11 İyun 2026 08:00
2471
SİYASƏT
A- A+
Cənubi Qafqazda yeni dövr

Cənubi Qafqazda yeni dövr


Azərbaycanın sülh, təhlükəsizlik və regional bağlantılar strategiyası bölgənin inkişafının qarantıdır 

 

Cənubi Qafqaz regionu tarixinin ən dinamik, həlledici və köklü transformasiya dövrünə qədəm qoyur. Uzun illər boyu münaqişələr, qeyri-sabitlik və geosiyasi qarşıdurmalar meydanı kimi xarakterizə olunan bu coğrafiyada indi tamamilə yeni reallıqlar bərqərar olur. Danılmaz faktdır ki, yeni dövrün memarı, regional gündəliyi müəyyən edən və gələcək inkişafın strateji xəttini cızan tərəf məhz Azərbaycandır.

Son illərdə Bakının atdığı qətiyyətli addımlar təkcə ölkəmizin öz ərazi bütövlüyünü təmin etməklə məhdudlaşmadı, həm də bütün regionun təhlükəsizlik arxitekturasını yenidən formalaşdırdı. Bu yeni reallığın bariz geosiyasi təzahürlərindən biri kimi iyunun 8-də Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşü çərçivəsində imzalanmış İstanbul Bəyannaməsini göstərmək olar. Bu bəyannamə üç ölkə arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətləri özündə ehtiva edir.

Sənəddə regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulandı, bölgənin potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyəti qeyd edildi. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan boru kəməri və "Cənub qaz dəhlizi"nin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsi yüksək qiymətləndirildi. Orta dəhliz daxil olmaqla, ölkələrin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımlara diqqət çəkildi.

İstanbul Bəyannaməsi regional əməkdaşlığın və təhlükəsizliyin yeni hüdudlarını müəyyən edən strateji yol xəritəsidir. Eyni zamanda bu bəyannamə Azərbaycanın regionda artan çəkisini və onun təşəbbüslərinin beynəlxalq səviyyədə, xüsusilə də qardaş Türkiyə ilə müttəfiqlik müstəvisində necə güclü dəstək qazandığını nümayiş etdirir.

Regionda yaranmış yeni şərtləri anlamaq və qəbul etmək məcburiyyəti Ermənistanın daxili siyasi mənzərəsində də özünü aydın şəkildə büruzə verir. İyunun 7-də Ermənistanda keçirilən seçkilərin nəticələri və cəmiyyətin siyasi seçimi, əslində, revanşist ideyaların iflası və Azərbaycanın diktə etdiyi reallıqların qəbul edilməsi deməkdir. Erməni seçiciləri müharibə və xəyali "böyük Ermənistan" şüarları ilə çıxış edən radikal qüvvələrə "yox" deməklə, Bakının formalaşdırdığı yeni nizamla hesablaşmağın yeganə xilas yolu olduğunu təsdiqlədilər. Ermənistan xalqı, nəhayət, dərk etmək məcburiyyətində qalıb ki, ölkənin regional təcriddən xilası və qonşularla normal münasibətlər qurması üçün yeganə şansı Azərbaycanın sülh gündəliyi ilə hərəkət etməkdir.

Yeni dövrün vacib komponentlərindən biri regional təhlükəsizliyin tamamilə yerli və etibarlı mexanizmlər üzərində qurulmasıdır. Azərbaycan sübut etdi ki, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi kənar güclərin maraq oyunlarına alət edilməməlidir. Regional sabitlik ancaq qarşılıqlı suverenliyə hörmət və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında təmin oluna bilər. Məhz Bakının təklif etdiyi sülh modeli regionu hərbi poliqon olmaqdan çıxararaq uzunmüddətli əmin-amanlıq bölgəsinə çevirməyi hədəfləyir. Bu yanaşma region dövlətlərinin daxili işlərinə "humanitar" bəhanələrlə müdaxilə etmək istəyən kənar dairələrin planlarını iflasa uğradır.

Uzun illər boyu davam edən böhranlar göstərdi ki, üçüncü tərəflərin bölgəyə gətirdiyi həll variantları sülhə yox, birbaşa gərginliyin uzanmasına xidmət edir. İndi Cənubi Qafqazın qarşısında tamamilə yeni idarəetmə və iqtisadi inteqrasiya imkanları açılır. Bu kontekstdə, regionun tranzit potensialının tam gücü ilə işə düşməsi və yeni nəqliyyat dəhlizlərinin təhlükəsizliyi birbaşa olaraq sülh modelinin uğurundan asılıdır. Təsadüfi deyil ki, Bakının formalaşdırdığı yeni reallıq həm də regionda dayanıqlı rifahın və iqtisadi tərəqqinin əsas təminatçısı rolunu oynayır. Beləliklə, kənar diktələrdən azad olan Cənubi Qafqaz, nəhayət ki, öz daxili resursları və dinc qonşuluq siyasəti sayəsində qlobal arenada etibarlı tərəfdaşa çevrilmək şansı qazanır.

