09 İyun 2026 08:00
170
SİYASƏT
A- A+
İRADƏ MÖHKƏM OLANDA

İRADƏ MÖHKƏM OLANDA


İnsanın ən dəyərli mənəvi keyfiyyətlərindən biri iradəsinin möhkəmliyidir.

İradəsi möhkəm adam heç bir çətinlikdən və maneələrdən qorxmur, qarşısına qoyduğu  bütün məqsədlərə çatır.

Əksinə, zəif iradəlilər yarı yolda dayanır, daim tərəddüd edərək acizlik göstərir, istəklərinə çata bilmirlər.

Möhkəm iradə ilə qətiyyət birlikdə olanda isə bütün hədəflər fəth edilir!

Dövlətə rəhbərlik edən liderin möhkəm iradəli və qətiyyətli olması xalqın xoşbəxtliyidir!

Xalq həmişə belə rəhbərini sevir və qoruyur, daim dəstəkləyir!

Yaxın tariximizdə müxtəlif tipli - həm zəif, həm də güclü dövlət başçılarının fəaliyyətini müşahidə edə bildik.

Çox ağrı-acılar yaşasaq da, sonda bütün istəklərimizə qovuşduq!

Başımıza gələnləri və gətirilənləri, yaşadığımız ümidsiz, çətin və xoş günləri isə heç zaman unutmamalıyıq.

***

Dövlət qanunlarla və dövlət başçısının qəbul etdiyi qərarlarla idarə olunur.

Qanun bir dəfə və uzun müddətə qəbul edilir.

Qərarlar isə daha çevikdir və situasiyadan asılıdır.

Qərarlar həm də vəziyyətə daha operativ təsir göstərir, hadisələrin inkişafını mənfiyə, yaxud müsbətə doğru daha tez dəyişə bilir.

Odur ki, kritik məqamlarda qərar qəbulu daha məsuliyyətli və taleyüklü məsələ sayılır.

Dövlət başçılarının qərar qəbuluna təsir edən obyektiv və subyektiv səbəblər də olur.

Obyektiv səbəblər mövcud vəziyyətdən, qüvvələr nisbətindən, hadisələrə  təsir göstərən daxili və xarici amillərdən doğur.

Subyektiv səbəblər isə  qərarı qəbul edənin  bilik və təcrübəsindən, hadisələrin inkişafına dair fərdi rəyi və proqnozundan, eyni zamanda şəxsi və mənəvi keyfiyyətlərindən yaranır.

Qırmızı imperiyanın dağılması prosesində imperiyasevər qüvvələr keçmiş müttəfiq  respublikalarını öz təsir dairələrində  saxlamaqdan ötrü bir sıra üsul və vasitələrə, hətta məkrli planlara belə əl atdılar.

Cənubi Qafqazın mərkəzi dövləti sayılan Azərbaycana qarşı isə "xüsusi münasibət" vardı.

Bu münasibətin mərkəzində Azərbaycanın malik olduğu zəngin karbohidrogen ehtiyatları və geosiyasi mövqe dayanırdı.

Rusiya belə bir "yağlı tikə"ni əldən buraxmaq niyyətində deyildi!

Odur ki, "mərkəzdənqopma" prosesi başlayan kimi  "sınanmış məkrli planını" işə saldı:  Qarabağ münaqişəsinə yenidən start verildi!

Bundan ötrü türk birliyini pozmaq və  türk dövlətlərinin  quru əlaqələrini  kəsmək, habelə Türkiyəyə təzyiq və təhdid məqsədilə Azərbaycan torpaqları hesabına yaratdıqları forpost dövlətləri sayılan Ermənistanın  millətçi qüvvələrinə fəaliyyətə başlamaq barədə göstəriş verildi.

Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürən Ermənistan Moskva, xüsusən SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov və onun arvadı Raisa Maksimovna tərəfindən şəxsən müdafiə olunur, Ermənistanda "könüllü özünümüdafiə batalyonları", "fədainlər" adı ilə yaradılan qanunsuz terrorçu dəstələr 102-ci baza tərəfindən gizlincə silahlandırılır, onların qanunsuz əməllərinə göz yumulurdu.

Azərbaycana qarşı isə riyakar mövqe sərgilənir, "xalqlar dostluğu"ndan dəm vurulur, Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin mənasız qərarları ilə baş aldadılırdı.

Əməli işdə isə silahlı erməni terrorçuları qarşısında Azərbaycan tərəfini əliyalın qoymaq  siyasəti yeridilirdi. 

Bundan ötrü ov tüfənglərinin belə əhalidən yığılmasına respublika rəhbərliyinin qərar verməsinə nail olundu.

