07 Noyabr 2026 08:00
532
SİYASƏT
A- A+
OTUZ İLLİK İŞĞALIN 44 GÜNLÜK ZƏFƏR YEKUNU

OTUZ İLLİK İŞĞALIN 44 GÜNLÜK ZƏFƏR YEKUNU


Dünyada mövcud olan bütün imperiyalar çöküb!

Qırmızı imperiyanın çöküşü də labüd idi!

On beş "qardaş respublika"dan yaranan, kommunizm ideologiyasına əsaslanan bu quruluşu xilas etmək üçün Moskvanın bütün cidd-cəhdləri, SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçovun "yenidənqurma" oyunbazlığı heç bir fayda vermədi...

Nəhəng dövlətin çöküşü müttəfiq respublikalarda da fəsadsız ötüşmədi.

Ermənilər yaranmış vəziyyətdən bəhrələnmək, Dağlıq Qarabağı ələ keçirərək öz ərazilərini genişləndirmək niyyətlərini gerçəkləşdirmək üçün hərəkətə keçdilər...

M.Qorbaçovu arvadı R.Maksimovna vasitəsilə ələ alaraq mənfur niyyətlərini gerçəkləşdirməyə başladılar.

Bu, Kremlə də sərf edirdi...

Çünki zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycanı əldən buraxmaq istəmirdi...

Daim "parçala, hökm sür" prinsipi ilə hərəkət edən Moskva yenidən Dağlıq Qarabağ münaqişəsini qızışdıraraq Ermənistana gizli və açıq dəstəyini göstərməyə başladı.

Belə bir vəziyyətdə Azərbaycanın həqiqi rəhbərindən, sınanmış oğlu Heydər Əliyevdən ayrı düşməsi, keçid dövrünü yaşayan ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanların başçılıq etmələri, əslində, Rusiyanın və Ermənistanın əlinə işləyirdi.

Nə doğru-düzgün siyasət yürüdüldü, nə vaxtında zəruri addımlar atıldı, nə də qabaqlama tədbirləri görüldü...

Naşı, xəyanətkar AXC-Müsavat cütlüyünün iqtidara gəlməsi, torpaqların müdafiəsi üçün vaxtında ordu yaradılmaması, Şuşa və Laçın kimi strateji əhəmiyyətli yaşayış məntəqələrinin xəyanət yolu ilə düşmənə verilməsi böyük faciələrə səbəb oldu!

Rusiyanın silahlandırdığı, üstəlik, hərbi əməliyyatlarda 102-ci orduya məxsus əsgər və zabitlərin birbaşa iştirakı sayəsində düşmən Azərbaycana məxsus yaşayış məntəqələrini bir-bir ələ keçirməyə başladı.

Eyni ssenari ilə Qaradağlı, Xocalı, Ballıqaya, Başlıbel, Bağans-Ayrım soyqırımları törədildi, mülki əhali ələ keçirilərək işgəncələrə məruz qoyuldu, öldürüldü.

İşğal ərazilərində soyqırımı, urbisid, ekosid həyata keçirildi, tarixi, mədəni abidələrimiz dağıdıldı, qəbiristanlıqlarımız yerlə yeksan edildi, dini abidələrimiz təhqir edildi, məscidlərimizdə mal-qara, donuz saxlanıldı.

* Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirdi.

* Bütün dünya qondarma "dqr"i tanımırdı.

* Bütün dünya Qarabağda keçirilən qondarma "prezident" və "parlament" seçkilərini qəbul etmirdi.

* Bütün dünya Azərbaycanı haqlı tərəf sayırdı. 

 AMMA...

* Azərbaycana gələndə nə beynəlxalq hüquq işləyirdi;

* Nə BMT özünün qəbul etdiyi 4 qətnaməni yerinə yetirirdi;

* Nə beynəlxalq qurum və təşkilatlar obyektiv və qətiyyətli mövqe nümayiş etdirirdi;

* Nə məxsusi bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu qısa zamanda konkret nəticəyə gələrək məsələnin ədalətli həllinə kömək göstərirdi;

* Nə də həmsədr dövlətlər öz imkanlarını işə salaraq Ermənistana təzyiq edirdilər.

ƏKSİNƏ...

Həmsədr dövlətlərin hərəsi bir üsulla Ermənistana qulluq göstərirdilər.

* ABŞ işğalçıya yox, işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi qəbul etdi;

* Rusiya bir neçə dəfə Ermənistana dəyəri 1 milyard dollardan artıq olan silah-sursat bağışladı;

* Fransanın parlamentariləri isə Azərbaycandan icazəsiz şəkildə vaxtaşırı Dağlıq Qarabağa səfərlər edir, erməni mövqeyini müdafiə edən qərəzli sənədlər qəbul edirdilər.

