Prezident İlham Əliyev:”Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir”
Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 31 illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri var. Azərbaycan- Özbəkistan hərtərəfli əlaqələrinin getdikcə inkişafında bu, bir növ zəmin rolu oynayır. Başqa bir vacib amil də bu iki ölkənin başçılarının dost, qarşılıqlı hörmət, inam və etimad münasibətləridir.
Bu mənada Azərbaycan və Özbəkistan Prezidentlərinin qarşılıqlı səfərləri də mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının dost və qardaş ölkəyə indiki səfəri də məhz bunu vəd edir.
Bu gün Azərbaycan da , Özbəkistan da təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkələrdir. Təsadüfi deyil ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə - müttəfiqlik pilləsinə yüksəlib. İki il əvvəl imzalanan müqavilə iki müstəqil, güclü, suveren dövlət arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir.
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir.
Qardaş Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur. Özbəkistan Prezidenti azad olunmuş ərazilərimizə dəfələrlə səfər edib. Onun təşəbbüsü ilə Füzulidə özbək xalqının adından Mirzə Uluqbəy adına orta məktəb inşa edilib, Xankəndidə isə birgə tikiş müəssisəsi yaradılıb.
Prezident İlham Əliyevin bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Hökumətlərarası Komissiyanın iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib:”Bu günə qədər komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub”.
Dövlətimizin başçısı həmçinin energetika sektorunda əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayıb:”. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir”.
Qeyd edək ki, hazırda beynəlxalq gündəmdə maraq doğuran məsələlərdən biri də Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın yaradacağı "yaşıl dəhliz"dir. Belə ki, 2024cü il noyabrın 13-də COP29 çərçivəsində bu üç ölkənin dövlət başçısı "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıb. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasını da xatırladaq. Bu sazişə əsasən, Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Bir sözlə, Mərkəzi Asiya, Qafqaz, Avropa, Xəzər və Qara dəniz vahid enerji dəhlizi ilə birləşdiriləcək.
Xəzərin dibi ilə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın birlikdə yaradacağı "yaşıl dəhliz" üçün bu ölkələrin hər birinin böyük potensialı var. Azərbaycanın "yaşıl gündəliy"i artıq bütün dünyaya bəllidir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək.
Özbəkistanda da bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 40 faizə çatdırılması, həmçinin 4,2 qiqavatlıq enerjisaxlama sistemlərinin yaradılması planlaşdırılıb.
Prezident İlham Əliyev sözügedən müsahibəsində bu istiqamətdə əməkdaşlıqdakı yenilikləri də diqqətə çatdırıb:”Yaşıl enerji” sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya “yaşıl enerji” dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb”.
Flora SADIQLI,
"Azərbaycan"