Qarabağ münaqişəsinin alovlandırılması və bu prosesdə ermənilərə üstünlük verilməsi üçün atılan addımlardan biri də Azərbaycana iradəcə zəif, xaraktercə müti və milli hisslərdən məhrum birisinin rəhbər göndərilməsi oldu.

Daha bir mühüm məqama diqqəti yönəldirik:

Ötən əsrin səksəninci illərində Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi Moskvada işləmək üçün  irəli çəkilmişdi.

Ulu Öndər Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu müddətdə Azərbaycanla bağlı heç bir zərərli qərarın  qəbuluna  imkan vermirdi.

Məhz Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından cəmi bir həftə sonra Qarabağ barədə mənfur plan işə salındı.

M.Qorbaçovun köməkçisi olan erməni akademik Aqanbekyan Fransada çıxan "Humanite" qəzetinə Azərbaycanın Qarabağ torpaqlarına iddia ilə bağlı açıqlama verdi.

Bu açıqlama Azərbaycanda böyük qəzəb və hiddət doğursa da, SSRİ rəhbərliyi tərəfindən sakit qarşılandı.

Bir qədər keçmiş isə 20 yanvar 1990-cı ildə  "cızığından çıxmış azərbaycanlılara qulaqburması verməkdən" ötrü Bakıya imperiya qoşunları yeridildi və dinc əhali divan tutularaq qətlə yetirildi.

Buna qədər olan müddətdə isə Moskvaya qul sədaqəti ilə xidmət göstərən Ə.Vəzirov mərkəzin çaldığı bütün havalara oynayırdı.

Azərbaycan dilində təmiz danışa bilməyən, Azərbaycan xalqının mental dəyərlərindən uzaq olan bu şəxs gülməli danışıq və hərəkətləri, lətifəyə çevrilmiş davranışları ilə yadda qaldı.

Ən böyük biabırçılığı isə "muştuluğumu verin, ermənilər qayıdır" ifadəsi oldu.

Ermənistanda yaşayan 200 mindən çox soydaşımızın zorakılıqla, vəhşiyanə bir şəkildə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana göndərildikləri bir vaxtda  Bakıdan getmiş bir neçə erməni ailəsinin geri qaytarılması Azərbaycanın  birinci şəxsini hədsiz dərəcədə xoşbəxt etmişdi.

Amma onun bu "xoşbəxtliy"i uzun sürmədi.

Qanlı Yanvar hadisələrindən sonra xalqın qəzəbindən qorxaraq hərbi təyyarəyə minib sevdiyi Moskvaya qaçdı.

***

Rusiyanın  kadrı  kimi  (sonradan o da Vəzirov kimi hərbi təyyarı ilə Moskvaya qaçdı) Azərbaycana rəhbər qoyulan  A.Mütəllibov da  iradəsiz və qətiyyətsiz  dövlət başçısı kimi tanındı.

Onun daha bir çatışmazlığı Azərbaycanı müstəqil dövlət kimi görə bilməməsində idi.

Moskvanın dediyi ilə durub-oturur, baş verən proseslərin  hara aparacağını, nə ilə nəticələnəcəyini aydın təsəvvür etmirdi.

NƏTİCƏDƏ: 

* Ordu quruculuğuna başlamadı;

* Qarabağdakı əhalini əliyalın və müdafiəsiz qoydu;

* SSRİ-nin dağıldığı bir vaxtda Moskvanın tapşırığı ilə onun qorunması və saxlanılması üçün  referendum keçirdi;

* Qarabağdakı azərbaycanlılar yaşayan kəndlərin qorunması üçün yaratdığı  OMON  isə sonradan dövlət çevrilişinə cəhd göstərdi;

* Ən nəhayət, xalqın və dövlətin ağır günündə postunu tərk edərək Moskvaya qaçdı.

Birbaşa Moskvanın əli ilə deyil, meydandan iqtidara gələn AXC-Müsavat cütlüyü Azərbaycanın müstəqilliyini istəsə də, bu barədə ağızları köpüklənə-köpüklənə danışsalar da, həmin müstəqilliyi bərqərar edərək yaşatmağa nə savadları, nə bacarıqları, nə də qabiliyyətləri çatırdı.

Prezident Ə.Elçibəydə nəinki iradə və qətiyyət vardı, heç komandasının üzvləri belə onun ağzına baxmır, saya almırdılar.

