Xalq artisti Yaşar Nurinin anadan olmasının 75 ili tamam olur. Onun həyatdan köçməsindən isə artıq 14 il keçir. Zaman bir yerdə qərar tutmur. Yaşar Nurinin də bu dünyaya gəlişindən və gedişindən də hələ çox illər keçəcək. Ancaq rol aldığı filmlər, teatr və televiziya tamaşaları nümayiş etdirildikcə, o, hər zaman xatırlanacaq…
Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda dünyaya göz açıb. Atası Məmmədsadıq Nuriyev tanınmış aktyor, anası Rəfıqə xanım evdar qadın idi. Yaşargil ailədə dörd uşaq olublar. Ata ocağını - Bakının məşhur "Sovetski"dəki darısqal evi, orada keçən ata-analı günlərini, məhəllələrinin dolanbac küçələrində tay-tuşları ilə oynadığı oyunları, qonşu həyətdəki evin damına qalxıb ətrafı seyr etmələrini həsrət dolu təbəssümlə yada salırdı Yaşar Nuri. Dəcəllik etsə də, uşaqlıqdan böyük-kiçik yeri bilib. Bir də boya-başa çatdığı qədim Bakının o köhnə məhəlləsini ədəb-ərkan məktəbi hesab edirdi. "Bu gün sənətdə az-çox tanınıramsa, buna görə uşaqlığıma, atama, məhəlləmizin ağsaqqal və ağbirçəklərinə borcluyam", - deyirdi.
Bakıdakı 173 saylı orta məktəbdə təhsil alıb. Deyirdi ki, üç dəfə Krımdakı "Artek" pioner düşərgəsinə əlaçı şagird olduğu üçün göndərilib. Eyni zamanda kiçik yaşlarından atası onu teatra aparıb. Yaşar Nuri 11 yaşında ilk dəfə balaca aktyor kimi səhnəyə çıxıb. Həmin günü xiffət qarışıq məmnunluqla xatırlayırdı: "Atamla keçmiş "26-lar bağı"ndakı (indiki "Sahil" bağı) Ordubadi adına yay teatrına getmişdik. Oturub aktyorların məşqinə baxırdım. "Toy kimindir?" operettasında Qoşunun oğlunu oynayan aktyor xəstələnmişdi. Teatrın aktyoru Şünasi atamın razılığını aldıqdan sonra məni səhnəyə çağırdı. Diqqətlə baxdıqdan sonra sevincək dedi: "Vücud, bu, hazır aktyordur, mən ölüm..." Şünasi masanın arxasına keçib atamın bazarlıq edib yanına qoyduğu kağız torbanın üstünə oynayacağım rolun sözlərini yazdı. Qoşa Qala qapısından evə gələnədək rolumu əzbərlədim. Axşam yenə teatra getdim və deyilənlərə görə, rolu pis oynamadım. Çox keçməmiş, "Hacı Qara"da Hacı Qaranın oğlu Bədəl rolunu mənə verdilər".
Ekran qarşısına da şagird ikən çıxıb. O, məktəb illərində televiziyanın "Yelkən" verilişinin aparıcısı idi. "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında da müntəzəm iştirak edirdi. Aktyorluq sənətinə sevgi beləcə qəlbində həmişəlik yer tapıb. Yaşar Nuri dram dərnəklərinin üzvü olub. 26-lar adına Mədəniyyət Sarayı xalq teatrının tamaşalarında çıxış edib. Cəlbedici görkəmi, aydın tələffüzü, qoçaqlığı köməyinə çatıb. Balaca aktyorun fitri istedadı olduğunu söyləyib, gələcəyinə inanıblar. Aktyor kimi tanınmağa başlayıb. Ancaq buna görə nə məktəbdə, nə də məhəllədə öyünüb. Qazandığından qardaşına və bacılarına da xərclik verib.
O vaxtlar birindən başqa bütün fənlərdən qiyməti "5" idi. Amma televiziya verilişlərində, səhnədə oynadığı rollarla aktyorluq istedadına şübhə yeri qoymayan Yaşar Nuri ifadəli oxudan 4 alırdı. Müsahibəsində sinifdə aktyorluq etməyə utandığını, şeir söyləmək üçün hətta son zəngdə iştirak etmədiyini deyir, sonra gülə-gülə əlavə edirdi: "Adama deyən gərəkdir ki, televiziyada ifadəli şeir deyirsən, doğmaca məktəb yoldaşlarının qarşısına çıxa bilmirsən?"
