22 Avqust 2026 08:00
317
İQTİSADİYYAT
A- A+
Dövlət proqramı turizmin daha sürətli inkişafına geniş imkanlar yaradacaq

Dövlət proqramı turizmin daha sürətli inkişafına geniş imkanlar yaradacaq


Bu gün Azərbaycanda turizm qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi dövlət siyasətinin mühüm tərkib hissəsidir. 

Zəngin təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, qədim tarixi və mədəni irsi, milli mətbəxi, müxtəlif iqlim qurşaqları, müasir nəqliyyat infrastrukturu və təhlükəsiz turizm mühiti olan Azərbaycanın ayrı-ayrı bölgələri özünəməxsus gözəllikləri ilə yanaşı, müxtəlif turizm növlərinin inkişafı baxımından geniş imkanlara malikdir. 

Bakı-Abşeron qədim tarixi, zəngin mədəniyyəti, Xəzər dənizi sahilində yerləşən çimərlikləri və müasir memarlığı, Quba-Qusar dağ və qış turizmi, Şəki-Zaqatala tarixi-mədəni irsi, Qəbələ və İsmayıllının təbiət və ekoturizm imkanları, Lənkəran-Astaranın subtropik təbiəti, Naxçıvanın tarixi, sağlamlıq turizmi resursları, Naftalanın müalicəvi turizm potensialı, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulan şəhər və kəndləri turizm sənayesinin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 

Üstəlik, respublikamızda son illər bu sahəyə dövlət dəstəyi artıb və sistemli xarakter alıb, turizmin inkişafı prioritet məsələlərdən birinə çevrilib. 2016-cı ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bu sahənin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdən biridir. Sənəddə infrastrukturun yaxşılaşdırılması ilə bərabər, cəlbedici turizm məkanlarının müxtəlifliyinin və xidmət keyfiyyətinin artırılması ölkəni beynəlxalq turizm məqsədləri üçün cəlbedici turizm mərkəzinə çevirmək niyyətinin reallaşdırılmasına şərait yaradılması hədəf olaraq qarşıya qoyulub. 

Prezident İlham Əliyevin 20 avqust 2026-cı ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" da ölkəmizdə turizmin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Proqramda diqqət turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionların rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsinə yönəldilib. Sənəddə qeyd olunub: "Dövlət proqramında müəyyən olunmuş hədəflərin reallaşdırılması üçün turizm sahəsində strateji çərçivənin inkişaf etdirilməsi, digər sahəvi siyasətlərin turizm siyasəti ilə uzlaşdırılması, dayanıqlı keyfiyyət təminatı sisteminin qurulması, cəlbedici təşviq mexanizmlərinin formalaşdırılması, tənzimləmə alətlərinin təkmilləşdirilməsi, brendinq, marketinq və kommunikasiya işinin gücləndirilməsi, rəqəmsallaşma imkanlarının genişləndirilməsi, statistika və kadr bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir".

Yeni dövlət proqramının diqqətçəkən istiqamətlərindən biri ölkəmizin turizm baxımından əlçatanlığının artırılmasıdır. Bunun üçün hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması, yeni və əlavə aviareyslərin təşviqi və digər məsələlər nəzərdə tutulub. Viza siyasətinin təkmilləşdirilməsi də gəlmə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Proqram çərçivəsində ümumvətəndaş pasportu əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi ilə bağlı lazımi dövlətdaxili prosedurların həyata keçirilməsi, "ASAN Viza" sistemi haqqında Əsasnamə"yə uyğun olaraq çoxdəfəlik elektron vizaların verilməsinin təkmilləşdirilməsidir.

Sənəddə turistlərin səfər seçimində ənənəvi yanaşmaların öz təsirini saxlamaqda olduğu vurğulanıb. Qeyd olunub ki, mədəni irslə və təbiətlə əlaqədar turizm təcrübələrinə meyillilik və "təkbaşına" ("solo") səfərlərin payı artsa da, səyahət edənlərin seçimlərində günəş və dəniz, şəhər təcrübəsi, işgüzar görüşlərdə iştirak, alış-veriş və yaxınları ziyarət əsas motiv kimi üstünlük təşkil edir. Digər tərəfdən, təhsil və rifah səviyyəsinin yüksəlməsi ilə daha təcrübəli və yüksək keyfiyyət tələb edən turist qrupunun formalaşdığı, səyahət planlaşdırılmasında və qərar qəbuletmədə rəqəmsal vasitələrin əsas rol oynadığı, əhalinin yaşlanması və orta iş saatlarının azalması ilə yaşlı və subay insanların, uşaqsız ailələrin daha çox asudə vaxt və maliyyə imkanları olan əsas səyahətçi qruplarına çevrildiyi, o cümlədən pandemiyadan sonrakı dövrdə - 2022-ci ildən etibarən məsafədən iş rejiminin yayılmasının daha aşağı xərc və yüksək həyat keyfiyyəti təklif edən yerlərdə uzunmüddətli qalmağı seçən yeni "rəqəmsal səyyah" turist seqmenti yaratdığı dövlət proqramında nəzərə çatdırılıb. 