* Parlamentin sədri İsa Qəmbər prezidentliyə hazırlaşırdı;

* Etibar Məmmədov ayrıca partiya yaradaraq hakimiyyətə gəlmək eşqinə düşmüşdü;

* Baş nazir Pənah Hüseynovun ölkə iqtisadiyyatını idarə etmək barədə  təsəvvürü belə yox idi;

* Xarici işlər naziri Tofiq Qasımov heç bir xarici dil bilməyən adi fizik idi;

* Xəyanətkar müdafiə naziri Rəhim Qazıyev Rusiyanın ovaxtkı müdafiə naziri Qraçovun göstərişi ilə Azərbaycan ərazilərini ermənilərə verməkdən ötrü oyunbazlıqlar edirdi;

* Daxili işlər naziri İsgəndər Həmidov qoçuluqla, jurnalistləri döyməklə məşğul idi;

* Dövlət katibi Əli Kərimli isə populist  bəyanatlar verməklə  Ə.Elçibəyi yıxmaq barədə düşünürdü.

Məqsədləri yalnız rüşvətxorluqdan  ibarət olan təcrübəsiz, səriştəsiz və bacarıqsız insanlardan yığılan bu komanda qısa müddətdə ölkəni idarəolunmaz bir vəziyyətə gətirərək məhvolma həddinə çatdırdı, sonra isə vəzifələrini  "donduraraq" hərəsi bir tərəfə qaçıb getdi.

Prezident Ə.Elçibəyin  sələflərindən  fərqi bir onda oldu ki, o, Moskvaya deyil, öz kəndinə - Kələkiyə qaçdı.

***

Xalqın arzu və tələbi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev əsl rəhbər iradəsi və qətiyyəti  nümayiş etdirdi,  təlatümlər qoynunda çalxalanan dövləti necə idarə etmənin, sabitlik yaratmağın  nümunəsini ortaya qoydu!

Ömür bundan artığına vəfa etmədi...

Ulu Öndər Heydər Əliyev qurucu, yaradıcı rəhbər idi!

O, eyni zamanda bir neçə istiqamətdə fəaliyyət göstərməyi və başladığı  hər bir işi uğurla sona çatdırmağı bacarırdı.

Heydər Əliyev dahi və uzaqgörən siyasi xadim kimi  hadisələri  qabaqlayırdı.

O, Moskvanın məkirli oyunlarına qrossmeyster gedişləri ilə cavab verməyi bacarırdı.

* Əvvəlcə ölkəni xaos və anarxiya girdabından qurtararaq bütün sahələrdə qayda-qanun yaratdı.

* Ortaya möhkəm iradə qoyaraq əhalidəki külli miqdarda silah-sursatı yığdırdı, qanunsuz silahlı dəstələri tərk-silah etdirdi.

* Ölkədaxili vəziyyəti düzgün qiymətləndirərək böhrandan çıxış yollarını müəyyənləşdirdi, yeni ordu quruculuğuna başladı, uğurlu hərbi əməliyyat keçirərək Horadiz qəsəbəsi daxil 22 yaşayış məntəqəsini işğaldan azad etdi, Ermənistanla atəşkəs müqaviləsinin bağlanmasına nail oldu.

* "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın gələcək iqtisadi  inkişafına ünvanlanan uğurlu addım sayılırdı.

* Ölkənin MDB-yə üzvlüyü də dövləti  maraqlara xidmət edirdi.

Lakin düşmən geri çəkilmək niyyətində deyildi.

İki dəfə - 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında sapı özümüzdən olan baltaların əli ilə dövlət çevrilişi cəhdi törədildi!

Həyatı üçün ölüm təhlükəsi belə Ulu Öndər Heydər Əliyevi yolundan döndərə bilmədi!

Özündən əvvəlki üç dövlət başçısından fərqli olaraq, Heydər Əliyev nə postunu, nə də təyyarəyə minərək ölkəni tərk etdi.

Əksinə, üzünü xalqına çevirərək insanları dövlətə qarşı yaranmış təhlükə ilə birgə mübarizəyə səslədi.

Xalq öz rəhbəri ətrafında yumruq kimi birləşdi, qara qüvvələr biabırçı məğlubiyyətə uğradıldı!

Beləliklə, Ulu Öndər Heydər Əliyevin  möhkəm iradəsi  sayəsində ölkədə  dönməz sabitlik yaradıldı, Azərbaycanın müstəqilliyi əbədiliyə çevrildi.

***

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı sayılan cənab İlham Əliyev  başlanmış işləri uğurla davam etdirdi, xalqa verdiyi bütün vədləri  şərəflə yerinə yetirdi!

Prezident İlham Əliyev eyni zamanda bir neçə mühüm istiqamətdə fəaliyyət göstərirdi.

* Möhkəm iradə, açıq və qətiyyətli mövqe, hədəfə doğru dayanmadan irəliləmək dövlət başçısı cənab İlham Əliyevin  xarakterik xüsusiyyətidir.

* Siyasi fəhm, uzaqgörənlik, nəyi nə vaxt və necə etmək məharəti isə uğur və nailiyyətlərinin mayasını təşkil edir.

* Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir dünyanın ən nüfuzlu və sayılıb-seçilən liderlərindən sayılır.

