9 Noyabr Azərbaycan xalqının milli qürurunu, dövlətçilik iradəsini və müstəqillik əzmini özündə yaşadan, tariximizin şanlı səhifələrindən birinə çevrilən əlamətdar gündür. O, sadəcə, bir dövlət rəmzinin təsdiq olunduğu tarix deyil, həm də xalqımızın azadlıq mübarizəsinin, milli kimliyinin, tarixi yaddaşının və sarsılmaz dövlətçilik ənənələrinin təntənəsi günüdür. Bayrağımız hər bir azərbaycanlının qəlbində Vətən sevgisinin, milli birliyin və müstəqilliyə sədaqətin müqəddəs nişanəsidir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayrağımız dövlət rəmzi kimi qəbul edildi. Bu tarixi qərar xalqımızın müstəqil dövlət qurmaq iradəsinin, milli özünüdərkinin və gələcəyə inamının parlaq təcəssümü idi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə üçrəngli bayrağımız dövlət idarələrindən endirilsə də, onu xalqımızın yaddaşından, qəlbindən və azadlıq arzularından silmək mümkün olmadı. Bayraq fiziki olaraq endirilsə də, müstəqillik ideyası nəsillərdən-nəsillərə ötürülərək yaşadı. Bu bayraq bir xalqın azad yaşamaq haqqının, milli ləyaqətinin və dövlətçilik əzminin rəmzi olduğu üçün dirəklərdən ürəklərə enmişdi. 1990-cı il noyabrın 17-də isə milli tariximizdə yeni və mühüm bir səhifə açıldı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlət bayrağı kimi qəbul edildi. Bu addım milli dövlətçilik tariximizin bərpası istiqamətində böyük siyasi cəsarət və qətiyyət nümunəsi idi. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildi. Beləliklə, xalqımız öz tarixi rəmzinə, milli kimliyinə və müstəqil dövlətçilik ənənələrinə qovuşdu.
Bu gün bayrağımız müstəqil Azərbaycanın bütün dünyada tanınan, ehtiramla qarşılanan dövlət rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bayrağımıza yeni bir əzəmət, qürur bəxş etdi. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətçilik tariximizin möhtəşəm hadisələrindəndir. Bir zamanlar həsrətlə gözlədiyimiz bayrağımız bu gün Qarabağda, Şərqi Zəngəzurda, Xankəndidə və digər əzəli torpaqlarımızda qürurla dalğalanır.
Bu Zəfərin arxasında Vətən sevgisi ilə döyünən ürəklər, misilsiz qəhrəmanlıq göstərən igidlər, canından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımız dayanır. Onların qanı, canı və müqəddəs əmanəti hesabına bu bayraq azad torpaqlarımızda yenidən ucaldı. Hər dalğalanışında bir şəhidin xatirəsi, hər zirvəsində bir qəhrəmanlıq izi, hər rəngində xalqımızın tarixi və milli mənəvi dəyərləri yaşayır.
Bu gün bayrağımıza baxarkən təkcə onun rənglərini deyil, bütöv bir xalqın taleyini, mübarizəsini, ağrı-acısını, sevincini və qələbəsini görürük. O, bizim keçmişimizlə gələcəyimiz arasında müqəddəs bir körpüdür. Bayrağa, Vətənə hörmət, dövlətə sədaqət, şəhidlərimizin əmanətinə sahib çıxmaq deməkdir. Onu qorumaq, ucalığını yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Dövlət bayrağım! Sən dalğalandıqca Azərbaycan yaşayacaq, dövlətimiz güclənəcək, xalqımızın müstəqillik iradəsi daha da möhkəmlənəcək. Sənin kölgəndə böyüyən gələcək nəsillər azadlığın, müstəqilliyin və Vətən sevgisinin nə qədər böyük nemət olduğunu heç zaman unutmayacaqlar.
Dalğalan, müqəddəs bayrağımız! Sən azadsan, Azərbaycan azaddır! Sən ucasan, Azərbaycan ucadır! Müstəqilliyimiz əbədi, suverenliyimiz dönməz, dövlətçiliyimiz sarsılmazdır!
9 Noyabr - Dövlət Bayrağı Günün mübarək, Azərbaycan!
Elşən QƏNİYEV,
"Azərbaycan"