Azərbaycan-Özbəkistan münasibətləri artıq yeni mərhələyə qədəm qoyub
Prezident İlham Əliyev bu gün Özbəkistana növbəti dövlət səfəri edib. Məlum olduğu kimi, bu mühüm səfər Azərbaycan Prezidentinin son beş ildə Özbəkistana yeddinci səfəridir. Bu göstəricinin özü belə ikitərəfli münasibətlərin nə qədər intensiv və dinamik xarakter daşıdığını əyani şəkildə nümayiş etdirir. Bu səfər iki qardaş ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək. Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Özbəkistan ilə münasibətlərimiz artıq keyfiyyətcə yeni mərhələyə, müttəfiqlik səviyyəsinə çatıb. İki qədim xalqı bir-birinə ortaq din, zəngin dil, oxşar adət-ənənələr, mədəniyyət və əsrlərin sınağından çıxmış tarixi yaxınlıq sıx şəkildə bağlayır. İndiyə qədər bütün sahələr üzrə əlaqələr daim yüksələn xətt ilə inkişaf edib və xalqlarımız həmişə bir-birinə dəstək göstəriblər.
İki qardaş ölkə arasında əlaqələrin təməlinin qoyulmasında və inkişaf strategiyasının müəyyənləşdirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Xüsusilə də Ümummilli Liderin 1997-ci ildə Özbəkistana rəsmi səfəri gələcək əməkdaşlıq perspektivləri baxımından həlledici rol oynayıb. Bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və xüsusi diqqəti sayəsində həmin təməllər üzərində qurulan münasibətlər ən yüksək zirvəyə ucalıb.
Dövlətimizin başçısı ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı səmimiyyətə, inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətlər mövcuddur. Məhz bu dostluq və qardaşlıq ruhu bütün sahələrdə genişmiqyaslı əməkdaşlığın genişlənməsinə güclü təkan verir. Təsadüfi deyil ki, son beş ildə Prezident İlham Əliyev Özbəkistana iki dövlət və dörd işgüzar səfər həyata keçirib. Eyni zamanda, Prezident Şavkat Mirziyoyev də qardaş ölkəmizə iki dövlət və yeddi işgüzar səfər edib. Bu intensiv səfərlər zamanı imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətləri haqqında bəyannamələr, həmçinin tarixi sazişlər əlaqələrimizin hüquqi bazasını möhkəmləndirib. Ölkələrimiz arasında indiyədək 220-yə yaxın mühüm sənəd imzalanıb. 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura bu istiqamətdə fəaliyyət göstərən əsas institusional mexanizmdir. Şuranın ilk iclası Daşkənddə, ikinci iclası isə Bakıda baş tutub. Cari səfər çərçivəsində keçirilən üçüncü iclas isə mövcud əməkdaşlığa yeni strateji məzmun qazandırır.
Azərbaycan ilə Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri son illərdə dinamik şəkildə genişlənir. Ölkəmizdə hazırda 130-dan çox Özbəkistan kapitallı şirkət uğurla fəaliyyət göstərir. Bu şirkətlər həm də işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq layihələrinə fəal şəkildə cəlb olunublar. Məsələn, “Azərmaş” Birgə Müəssisəsi özbək tərəfdaşları ilə birlikdə “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalını uğurla həyata keçirir. İndiyədək bu əməkdaşlıq çərçivəsində 10 mindən çox minik və yük avtomobili istehsal olunub. İqtisadi göstəricilərə nəzər salsaq, görərik ki, 2025-ci ildə ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin ilk aylarında da bu müsbət artım tendensiyası davam edib.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti hər iki ölkədə perspektivli iqtisadi layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Hökumətlərarası Komissiyanın on beşinci iclası Daşkənddə keçirilib və yeni ticari hədəflər müəyyənləşdirilib. Bundan əlavə, tranzit daşımalarının həcmi 2025-ci ildə 1,4 milyon tona çatıb. Sərnişin daşımaları sahəsində də Bakı ilə Daşkənd, Səmərqənd arasında həyata keçirilən müntəzəm aviareyslər işgüzar və turistik əlaqələri daha da intensivləşdirib. Eyni zamanda, iki ölkənin regionları arasında qurulan qardaşlaşma əlaqələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bakı və Daşkənd, Şuşa və Xivə, Lənkəran və Buxara, həmçinin digər şəhərlərimiz qardaşlaşmış şəhərlər elan olunub. Daşkənddə keçirilən Dördüncü Azərbaycan-Özbəkistan Regionlararası Forumu bu əməkdaşlığın praktiki nəticəsidir.
Mədəni-humanitar sahədəki əməkdaşlıq isə ən gözəl örnəklərdəndir. Bakının Ağ Şəhər qəsəbəsində Özbəkistanın xəritəsi formasında salınan beş hektarlıq möhtəşəm “Özbəkistan” parkı iki xalqın əbədi qardaşlığının əyani simvoludur. Eyni zamanda, Özbəkistan tərəfindən işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına 960 şagird yerlik müasir məktəb binası gənc nəslə qoyulan qiymətli töhfədir. Füzulidə salınan “Dostluq bağı” və nar bağları layihəsi də bu qardaşlığın əbədi yaşayacağından xəbər verir. QHT sahəsində ilk dəfə elan olunmuş birgə qrant müsabiqəsi isə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığı tamamilə yeni müstəviyə daşıyır.
Azərbaycan və Özbəkistan beynəlxalq müstəvidə, xüsusilə BMT, İƏT, Qoşulmama Hərəkatı və digər nüfuzlu platformalarda bir-birinin mövqeyini qətiyyətlə dəstəkləyirlər. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı statusu qazanması regional inteqrasiya baxımından tarixi hadisədir. Öz növbəsində, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində aparılan işlər türk dünyasının birliyini daha da gücləndirir. Naxçıvan şəhərində təməli qoyulmuş həmin təşkilat bu gün qlobal miqyasda nüfuz mərkəzinə çevrilməkdədir. Ölkələrimiz arasında təhsil sahəsində də əlaqələr genişlənir. Gənclər qarşılıqlı şəkildə ali məktəblərdə təhsil alaraq gələcək əməkdaşlığımıza zəmin yaradırlar.Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana bu səfəri Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni müstəviyə yüksəldəcək, iqtisadi münasibətlər daha da dərinləşəcək, eyni zamanda Azərbaycan-Orta Asiya əlaqələrini daha da yaxın edəcək. İki qardaş ölkənin birliyi və həmrəyliyi bütövlükdə bölgəmizdə sülhün, təhlükəsizliyin və dayanıqlı tərəqqinin əsas təminatçısıdır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”