Orta məktəbi bitirəndə səhnənin cazibəsinə düşmüşdü. Odur ki, sənət seçimi üçün düşünüb-daşınmağa ehtiyac qalmamışdı. Üstəlik, valideynləri də seçimi övladlarının ixtiyarına vermişdi. Yaşar Nuri 1968-ci ildə orta məktəbi bitirib sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə verib. İmtahanlardan müvəffəqiyyətlə keçib. Görkəmli səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq dərsləri alıb.
Gənc tələbənin atasının adından, şöhrətindən istifadə etməsinə ehtiyacı olmayıb. Çünki özü kiçik yaşlarından aktyor kimi tanınıb. Buna görə institutda bəzən müəllimlərin qoyduğu qaydalara əməl etmədiyinə görə problemləri yaranıb.
1972-ci ildə ali təhsilini başa vurub. Bir il hərbi xidmətə yollanıb. 1974-cü il dekabrın 1-də baş rejissor Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına qəbul edilib. Atası bir gün teatra gəlib, onun oynadığı tamaşaya baxıb və qiymətini verib. Məmmədsadıq Nuriyev oğluna "Hə, aktyor ola bilərsən", - deyib .
Akademik Milli Dram Teatrında ilk dəfə "Övlad" ("Böyük oğul") tamaşasında Silva rolu ilə tamaşaçı qarşısına çıxan aktyor sonralar "Bağlardan gələn səs"də Pərviz, "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel, "Quşu uçan budaqlar"da Qasım, "Dəli yığıncağı"nda Sərsəm Salman və başqa rollar da oynayıb.
Kinorejissorlar da Yaşar Nurinin istedadını nəzərə alıblar. Onu çəkilişlərə dəvət ediblər. İlk rolu kinorejissor Şamil Mahmudbəyovun "Dörd bazar günü" filmində Seyran olub. Ardınca "Əzablı yollar"da kiçik div, "Yol Əhvalatı"nda Makintoş, "Bəyin oğurlanması"nda İsrafil, "Hər şey yaxşılığa doğru"da Əbdülqəni, "Pəncərə"də Nəsib və başqa rolları ekranda canlandırıb. Yaşar Nuri 50-yə yaxın bədii filmdə müxtəlif xarakterli rollar oynayıb.
Teatrda və kinoda rejissor kimi də özünü sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib. Kinoda isə "Spasibo" filmini ekranlaşdırıb.
Azərbaycan Dövlət Televiziyasında 100-dən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəcikdə iştirak edib. "Yollar görüşəndə...", "Ömrün yolları", "Qatarda", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Göz həkimi", "Ac həriflər", eləcə də "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" trilogiyası və başqa televiziya tamaşalarında da yaddaqalan rollar ifa edib.
Fəaliyyətinin bir hissəsi isə dublyajlarla bağlı olub. Yaşar Nuri "Azərbaycanfilm" kinostudiyasında neçə-neçə yerli filmin səsləndirilməsində, əcnəbi filmlərin dublyajında iştirak edib. Onun səsi ilə radioda bir sıra rollar təqdim olunub. "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik radio verilişlərində, radio tamaşalarında çıxış edib.
Repertuarı zəngin olsa da, istedadını geniş ifadə etməsi üçün hər zaman bütün yollar üzünə açıq olmayıb. Onun daha yaxşı oynayacağını bilə-bilə bəzən arzusunda olduğu rolu başqasına veriblər. Özünü sındırmayıb. Müsahibə zamanı da səsindəki qüssəni hiss etdirmək istəmədən deyirdi: "Cılızlaşıb hər şey. Hamı bir-birinə badalaq vurmaqla məşğuldur. O qədər badalaq vuranlarım olub ki, sayını itirmişəm. Mənimsə paxıllıq eləməyə vaxtım yoxdur. Ola bilsin, kiməsə qibtə edəm, ancaq paxıllıq yox". İllər boyu "rolun böyük-kiçiyi yoxdur" düşüncəsi ilə səhnədə, kinoda ona həvalə olunan rolları oynamışdı. Ən kiçik, epizodik rollarda belə özünün böyük aktyor məharətini ifadə etmişdir.
Azərbaycan incəsənətinə göstərdiyi xidmətləri diqqətdən kənarda qalmayıb. Yaşar Nuri 1981-ci ildə Əməkdar artist, 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb. 1984-cü ildə Azərbaycan Lenin Komsomolu Mükafatına, 1991-ci ildə Dövlət mükafatına, 1992-ci və 1996-cı illərdə "Qızıl dərviş" mükafatına, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatına, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2011-ci ildə "Şöhrət" ordeninə, 2012-ci ildə Milli Kino Mükafatına layiq görülüb.
Düçar olduğu xəstəlik aparılan müalicələrə və mücadilələrə rəğmən, aktyoru həyatdan ayırıb. Xalq artisti Yaşar Nuri 2012-ci il noyabrın 22-də vəfat edib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"