Bütün bunlardan ruhlanan Ermənistan uzandıqca uzanan "sülh danışıqları"na barmaqarası baxır, "dqr"ə müstəqillik tələb edir, qondarma qurumda vaxtaşırı "prezident" və "parlament" seçkiləri keçirməklə onun "müstəqilliyi"ni nümayiş etdirməyə can atırdı.

Ermənistanın yeni baş naziri N.Paşinyan isə həddini aşaraq "Qarabağ Ermənistandır - nöqtə" deməklə sülh danışıqlarının da mənasızlığını ortaya qoydu!

Artıq bıçaq sümüyə dirənmişdi...

***

Daima düşmənə bir qarış torpaq belə güzəştə getməyəcəyini, ölkə ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyini açıq şəkildə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev erməni müdafiəçilərinin "münaqişənin hərbi yolla həlli variantı yoxdur" demələrinə baxmayaraq ciddi və intensiv şəkildə ordu quruculuğu ilə məşğul olurdu. 

Ordu quruculuğu ölkənin iqtisadiyyatı, insan resursları və hərbi yeniliklər ilə sıx bağlı olan məsələdir.

Həm də böyük vəsait qoyuluşunu tələb edir.

Həmin dövrdə isə neft və təbii qaz ixracı az olduğundan büdcəyə daxilolmalar da aşağı səviyyədəydi.

Dövlətin xərcləri isə çox idi.

* Məsələn, qaçqın və məcburi köçkünlərin həyat şəraiti ürəkaçan deyildi və onlar üçün yeni yaşayış komplekslərinin və şəhərciklərin yaradılması zəruriydi və bununla bağlı xüsusi dövlət proqramı da qəbul edilmişdi.

* Regionların enerji təchizatında vaxtaşırı fasilələrə yol verildiyindən məişətdə və kənd təsərrüfatında ciddi çətinliklər yaşanırdı.

* Transmilli layihələrin gerçəkləşdirilməsi də xeyli pul tələb edirdi.

* Regionların, xüsusən ucqar kəndlərin qazlaşdırılması da təxirəsalınmaz məsələlərdən idi.

Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyəti sayəsində bütün bu problemlər vaxtında və uğurla öz həllini tapdı!

Ordu quruculuğu sahəsində də böyük nailiyyətlərə imza atıldı!

* Yeni gənclər nəsli tərbiyələndirilərək onların iştirakı ilə müasir ordu yaradıldı.

* Ən yeni texnologiyalara əsaslanan silah-sursatla təmin olundu.

* Müntəzəm şəkildə, nəzərdə tutulan hərbi əməliyyatların keçiriləcəyi şəraitə uyğun yerlərdə sistemli şəkildə təlimlər keçirildi.

* 2016-cı ilin 4 günlük Aprel döyüşlərində isə yeni ordu sınaqdan keçirilərək möhtəşəm uğurlara imza atıldı!

Lakin "qələbə" eyforiyasına qapılan, özünü "məğlubedilməz xalq" və "məğlubedilməz ordu" epitetləri ilə bəzəyən düşmən Aprel məğlubiyyətindən lazımi nəticələr çıxarmadı...

Azərbaycan Ordusunun əks-hücuma keçdiyi ilk dəqiqələrdən isə lovğalıqlarının, törətdikləri dağıdıcılıq əməllərinin və tökdükləri nahaq qanların bədəlini ödəməyə başladılar.

***

Hələ də yazıçılarımız və kinematoqrafçılarımız II Qarabağ müharibəsində baş verən qəhrəmanlıqları, nadir hərbi əməliyyatları, əsgər və zabitlərimizin misilsiz şücaətlərini, xalq-iqtidar, xalq-ordu birliyinin parlaq nümayişini əks etdirən əsərlər yazaraq filmlər çəkməyiblər.

Halbuki qısa müddətdə - cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu Baş Sərkərdəsinin məharəti ilə elə bir Zəfərə imza atmışdır ki, onun barəsində neçə əsrlər boyu da yazılmağa, deyilməyə və göstərməyə ehtiyac var!

Müharibələr tarixində yeni səhifə açan və ən güclü dövlətlərin belə öyrənəcəyi nümunələri ortaya qoyan Azərbaycan hərbi əməliyyatların davam etdiyi müddətdə daha bir yeniliyə imza atdı:

* Hərbi əməliyyatların gedişini, düşmən mövqelərinin, hərbi texnikasının və canlı qüvvəsinin məhvini əks etdirən süjetlər televiziya kanalları vasitəsilə əyani şəkildə göstərilirdi.

* Biz öz evimizdə rahat oturduğumuz halda həm də "müharibə iştirakçısı"na çevrilir, qələbə və uğurlarımızı gözlərimizlə görürdük.

* Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri hamımızın səbirsizliklə gözlədiyi və qürurla izlədiyi informasiya dolu çıxışlar idi.

