Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə
keçdiyi inkişaf yolu təkcə iki qardaş dövlət arasında əlaqələrin genişlənməsi
deyil, həm də Avrasiya məkanında iki və çoxtərəfli formatlarda yeni geosiyasi və
geoiqtisadi reallıqların formalaşmasının mühüm göstəricisidir.
Azərbaycan Prezidenti Əliyevin bu gün Özbəkistana
etdiyi dövlət səfəri bu münasibətlərin daha da dərinləşməsinə böyük təkan verəcək.
Bu fikirləri “Azərbaycan” qəzetinə
açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin
səfərdən öncə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki
dövlət arasında münasibətlərin mahiyyətini,
əldə olunan nəticələri və gələcək strateji istiqamətləri aydın şəkildə ortaya
qoyur. Müsahibədən görünən əsas siyasi nəticə budur ki, ortaq tarixi-mədəni
köklərə əsaslanan Azərbaycan–Özbəkistan qardaşlığı artıq institusional, hüquqi
və siyasi baxımdan möhkəmlənmiş müttəfiqlik modelinə çevrilib.
“İki ölkə arasında münasibətlərin ideya-mənəvi
təməlini əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər
və qarşılıqlı rəğbət təşkil edir. Lakin son dövrün əsas xüsusiyyəti bu tarixi
yaxınlığın konkret siyasi və institusional məzmun qazanmasıdır. Prezident İlham
Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq,
qarşılıqlı hörmət və yüksək etimad dövlətlərarası münasibətlərin inkişafını sürətləndirən
mühüm amilə çevrilib. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı
səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və əlaqələrin xüsusi
prioritet daşıdığını göstərir”- deyə deputat bildirib.
Rizvan Nəbiyevin sözlərinə görə 2024-cü ildə
Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat
Mirziyoyevin Azərbaycana dövlət səfərləri münasibətlərin yeni mərhələsinin
siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirdi: “Qeyd edim ki, “Strateji tərəfdaşlığın
dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında
Müqavilə”nin imzalanması Azərbaycan və Özbəkistan arasındakı təbii qardaşlığı rəsmən
müttəfiqlik münasibətləri səviyyəsinə yüksəltdi. Bununla da əlaqələr uzunmüddətli
dövlət strategiyası və hüquqi öhdəliklər üzərində qurulan əməkdaşlıq modelinə
çevrildi.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası
Şura da bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Şura iki ölkə arasında əməkdaşlığın
ayrı-ayrı istiqamətlər üzrə koordinasiyasını təmin edən, uzunmüddətli
prioritetləri müəyyənləşdirən və strateji qərarların qəbulunu əlaqələndirən əsas
institusional platformadır. Bu mexanizm Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız mövcud siyasi şəraitdən asılı
olmadığını, gələcəyə hesablanmış sistemli xarakter daşıdığını nümayiş etdirir”.
Müttəfiqliyin mühüm geoiqtisadi ölçüsünü nəqliyyat
və logistika əməkdaşlığı təşkil edir. Bu barədə danışan Rizvan Nəbiyev deyib
ki, Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər
iki ölkəni Şərq–Qərb istiqamətində yaranan yeni nəqliyyat-kommunikasiya
arxitekturasının təbii tərəfdaşlarına çevirir: “2025-ci ildə tranzit
daşımalarının həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin
ilk yarısında isə əlavə 12,2 faiz artımın qeydə alınması bu əməkdaşlığın real
iqtisadi dinamika qazandığını göstərir.
Bu kontekstdə Orta Dəhlizin inkişafı xüsusi
strateji əhəmiyyət daşıyır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə
Orta Dəhliz və TRIPP istiqamətləri ilə daha sıx inteqrasiyası Mərkəzi Asiya ilə
Cənubi Qafqaz arasında yeni tranzit sinerjisi yarada bilər. Belə bir
inteqrasiya Özbəkistanın qlobal bazarlara çıxış imkanlarını genişləndirərkən,
Azərbaycanın da Avrasiyanın əsas logistika qovşaqlarından biri kimi mövqeyini
daha da möhkəmləndirəcək. Başqa sözlə, Azərbaycan–Özbəkistan əməkdaşlığı tədricən
ikitərəfli nəqliyyat gündəliyindən regional bağlantılar sisteminin
formalaşdırılmasına doğru inkişaf edir”.
