Bu günlərdə Azərbaycan ərazi bütövlüyünün bərpasını təcəssüm etdirən əlamətdar tarixləri – Zəfər Gününü, eləcə də Dövlət Bayrağı Gününü qeyd edir. Azərbaycan rəhbərliyini və xalqını səmimi-qəlbdən təbrik edir, Ukraynaya göstərilən dəstəyə görə dərin təşəkkürümüzü bildirir, davamlı və ədalətli sülh, rifah, bərpa-quruculuq işlərində yeni uğurlar, habelə iqtisadi inkişaf və tərəqqi arzulayırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev deyib.
Səfir vurğulayıb ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun qazanıb və strateji tərəfdaşlıq formatında ardıcıl şəkildə inkişaf edir. Bu münasibətlərin əsasını suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, beynəlxalq arenada qarşılıqlı dəstək, eləcə də çoxşaxəli ikitərəfli əməkdaşlığın genişləndirilməsində ortaq maraqlar təşkil edir.
“Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Biz Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən ardıcıl mövqeyini, habelə xüsusilə cəbhəyanı bölgələrdən olan uşaqların sağlamlığının bərpası və reabilitasiyasına, eləcə də enerji sisteminin bərpasına yönələn praktiki yardımını yüksək qiymətləndiririk.
Ukrayna-Azərbaycan tərəfdaşlığının mühüm xüsusiyyətlərindən biri səmərəli siyasi dialoqun iqtisadi əməkdaşlığın praktiki nəticələri ilə ardıcıl şəkildə tamamlanmasıdır. Məhz iqtisadi ölçü strateji münasibətlərimizə əlavə dayanıqlılıq qazandırır, biznes üçün yeni imkanlar yaradır və uzunmüddətli birgə layihələrin həyata keçirilməsi üçün zəmin formalaşdırır”, - deyə səfir bildirib.
Yuri Qusev qeyd edib ki, əməkdaşlığın inkişafı istiqamətdə növbəti addım Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü plenar sessiyasının keçirilməsi olub. Əsas prioritetlər sırasında yanacaq-energetika və aqrar-sənaye komplekslərində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı faydalı biznes layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması və istehsal kooperasiyasının genişləndirilməsi yer alıb. Eyni zamanda, ikitərəfli ticarətin intensivləşdirilməsinə, Xəzər-Qara dəniz regionunda nəqliyyat dəhlizlərinin və logistika marşrutlarının inkişafına, Azərbaycan biznesinin Ukraynanın bərpası prosesinə cəlb edilməsinə xüsusi diqqət yetirilib. Gündəlikdə yüksək texnologiyalar, elm və təhsil sahələrində əməkdaşlıq, eləcə də mədəni və humanitar əlaqələrin inkişafı ayrıca yer tutub. Bütün bunlar Azərbaycan-Ukrayna tərəfdaşlığının ənənəvi ticarət-iqtisadi əməkdaşlıq çərçivəsindən əlavə xeyli geniş potensiala malik olduğunu göstərib.