18 Dekabr 2022 02:30
3753
Mədəniyyət
A- A+
Qasım bəy Zakir

Qasım bəy Zakir

 

Şuşanın tarixi şəxsiyyətlərindən, maarifçi ziyalılarından biri də şair Qasım bəy Zakirdir.  Qasım bəy Əli bəy oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Mənbələrin məlumatına görə, o, ilk təhsilini mollaxanada almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Eyni zamanda bədii ədəbiyyata xüsusi maraq göstərmiş, həm klassik Şərq poeziyasını, həm də aşıq şeirini dərindən mənimsəmişdir. 
Gənc yaşlarında Qafqaz müsəlman könüllü suvari dəstəsində xidmətdə olmuş, 1806-1813-cü, 1826-1828-ci illər rus-İran müharibəsində istirak etmiş, döyüşlərdə fərqləndiyinə görə, çarın 1828-ci il 15 mart tarixli əmrinə əsasən, gümüş medalla təltif edilmişdir.
O, müharibə illərində doğma torpaqlarını tərk etmiş insanların halına acımış, onların ata-baba yurdlarına qayıtması üçün əlindən gələni etmişdir. Şairin müsəlman əyalətlərinin hərbiyyə rəisi general-mayor Abxazovun adına yazdığı 24 aprel 1828-ci il tarixli ərizə bu baxımdan maraqlıdır. Ərizədə deyilir: "...1827-ci ildə Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradıqdan sonra Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında oldum, onunla söhbətdən sonra Araz çayının o tayında on iki ağaclıq məsafədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçürüb, Tuğ kəndində yerləşdirdim..." 
Zakir müharibənin hər cür məşəqqətlərinin şahidi olmuşdur. Bu, onun yaradıcılığında da öz əksini tapmışdır. Yaxın dostlarından Baba bəy Şakirə yazdığı "Çar müqəddiməsi" şeirindən məlum olur ki, Zakir Qarabağ atlı dəstəsinin tərkibində Car-Balakən ətrafında döyüşlərdə də iştirak etmişdir. 
Ucaboylu, gözəl simalı, zirək və alicənab adam olan Zakir istedadı, obyektiv tənqidi mövqeyi, şirin, mənalı söhbətləri ilə Qarabağda məşhur olub. O, insanpərvər, xeyirxah, sözü üzə söyləyən, hər cür insafsız, ədalətsiz işlərə nifrət edən böyük şəxsiyyət olmuşdur.
Qasım bəy Zakir ömrünün çoxunu Qarabağın hakimi Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirmiş, öz əməyi ilə yaşamışdır. Cəmisi 20 evdən ibarət olan bu kəndin kiçik əkin yerindən, üzüm və tut bağlarından olan kiçik gəlirlə ailəsini dolandırmışdır. 
173 il bundan öncə, yəni 1849-cu ilin oktyabrında Şuşa vilayətinin rəisi Tarxan Mauravov böyük bir dəstə ilə şairin yaşadığı Xındırıstan kəndinə hücum edir, qoca şairi ailəsi ilə birlikdə həbsə alır. Çar hakimləri şairin xalq arasında hörmət və nüfuzundan ehtiyat edərək onu və yaxın qohumlarını açıq mühakimə etməkdən çəkinirlər. 
Zaqafqaziya mülki idarə rəisi Qafqaz canişininə yazdığı raporta əsasən 60 yaşlı Qasım bəy Zakir ciddi polis nəzarəti altında saxlanılmaq şərti ilə Bakıya sürgün edilir, ailəsinə isə onunla birlikdə yaşamağa icazə vermirlər. 23 yaşlı Nəcəfqulu bəy, 20 yaşlı qohumu İsgəndər bəy Əli bəy oğlu, hər biri 3 il müddətinə Rusiyanın daxili vilayətlərinin ucqarlarına sürgün edilir. Haqsızlığa bax ki, əmrə əsasən, sürgün xərcləri onların öz hesablarına olur...
Qasım bəy Zakir Bakıda sürgündə olarkən çox əziyyət çəkir. Dağ havasına öyrənmiş qoca şairə Abşeronun iqlimi düşmür, səhhəti tədricən pisləşir. Bir neçə ay Bakıda sürgün həyatı yaşayandan sonra o, yaxın həmfikirlərinin, xüsusən də M.F.Axundzadənin cidd-cəhdi nəticəsində yenidən Şuşaya qaytarılır və ömrünün sonuna qədər şair burada polis nəzarəti altında yaşayır. Bir neçə ay keçdikdən sonra M.F.Axundzadə və K.P.Kolyubakinin yaxından köməyi ilə şairin oğlu və qardaşı oğlu da həbsdən azad olunur. 
Haqsız təqib və həbslər, mənəvi əzablar və maddi sıxıntılar içərisində yaşayan Qasım bəy Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmiş və Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.

Rəhman SALMANLI,
"Azərbaycan" 

 

Gəlsin

Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!

Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadaga,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirsin əfqanə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib,
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!

Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallanə-sallanə gəlsin!

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakirtək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!

 

Dost yolunda cəfa çəkdim, can üzdüm

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!

Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!

Ayrı düşmək vətənindən yamandı,
Diyari-ğürbətda öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!

Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!

Qasım bəy Zakir

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!