Deputat bildirib ki, enerji sahəsində, xüsusilə
yaşıl enerji istiqamətində əməkdaşlıq da yeni geosiyasi məzmun qazanır: “Azərbaycan,
Qazaxıstan və Özbəkistanın iştirakı ilə yaradılmış “Yaşıl Dəhliz Birliyi” Mərkəzi
Asiya–Azərbaycan enerji əməkdaşlığının yeni modelini formalaşdırır. Bu layihənin
mahiyyəti yalnız bərpaolunan enerjinin istehsalı və ixracı ilə məhdudlaşmır.
Söhbət Mərkəzi Asiyanın enerji potensialının Azərbaycan vasitəsilə daha geniş
regional və beynəlxalq bazarlara çıxarılması perspektivindən gedir. Geniş
coğrafi mənada Xəzərin iki sahili arasında enerji bağlantılarının yaradılması gələcəkdə
regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər”.
Azərbaycan–Özbəkistan münasibətlərinin
strateji ölçüsünü gücləndirən digər mühüm amil Türk dünyası çərçivəsində əməkdaşlıqdır.
Rizvan Nəbiyevin sözlərinə görə, hər iki dövlət Türk Dövlətləri Təşkilatını sadəcə
çoxtərəfli əməkdaşlıq platforması kimi deyil, ortaq tarixi və mədəni kimliyə əsaslanan
siyasi, iqtisadi və humanitar inteqrasiyanın əsas mexanizmlərindən biri kimi
qiymətləndirir. TDT çərçivəsində nəqliyyat, enerji, iqtisadiyyat, təhsil, elm və
humanitar sahələrdə əməkdaşlığın genişlənməsi Türk dünyasının beynəlxalq
sistemdə siyasi və iqtisadi çəkisinin artmasına xidmət edir.
Rizvan Nəbiyev qeyd edib ki, Prezident İlham
Əliyevin müsahibəsində diqqəti cəlb edən əsas geosiyasi məqamlardan biri də Azərbaycanın
Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır:
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində
tamhüquqlu iştirakı ilə bağlı qərar əvvəlki “C5” formatının faktiki olaraq “C6”
formatına çevrilməsi deməkdir.
Bu dəyişiklik sadəcə iştirakçıların sayının
artması deyil, mühüm və geniş perspektivləri olan strateji qərardır. Azərbaycan
artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yerləşən xarici tərəfdaş deyil,
regionun iqtisadi, nəqliyyat, enerji və siyasi prosesləri ilə sıx bağlı
strateji aktora çevrilir. Azərbaycan və Özbəkistanın nümunəsində C6 dövlətlərinin
daha sıx koordinasiyası vahid geoiqtisadi məkanın formalaşmasına şərait
yaradır. Azərbaycan bu prosesə özünün inkişaf etmiş nəqliyyat infrastrukturu,
enerji imkanları, Avropa və Qafqazla bağlantıları, eləcə də siyasi-diplomatik təcrübəsi
ilə mühüm töhfə verir”.
Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi
ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxdığını göstərir: “Bu münasibətlər
tarixi qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə
yüksəlməsi isə daha geniş regional inteqrasiya modelinə doğru inkişafı göstərir.
Siyasi etimad, yüksək səviyyəli dialoq,
institusional mexanizmlər, nəqliyyat və enerji layihələri, Türk dünyası çərçivəsində
inteqrasiya və Azərbaycanın Mərkəzi Asiya ilə yeni formatda yaxınlaşması
bir-birini tamamlayan vahid strateji sistem formalaşdırır.
Bu mənada Azərbaycan–Özbəkistan müttəfiqliyi
yalnız iki dövlətin milli maraqlarına xidmət edən tərəfdaşlıq deyil. O, eyni
zamanda Türk dünyasının daha sıx inteqrasiyası, Orta Dəhlizin inkişafı, yaşıl
enerji marşrutlarının yaradılması, Mərkəzi Asiya ilə Cənubi Qafqazın
geoiqtisadi baxımdan yaxınlaşması və bütövlükdə Avrasiyada yeni əməkdaşlıq
arxitekturasının formalaşmasının mühüm dayaqlarından birinə çevrilməkdədir. Bu
baxımdan Prezident Əliyevin Özbəkistana dövlət səfəri münasibətlərin daha da dərinləşdirilməsinə
xidmət edən siyasi hadisə olacaqdır”- deyə Rizvan Nəbiyev yekunda bildirib.
Rəşad Cəfərli,
“Azərbaycan”