Bu hörməti dünya dövlətləri ilə qurduğu qarşılıqlı marağa və faydaya əsaslanan münasibətlər, hamıya xeyir gətirən beynəlxalq layihələr əsasında qazanmışdır.

Bu gün Azərbaycan 10-u Avropa İttifaqının üzvü olmaqla 16 ölkəyə "Cənub qaz dəhlizi" vasitəsilə təbii qaz ixrac edir.

Müharibələr getdiyi, daşımalarda problemlər yarandığı  bir vaxtda təhlükəsizliyi ilə diqqət çəkən Orta dəhlizin işə salınmasına son hazırlıq işləri gedir.

İlham Əliyevin möhkəm iradə və qətiyyətinə 30 illik işğala son qoyulan çarpışmalarda  bir daha şahidlik etdik.

44 günlük Zəfər müharibəsində, əslində, üç cəbhədə döyüş  gedirdi.

Zəngilanlılarla son görüşündə həmin illəri xatırlayan cənab İlham Əliyev  maraqlı açıqlamalar verdi:

"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər".

İnformasiya və diplomatiya müharibəsində də Prezidentimiz eyni qətiyyət və iradə nümayiş etdirdi.

30-dan çox telekanala, qəzetə və informasiya agentliyinə verdiyi müsahibələrdə bütün məkrli sualları konkret faktlar və dəlillər əsasında  cavablandırdı, Azərbaycana ləkəyaxma cəhdlərini rədd etdi!

Diplomatiya sahəsində də eyni iradə və qətiyyətin şahidi olduq.

Cənab İlham Əliyevin irəli sürdüyü şərtlər yerinə yetirilməyənə, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılma qrafiki təqdim edilməyənə qədər hərbi əməliyyatlar dayandırılmadı.

Azərbaycan həm də ləyaqətli müharibə apardı, düşməndən qisasını döyüş meydanında aldı.

Cənab İlham Əliyevdən daha bir iqtibas:

"Bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi. Yaxşı, 30 il bu Zəngilan onların əlində idi, daşı daş üstə qoyardılar da əgər bu, onların torpağıdırsa. Zəngilanın o dağılmış məscidini biz konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın nə günə salmışdılar onlar bizim dini-tarixi abidələrimizi. Bu, onların idisə, tikib qurardılar da. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır - yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq".

* Bu gün Azərbaycan qətiyyətlə  sülh siyasəti yürüdür.

* Ötən il ABŞ-də Prezident D.Trampın iştirakı ilə imzalanan sənədlərə əməl edir.

* Ermənistanın blokadasını birtərəfli qaydada açaraq  dəmir yolu ilə ona hər cür  yüklərin mütəmadi  daşınmasına şərait yaradıb.

Sülh müqaviləsinin imzalanması üçün qoyulan şərt də dəyişməz və qətidir! Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi  iddiaları çıxarılmalıdır!

***

Srağagün Ermənistanda yeni seçkilər keçirildi.

Bu dəfə erməni xalqı  təkcə dövləti idarə edəcək şəxsi yox, həm də müharibə ilə sülh arasında seçim edirdi.

Ermənistanda kifayət qədər sülh tərəfdarı da var, qisasçılıq hissi ilə yaşayanlar da.

R.Koçaryan toy toğlusu kimi ortalığa düşərək yenidən hakimiyyətə gəlmək, xərclədiyi  pulların yerini rüşvət və korrupsiya, ianələrdən oğurlayacağı vəsaitlə doldurmaq niyyətindəydi.

Əliağa Vahidin məşhur qəzəlində maraqlı bir misra var:

"Xəstə çox şey dilər, əmma ona qismət olmaz..."

Məhv edilərək diz çökdürülmüş ordusu, on iki min fərarisi olan hayların qalib və qüdrətli  Azərbaycanın qarşısına nə ilə çıxacaqları aydın deyil.

Rusiyaya və ya Fransaya, durbinli casuslara da güvənmək axmaqlıqdır.

Hərəsi öz hayındadır.

Rusiya Ukrayna bataqlığından çıxa bilmir...

Makron isə legitimliyini itirən prezidentə çevrilməkdədir...

Daha İran vasitəsilə silah-sursat daşımaq da mümkün olmayacaq.

Azərbaycan isə qalib, iradəli və qüdrətli  Sərkərdəsinə, daim hazır vəziyyətdə olan  "dəmir yumruğ"a güvənir!

Nə qədər ki İlham Əliyev Azərbaycana rəhbərlik edir, heç kimdən və heç nədən qorxumuz və ya çəkinəcəyimiz yoxdur!

Yolumuz sülh yolu, ədalət yolu, nəsibimiz isə zəfər və qələbələrdir!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!