, kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, hərbi təhsil və təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq kimi istiqamətlərdən gedir.
Azərbaycan və Özbəkistanı ortaq tarix, milli-mənəvi dəyərlər və türk kimliyi ilə yanaşı, qarşılıqlı milli maraqlar da birləşdirir. Son illərdə əlaqələr siyasi münasibətlərdən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrə qədər genişlənib. Dövlətimizin başçısının Özbəkistana budəfəki səfəri də mövcud əməkdaşlığın dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi dialoqun dayanıqlılığını müəyyən edən əsas amil onun real iqtisadi məzmun qazanmasıdır. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 795 milyon dollara çatması və 2026-cı ilin ilk aylarında müsbət dinamikanın saxlanılması iqtisadi tutumun sürətlə genişləndiyini göstərir. 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, Azərbaycanda 130-dan çox Özbəkistan kapitalı ilə şirkətin fəaliyyəti, Özbəkistanda “PASHA Holding” və “Sea Breeze” layihələri, neft-qaz sektorunda “Turan Energy AFEZCO” birgə müəssisəsi əməkdaşlığın miqyasını əks etdirir. Əsas məsələ odur ki, birgə investisiya layihələri və sənaye kooperasiyası tərəfləri bir-birini tamamlayan istehsal tərəfdaşlarına çevirir, formalaşan birgə istehsal və investisiya zəncirləri isə iqtisadi maraqları uzunmüddətli edir.
Bakı ilə Daşkəndin strateji yaxınlaşmasının mühüm geoiqtisadi ölçülərindən biri nəqliyyat-logistika şəbəkəsidir. Azərbaycanın Xəzər üzərindən Qərbə çıxış imkanları Özbəkistanın Mərkəzi Asiyanın mərkəzindəki mövqeyi ilə qovuşduqda yaranan yeni tranzit konfiqurasiyası adi nəqliyyat marşrutu çərçivəsini aşır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta dəhliz və TRIPP vasitəsilə inteqrasiyası Mərkəzi Asiyanın dənizə çıxışı olmayan iqtisadiyyatları üçün Avropa bazarlarına ən qısa marşrut açır. Azərbaycan isə bu zəncirdə Xəzərdən sonra gələn əsas logistika qovşağı rolunu üzərinə götürür. Beləliklə, Orta dəhliz sadəcə alternativ xətt deyil, Avrasiyanın müxtəlif iqtisadi qütblərini birləşdirən çoxşaxəli platformaya çevrilir.
Enerji əməkdaşlığı da iki ölkə münasibətlərinə yeni geostrateji çalarlar əlavə edir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında formalaşan “yaşıl enerji” tərəfdaşlığı və bərpaolunan elektrik enerjisinin Xəzərin dibi ilə Avropaya nəqli layihəsi Avrasiyanın enerji xəritəsini yenidən cızır. Mərkəzi Asiyada istehsal olunan “yaşıl enerji”nin Xəzər dənizi üzərindən Avropaya nəqli müxtəlif regionların enerji sistemlərini vahid şəbəkədə qovuşdurur. Azərbaycanın buradakı rolu yalnız enerji istehsalçısı olmaqla bitmir, Mərkəzi Asiyanın potensialını Qərbə birləşdirən strateji tranzit platformasına çevrilir.
Tərəfdaşlığın mənəvi təməlini mədəni-humanitar sahədə qurulan körpülər təşkil edir. Qarşılıqlı Mədəniyyət Günləri, Daşkənddəki Nizami Gəncəvi adına Universitet, Bakıdakı “Özbəkistan” parkı və xüsusilə işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb bu səmimi qardaşlığın simvollarıdır. Dövlətimizin başçısı humanitar bağların mənəvi əsaslarını belə xarakterizə edib: “Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.
Azərbaycan-Özbəkistan əməkdaşlığının dərinləşməsi həm ikitərəfli münasibətlərə, həm də bütövlükdə türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha güclü aktora çevrilməsinə mühüm töhfə verəcək. Geosiyasi qütbləşmənin artdığı bir dövrdə Azərbaycan və Özbəkistan üçün müstəqil xarici siyasət kursunun qorunmasının əsas şərti milli maraqların, dövlət suverenliyinin və ərazi bütövlüyünün prioritet olaraq saxlanılmasıdır. Hər iki ölkənin müxtəlif güc mərkəzləri ilə münasibətlərində praqmatik və balanslı siyasət yürütməsi onların xarici təsirlərdən asılılığını azaltmaqla yanaşı, regional mövqelərini də gücləndirir.
Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan və Özbəkistanın formalaşdırdığı sarsılmaz körpü Cənubi Qafqaz və Mərkəzi Asiyanın müstəqil geosiyasi məkanlardan vahid, bir-birini tamamlayan bağlantı sisteminə keçidini təmin edir. Bu tərəfdaşlıq Şərqlə Qərb arasında yeni geostrateji məkanın dayaq nöqtəsinə çevrilərək Avrasiyanın yeni bağlantı xəritəsini müəyyənləşdirir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”