Azərbaycanda ənənəvi turizm seçimləri üstünlük təşkil etsə də, yaxın perspektivdə yeni turist seqmentlərinin (yaşlı və subay insanlar, uşaqsız ailələr, sağlamlıq məqsədilə səyahət edənlər və s.) formalaşacağı və onların turizm bazarında əhəmiyyətinin artacağı proqnozlaşdırılır. Bu baxımdan proqramın mühüm üstünlüklərindən biri də regional turizmə xüsusi diqqət yetirilməsidir. Azərbaycan turizminin gələcəyi yalnız paytaxtın imkanlarının genişləndirilməsi ilə deyil, ölkənin bütün regionlarının özünəməxsus potensialının iqtisadi dövriyyəyə cəlb olunması ilə bağlıdır. Bu səbəbdən "Turizm kəndi" konsepsiyasının tətbiqi də əhəmiyyətlidir. Sənəddə "Turizm kəndi" üzrə meyarların, xüsusi inkişaf prinsiplərinin və dövlət dəstəyi mexanizmlərinin hazırlanması nəzərdə tutulub.

Dövlət proqramının icrası nəticəsində turizm sahəsində böyük irəliləyişlər əldə olunacaq. Azərbaycanın turizm sektorunun regional və qlobal rəqabət qabiliyyəti güclənəcək, ölkəmiz dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə yüksəkkeyfiyyətli turizm təcrübəsi təqdim edən rəqabətqabiliyyətli destinasiyaya çevriləcək. Bundan başqa, turizm potensialından səmərəli istifadə genişlənəcək, yerli və xarici investisiyaların cəlb edilməsi təşviq olunacaq, regionların balanslı sosial-iqtisadi inkişafı dəstəklənəcək, yeni iş yerləri yaradılacaq, regionlarda məşğulluq və əhalinin pul gəlirləri artacaq, qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı payının artırılmasına töhfə veriləcək. Həmçinin turizm infrastrukturu müasirləşəcək, turizm xidmətlərinin keyfiyyəti yüksələcək və turist axınının davamlı artımı təmin ediləcək.

Müasir dünyada turistin ölkə haqqında ilk təsəvvürü çox vaxt səfərdən əvvəl internet üzərindən formalaşır. Buna görə də turizm xidmətlərinin rəqəmsallaşdırılması yeni dövlət proqramında ayrıca istiqamət kimi müəyyənləşdirilib. Proqram çərçivəsində Turizm İnformasiya Sisteminin yaradılması və inkişaf etdirilməsi, "Azerbaijan.travel" rəqəmsal turizm platformasının təkmilləşdirilməsi, nəqliyyat marşrutları haqqında məlumatların beynəlxalq standartlara uyğun rəqəmsal formatda təqdim edilməsi nəzərdə tutulur. Sənəddə turizm obyektləri üçün 5 xarici dildə bələdçi mətnlərinin rəqəmsallaşdırılması, audiobələdçilərin QR kodlar və digər rəqəmsal alətlər vasitəsilə turistlərin istifadəsinə verilməsi də planlaşdırılır.

Qeyd etdiyimiz kimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası turizm sektorunun qarşısında da yeni imkanlar açır. Qarabağ və Şərqi Zəngəzurun zəngin təbiəti, tarixi-mədəni irsi, dağlıq landşaftı, mineral və termal ehtiyatları, qədim yaşayış məskənləri və yeni yaradılan müasir infrastrukturu gələcəkdə Azərbaycanın turizm xəritəsinin mühüm hissəsinə çevriləcək. Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam və digər ərazilərin bərpası ilə paralel olaraq burada turizm üçün zəruri infrastrukturun formalaşdırılması həm bu ərazilərin iqtisadi fəallığının yüksəlməsinə, həm də Azərbaycanın tarixi və mədəni irsinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcək.

Qarabağın turizm inkişafı həm də Böyük qayıdış prosesinin iqtisadi və sosial dayaqlarından biri olacaq. Turizm burada yeni bizneslərin, xidmət sahələrinin və məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

10:00
22 Avqust

Torpağın dilini bilirdi

09:50
22 Avqust

Əsrləri aşan söz və fikir dühası

09:40
22 Avqust

Adı turizm brendinə çevrilən Qəbələ

09:30
22 Avqust

Ölkəmizə turist gətirən çarter aviareyslər subsidiyalaşdırılacaq

09:20
22 Avqust

3 yeni turizm və rekreasiya zonası yaradılacaq

09:10
22 Avqust

ABŞ-İran müharibəsi səbəbindən dünya 2,6 milyard barel neft itirib

09:00
22 Avqust

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

08:52
22 Avqust

Azərbaycan qadını peşə seçimində sərhəd tanımır

08:50
22 Avqust

Yeni əsasnamə kiçik və orta biznesə yeni imkanlar verəcək

08:40
22 Avqust

907-ci düzəlişin hüquqi ləğvi labüddür

08:30
22 Avqust

Xankəndi, Xocalı və Ağdərə növbəti sakinlərini qarşıladı

08:20
22 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır

08:10
22 Avqust

Dövlət proqramı turizmin daha sürətli inkişafına geniş imkanlar yaradacaq

08:00
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:08
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:06
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş"in təsdiq edilməsi barədə

01:04
22 Avqust

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə

00:51
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:50
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

23:31
21 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə, regional tərəfdaşlıqdan yeni geosiyasi imkanlara doğru

20:53
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!