* Ordu ilə xalqın, ölkə rəhbəri ilə vətəndaşların sıx təması həm hərbi informasiyalara olan ehtiyacı təmin edirdi, həm də feyk xəbərlərin yayılmasının qarşısını alırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa 1 dekabr 2020-ci ildə etdiyi sonuncu müraciəti və 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı nitqi hər bir azərbaycanlının qəlbində və yaddaşında əbədi həkk olunan qürur anlarıdır.

Prezidentimizin son müraciətindən bir neçə məqama diqqət yetirək:

"Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur".

***

"Bu müharibə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın. Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər".

***

"Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq! Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərti qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma "Dağlıq Qarabağ"la danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. "Dağlıq Qarabağ Ermənistandır və nöqtə" - bunu, necə deyərlər, böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır!"

***

Azadlıq meydanı MDB-nin ən böyük meydanlarından biri sayılır.

Lakin Qələbə paradında iştirakçıların aşıb-daşan sevinc seli bu meydana sığmırdı.

Hər bir azərbaycanlı ailəsi mavi ekran qarşısında əyləşərək bu paradın iştirakçısına çevrilmişdi!

Dünyanın hər bir nöqtəsində yaşayan milyonlarla azərbaycanlı bu paradın təntənəsindən qürur və sevinc payı götürürdü.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sonsuz fərəhlə söylədiyi bu sözlər hələ də yaddaşımızdadır:

"Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq".

***

"Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi".

***

"Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər".

İlham Əliyevin bu sözləri də Azərbaycan tarixinin qızıl səhifələrində əbədi yaşayacaqdır:

"Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

***

44 günlük Vətən müharibəsində Azərbaycan üçqat qələbə qazandı!

* Həm hərb meydanında düşməni diz çökdürərək ona kapitulyasiya aktını imzalatdırdı;

* Həm diplomatiya sahəsində bütün təsir, təzyiq və təhdid cəhdlərinə sinə gərərək ortaya qoyduğu şərtlərə əməl olunmayanadək hərbi əməliyyatları dayandırmadı;

* Həm də informasiya cəbhəsində böyük üstünlük qazanaraq, bütün feykləri ifşa edərək əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.

44 gün ərzində qazanılan Zəfər sonrakı müddətdə daha üç istiqamətdə möhkəmləndirildi:

* 2023-cü ilin 23 aprelində keçirilən hərbi əməliyyat sayəsində Həkəri çayı üzərindəki post ələ keçirildi, Laçın dəhlizi tam nəzarətə alınmaqla Azərbaycanın ərazi bütövlüyü təmin olundu;

* Həmin ilin 19-20 sentyabrında baş tutan antiterror əməliyyatı sayəsində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və terrorçu qruplaşmaları ağ bayraq qaldıraraq təslim oldular, dinc və itkisiz şəkildə ərazilərimizi tərk etdilər, bununla da Dövlət Suverenliyimiz və Konstitusiya əsasları da bərpa olundu;

* Bir il sonra isə görəcəyi bir iş qalmayan Rusiya sülhməramlıları da ölkəmizdən çıxarıldı!

Mənəvi sahədə də üçqat qələbə baş verdi:

* Azərbaycan 30 il havada qalan BMT qətnamələrini öz gücü hesabına icra etdi;

* ATƏT-in Minsk qrupu sülh yolu ilə münaqişəni həll edə bilmədiyindən buna hərbi vasitələrlə nail oldu;

* Beynəlxalq hüquq "dəmir yumruq"la öz yerini tutdu!

Azərbaycan bütün düşmənlərinə və bədxahlarına qalib gəldi:

* Bütün gücünə və imkanlarına baxmayaraq, dünya erməniliyi məğlubiyyətə uğradıldı;

* Xaricdəki bütün erməni diasporlarının gördükləri və görmək istədikləri işlər puça çıxarıldı;

* Ermənistanın dostlarının və havadarlarının da bütün dəstəkləri, hərbi və siyasi canfəşanlıqları havayı getdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev ikiəsrlik Qarabağ münaqişəsinə 44 gün ərzində əbədi son qoymaqla düşmən üzərində mütləq, tam və qəti qələbəmizi təmin etdi!

"Dəmir yumruq" sayəsində qazanılan bu Zəfər İlham Əliyevin sərkərdəlik məharəti, xalqla iqtidarın möhkəm və sarsılmaz birliyi, əsgər və zabitlərimizin kütləvi qəhrəmanlıqları sayəsində gerçəkləşdi.

Yuxarıda deyilənlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 1 dekabr 2020-ci ildə televiziya ilə xalqa müraciətində qürurla səsləndirdiyi fikirlə yekun vururuq:

"Biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzdik, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq.

Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı!"

Baş Sərkərdəmizin söylədiyi bu fikirlər artıq reallığa çevrilib!

Möhtəşəm Zəfərimizi bütün dünya qəbul edib!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!