Məlumatlara əsasən, dünya üzrə hər saniyədə orta hesabla 60 ildırım çaxır. Onlardan bəzilərinin uzunluğu 800 km-dən çox olur. Hər bir ildırım çaxması yeddi giqajuladək enerji – 1,67 ton trotilə (TNT) bərabər miqdarda enerji buraxa bilir. Bu proses ətrafdakı havanı bir anlıq təxminən 30000°C-yə qədər qızdırır ki, bu da Günəş səthinin temperaturundan beş dəfə yüksəkdir. Enerjinin bu cür davamlı boşalması Yerin elektrik sahəsinin və ionosferin tənzimlənməsində həyati rol oynayır. İldırımlar atmosferdəki azot molekullarını parçalayıb bitkilər üçün əlçatan etməklə azot dövranına təkan verir, ozonun əmələ gəlməsinə kömək edir və metan kimi istixana qazlarının parçalanmasına şərait yaradır. Həmçinin bu hadisə planetimizdəki meşələrin və otlaqların ekologiyasını formalaşdıran yanğın dövrlərinin əsasını təşkil edir.
Lakin planet qızdıqca təkcə ildırımın bu sistemlərdəki rolu deyil, elə ildırımın özü də dəyişə bilər. Bunun nəticələri isə ağır ola bilər. İyul ayında 48 mindən çox ildırım çaxması Kanada və ABŞ-nin şimal-qərbində genişmiqyaslı meşə yanğınlarına səbəb olub. Nəticədə evlər məhv olub, Şimali Amerika şəhərlərinin üzərini isə qalın tüstü örtüyü bürüyüb. Ötən yay Böyük Britaniyada müşahidə olunan anomal istilər zamanı bir gün ərzində İngiltərənin cənub-şərqinə təxminən 30 min ildırım düşüb.
Hazırda dünyada hər il təxminən 240 min insan ildırım vurması nəticəsində zərər çəkir ki, bu da təxminən 24 min nəfərin ölümü ilə nəticələnir. Təkcə Avstraliyada ildırım hər il 5-10 nəfərin ölümünə, təxminən 100 nəfərin isə xəsarət almasına səbəb olur.
Qeyd olunub ki, elektrik boşalmalarının 80%-dən çoxu quru ərazilərdə baş verir. İldırımların paylanması fəsillərə görə dəyişsə də, onlar əsasən Mərkəzi Afrikada, Cənubi Amerikanın bəzi hissələrində və Himalay dağlarında cəmləşir. Dünyada ildırımın ən çox düşdüyü yer Venesuelada, Bari xalqının dilində "İldırım evi" mənasını verən Katatumbo (Catatumbo) bölgəsidir. Burada Marakaybo gölü üzərindən əsən isti və rütubətli hava kütlələri And dağlarının hündür silsilələri ilə toqquşur və nəticədə il ərzində 140-160 gecə ərzində güclü ildırımlı fırtınalar yarana bilir. Əksinə, qütb bölgələrində ildırım hadisələrinə çox nadir hallarda rast gəlinir.
İqlim böhranı atmosferi qızdırdıqca ildırım aktivliyinin artacağı düşünülür. İsti atmosfer daha çox su buxarını saxlayır və əlavə istilik ildırım buludları içərisində dərin konveksiyanı hərəkətə gətirmək üçün daha çox enerji təmin edir. Lakin reallıq daha mürəkkəbdir.
İldırım tədqiqatlarının son icmalında proqnozların qlobal istiləşmənin hər dərəcəsi üçün ildırımın 11% azalmasından 44% artmasına qədər dəyişdiyi, bütün proqnozlar üzrə orta artımın hər dərəcə üçün 7,5% olduğu aşkar edilib.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”