Ayda yaşayıb işləyə biləcək tədqiqatçılar axtarışı çərçivəsində yeni nəsil astronavtların seçimi üçün müraciətlərin qəbulu 3 dekabra qədər davam edəcək.
ABŞ agentliyi "Artemis"dən bildirilib ki, seçilən namizədlər Ayda baza qurulması və Marsa ilk insanlı missiyaların planlaşdırılması prosesində iştirak edərək, "bəşəriyyətin kosmosdakı gələcəyinin formalaşdırılmasına" töhfə verəcəklər.
NASA rəhbəri Cared Ayzekman bildirib: "NASA-nın astronavtlar korpusuna qoşulmaq üçün hazırkı dövr olduqca əlamətdar bir zamandır. Seçəcəyimiz insanlar Ay səthində gəzə, Ay bazasında yaşayıb işləyə və gələcəkdə ekipajları Marsa aparacaq sistemlərin və əməliyyatların təməlini qoymağa kömək edə bilərlər".
NASA növbəti astronavt namizədləri qrupunun təliminə başlamaq üçün 2027-ci ilin sonlarında yekun seçimini etməyi planlaşdırır. Agentlik sonuncu dəfə 2024-cü ildə yeni astronavtlar üçün müraciətləri qəbul etməyə başlayıb və 2025-ci ilin sentyabrında 8000-dən çox namizəd arasından 10 nəfəri seçib.
Hyustondakı Conson Kosmik Mərkəzində baş astronavt və Astronavt Seçimi Şurasının sədri olan Skott Tinql bildirib ki, müraciət edənlər üçün NASA astronavtı olmaq sadəcə bir karyera imkanı deyil. Bu, kəşf sərhədlərini genişləndirən tədqiqatçılar irsinə qoşulmaq və bəşəriyyətin kosmosdakı gələcəyini müəyyən edəcək missiyalarda rol oynamaq şansıdır.
1960-cı illərdən bəri NASA getdikcə daha mürəkkəb missiyalar üçün astronavt namizədləri qismində təlim keçmək məqsədilə 370 nəfər seçib. Hazırda agentliyin astronavt korpusunda 32 fəal astronavt var.
NASA-nın məlumatına görə, bütün namizədlər ABŞ vətəndaşı olmalı və aşağıdakı tələblərdən birinə cavab verməlidirlər:
elm, texnologiya, mühəndislik və ya riyaziyyat sahəsində magistr dərəcəsi;
tibbi ixtisas;
pilot hazırlığı;
yaxud müvafiq doktorantura proqramında iki illik təcrübə.
Bundan əlavə, namizədlərdən üç illik “müvafiq peşə təcrübəsi” tələb olunur. Müraciət edən pilotlar ya yüksək göstəricilərə malik reaktiv təyyarədə 750 saatlıq komandir uçuş təcrübəsinə, ya digər sabit qanadlı təyyarələrdə ümumilikdə 1500 saatlıq uçuş təcrübəsinə, ya da fırlanan qanadlı (helikopter tipli) uçuş aparatlarında ümumilikdə 1000 saatlıq uçuş təcrübəsinə sahib olmalıdırlar.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”