Təhlükəsizliklə yanaşı, regional bağlantıların, yəni nəqliyyat və logistika xətlərinin açılması da yeni dövrün əsas hərəkətverici qüvvəsidir. Orta dəhlizin və digər kommunikasiyaların aktivləşməsi Cənubi Qafqazı qlobal ticarətin mərkəzinə çevirir. Zəngəzur dəhlizinin (TRİPP) açılması həm Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirən strateji mərkəz kimi regionun iqtisadi potensialını dəfələrlə artıracaq. Bu bağlantılar təkcə iqtisadi mənfəət gətirmir, həm də region dövlətlərini bir-birindən asılı və maraqlı edərək müharibə risklərini minimuma endirir. İnteqrasiya olunmuş nəqliyyat şəbəkəsi regiona daxil olan investisiyaların həcmini artıracaq və hər bir ölkənin rifahına töhfə verəcək.

Cənubi Qafqaz artıq köhnə status-kvonun, dondurulmuş münaqişələrin təzyiqi altında qalan bölgə deyil. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, güclü diplomatiyası və uzaqgörən siyasəti sayəsində regionda tərəqqi, əməkdaşlıq və sülh prinsiplərinə söykənən tamamilə yeni eranın təməli qoyulub. Dövlətimizin başçısının nümayiş etdirdiyi sarsılmaz iradə kənar güclərin bölgəyə dair riskli təşəbbüslərini iflasa uğratdı, regionun gələcəyini yerli xalqların maraqlarına uyğun formalaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial xarici siyasət kursu regionu geopolitik rəqabət meydanı olmaqdan çıxararaq dinc-yanaşı yaşamaq modelinin tətbiq edildiyi təhlükəsiz bir məkana çevirdi. Bu qətiyyətli addımlar region ölkələri üçün kənar təsirlərdən uzaq, müstəqil inkişaf və iqtisadi tərəqqi imkanları açdı.

Rəsmi Bakının irəli sürdüyü regional bağlantılar strategiyası təkcə ənənəvi yolların açılması ilə məhdudlaşmır, həm də tamamilə yeni istiqamətləri və rəqəmsal hədəfləri əhatə edir. Müasir mərhələdə Azərbaycan nəqliyyat layihələrini ekoloji təmiz və texnoloji infrastrukturla sintez edir. Xəzər dənizindən Avropaya qədər uzanacaq "yaşıl enerji" kabeli və regionu qlobal internet şəbəkəsinə bağlayan fiber-optik magistrallar bunun bariz nümunəsidir. Bu addımlar bağlantı anlayışını fiziki yollardan çıxararaq rəqəmsal və ekoloji müstəviyə daşıyır.

Eyni zamanda Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizində həlledici rol oynayaraq bölgəni fərqli coğrafi ox üzrə birləşdirir. Bağlantıların iqtisadi səmərəsini artırmaq üçün Ələt Azad İqtisadi Zonası kimi yeni logistik qovşaqlar və azad ticarət modelləri formalaşdırılır. Bu isə qonşu dövlətlər üçün tranzit keçid olmaqla yanaşı, birbaşa istehsal və birgə biznes imkanları da deməkdir. Bu qlobal şəbəkəyə azad olunmuş ərazilərimiz də sürətlə inteqrasiya edilir. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan beynəlxalq hava limanları, çoxşaxəli magistrallar və dəmir yolları bütövlükdə regional nəqliyyat sisteminin sürətini və səmərəliliyini artırır.

Azərbaycanın təklif etdiyi yeni model regionda qarşılıqlı faydaya əsaslanan iqtisadi bağlılıq yaradır. Layihələrdə iştirak edən hər bir dövlətin eyni dərəcədə mənfəət qazanması Cənubi Qafqazda münaqişə risklərini minimuma endirən ən etibarlı təhlükəsizlik faktorudur. İndi region xalqlarının qarşısında duran əsas vəzifə Azərbaycanın yaratdığı bu tarixi imkanlardan istifadə edərək, ortaq və təhlükəsiz gələcəyi birlikdə inşa etməkdir.

Nəticə etibarilə, kənar diktələrdən və süni gərginliklərdən azad olan Cənubi Qafqaz Bakının liderliyi ilə sabitlik və stateji tərəfdaşlıq mərkəzinə çevrilməkdədir. Məhz Bakının formalaşdırdığı bu yeni reallıq bütövlükdə regionun sülh və rifahının qarantıdır.

 

İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib YENİLƏNİB 2

20:01
13 İyul

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda

19:26
13 İyul

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır

19:21
13 İyul

Baş katib Sohail Mahmud: D-8-in missiyası yeni əhəmiyyət qazanıb

19:14
13 İyul

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

19:01
13 İyul

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

18:51
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!